26 illik YAP hakimiyyətindən geri qalan Azərbaycan partlamaqda olan barıt çəlləyinə bənzəyir. İllər boyu əzildikcə əzilən, boğulduqca boğulan, yoxsullaşdıqca yoxsullaşan insanların əsəbləri tarıma çəkilib. İçəridə böyük davalar gedir, hakimiyyət, səlahiyyət, sərvət davası. On illərdir kresloya qırsaqqız olmuş adamların girovuna çevrilib ölkə. Bir-birinə düşmənçilik edən, bir-birinin ayağının altını qazan, bir-birinə nifrət püskürən adamlar cəmləşib ölkənin başında. Xalqı gözü görmür bu adamların, görmək belə istəmir. Hakimiyyətdə daha yüksək və daha geniş yer tutmaq uğrunda didişirlər. Bu didişmə gəlib lap sarayın içinə çatıb indi. Prezident Aparatının rəhbəri ilə Əliyev cütlüyünün arasındakı soyuq müharibə dərinləşir. Hakimiyyət daxilində klanların savaşı haqqında danışılanlar doğru çıxır. Hətta prezident özü də bunu etiraf edir, durumun dözülməz olduğunu bildirir. Onu işləməyə qoymayanlar var, amma onların adları açıqlanmır. O adamları nədən cəzalandırmır, görəsən İlham Əliyev? Nədən onları vəzifədən kənarlaşdırıb yerinə işinin sahibi olan adamları gətirmir? Qorxurmu onlardan, yoxsa başqa səbəb var?
“İqtidar daxilində islahatlara mane olan adamlar” olduğunu dedikdə, şübhəsiz, ilk növbədə Ramiz Mehdiyevi nəzərdə tutur ölkə başçısı. Xanım Əliyevanın boz kardinala olan nifrəti, bəlli ki, ona da sirayət edib. Təkcə ona yox, həm də MM-nin deputatlarına. Həmin deputatlardan biri danışır ki, boz kardinalın ölümünü səbrsizliklə gözlədiyini Prezidentin öz dilindən eşidib. Hətta onun ölümü şərəfinə deputatlara şou gecəsi düzənləyəcəyini belə vəd edib. Prezidentin dünən Hacıbala Abutalıbovu istefaya göndərərkən, bütün qocaları ondan nümunə götürməyə çağırması da təsadüfə oxşamır. Adam problemin bir yolunu tapıb Mehdiyevi təqaüdə göndərmək istəyir. Boz kardinal da ayağını dirəyib durub. Getməyə heç həvəsli görünmür. Görünür, özündən sonra yerində kimlərin oturdulacağını düşünüb depressiyaya düşür. Üstəlik, vitse-prezident xanımın onun komandasını darmadağın etmək planını da özünə sığışdıra bilmir, görünür. Qadının Milli Məclisi, PA-nı ələ keçirmək hikkəsi ağır gəlir hər halda yüz ilin qoca “partokratı”na. Bu didişmələrin axırı nə olacaq? Nə qədər davam edəcək xalqın əzilməsi hesabına saxlanan bu oyuncaq hakimiyyət? Azərbaycan dövlətçiliyi üçün əsl fəlakətə çevrilib bu rejim. Xalqa on illərdir böyük faciələr yaşadan bu rejimi dəyişmək lazımdır, həm də uzun çəkmədən.