Azərbaycanın repressiv rejimi həm də siyasi məhbuslara qarşı həbs yerlərində qəddar münasibətilə tanınır. Son günlərdə ölkə ictimaiyyəti növbəti belə qəddar davranış barədə məlumatlar alır. Siyasi məhbuslardan biri, AXCP funksioneri, Qarabağ qazisi Babək Həsənov hazırda saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində ciddi təzyiq altındadır. Babək Həsənov əslində Azərbaycan hakimiyyətinin uzun müddətdir hədəf aldığı müxalifətçi fəallardan biridir. O, hazırda ikinci haqsız məhkumluq həyatını yaşayır. Onu bundan əvvəl 2011-ci ildə müxalifətin etiraz mitinqlərindən birində həbs edərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdilər. Babək Həsənovun indiki həbsi 2018-ci ilin may ayına təsadüf edir. Onu və daha bir neçə nəfəri guya AXCP-yə qanunsuz maliyyə təşkil etdikləri üçün həbs ediblər. Həbs tamamilə uydurma ittihamlara söykənib və ittihamın saxtalığı məhkəmə araşdırması zamanı təsdiqini tapıb. Lakin bütün siyasi işlərdə olduğu kimi bu dəfə də məhkəmə Prezident Administrasiyasından verilən sifarişə uyğun olaraq həbs edilənlər barəsində azadlıqdan məhrum etmə hökmləri çıxarıb. Məhkəmənin hökmü ilə Babək Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib. Babək Həsənov eyni iş üzrə həbs edilən digərləri kimi istintaq dövründə ağır işgəncələrə məruz qalıb. Həbs olunanlar DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb və məhkəmədə təqsirləndirilənlərin öz ifadələrində göstərdikləri kimi, ağır işgəncələrə məruz qalıblar. Konkret Babək Həsənov elektirk cərəyanına qoşulub, Qarabağ savaşı zamanı güllə yarası aldığı onurğa sütununa məhz həmin yerdə yarası olduğunu bildikləri üçün zərbələr endiriblər və s.
Hazırda Babək Həsənova təzyiqlər saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində də davam edir. O, həbsxanaya köçürüldüyü ilk gündən müəssisə rəhbərliyinin qəddar rəftarı ilə qarşılaşıb. Onu dərhal həbsxanadakı cərimə kamerasına salıblar, ona qarşı insan ləyaqətini alçaldan rəftara yol veriblər və sağlamlığı üçün təhlükəli olan işlərə məcbur ediblər. Bu barədə məlumat ictimailəşəndən və cəmiyyətin baş verənlərə sərt etirazı ifadə olunandan sonra Babək Həsənova qarşı birbaşa fiziki zorakılığı dayandırıblar, lakin bu dəfə də başqa çirkin kampaniyaya başlayıblar. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi Babək Həsənovu tam təcrid vəziyyətində saxlamaq üçün digər dustaqlara onunla ünsiyyət saxlamağı yasaqlayıb və bu yasağa əməl etməyənlərin cəzalandırılacağı barədə hədə gəlib.
Həmin müəssisədə cəza çəkən başqa bir siyasi məhbus Əhsən Nuruzadə isə məhz bu yasağa məhəl qoymayıb, Babək Həsənovla ünsiyyət qurduğu üçün cəzalandırılaraq cərimə kamerasına salınıb. Hazırda Babək Həsənov həm dustaq yoldaşının qanunsuz cəzalandırılmasına, həm də özünə qarşı baş verənlərə etiraz olaraq aclıq aksiyasına başlayıb. Milli Şura hazırda Babək Həsənova qarşı törədilən anti-insani davranışa və Əhsən Nuruzadənin qanunsuz cəzalandırılmasına, eləcə də başqa siyasi məhbuslara edilən təzyiq və işgəncələrə özünün sərt etirazını bildirir, hakimiyyət orqanlarından bu əməlləri dayandırmağı tələb edir.
Milli Şura bəyan edir ki, günahsız yerə şərlənərək həbs olunan siyasi məhbusların üstəlik həbsxanalarda da belə anti-insani davranışa məruz qoyulması hakimiyyətin bütövlükdə demokratik düşərgəyə, öz rəqiblərinə aşırı nifrət və kinini göstərir, cəmiyyətdə yalnız hakimiyyətə qarşı hiddət və qəzəbi artırır. Hakimiyyət belə əməlləri ilə bütövlükdə ölkədə gərginliyi artırdığını dərk etməlidir. Milli Şura konkret indiki halda Babək Həsənova qarşı təzyiqləri dərhal dayandırmağa və Əhsən Nuruzadəyə tətbiq edilən qanunsuz cəzanın ləğvinə çağırır. Milli Şura həmçinin yerli və beynəlxalq ictimaiyyəti Babək Həsənovla Əhsən Nuruzadənin üzləşdiyi vəziyyətə, eləcə də bütövlükdə Azərbaycanda siyasi məhbus problemi və onlara həbs yerlərində edəilən təzyiqlərə daha həssas yanaşmağı, hakimiyyət orqanlarının bu insanlara qarşı törətdiyi hər bir qanunsuz, zorakı əməlinə adekvat reaksiya göstərməyə səsləyir.