AR Prezidenti bu gün “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Azərbaycan cəmiyyətinin və dövlət hakimiyyətinin bu ən ağrılı sahəsinə kardinal islahatlar gərəkdir və son vaxtlar rəsmi orqanlar və şəxslər, o sıradan ölkə başçısı da bunu etiraf edib. Fərman gözlənilirdi və bir çoxları düşünürdü ki, ciddi dəyişikliklər, yəni gerçək islahatlar başlanacaq.
Mən təbii ki, belə gözləntisi olan adamlar kateqoriyasına daxil deyiləm və düşünürəm ki, ölkədə mövcud olan idarəçilik sistemi, hakimiyyətin mahiyyəti hər hansı gerçək islahat imkanını istisna edir. Məncə belə də oldu.
Gəlin Fərmanda nəzərdə tutulan tədbirlərə baxaq.
Öncə onu deyim ki, Fərmanda bəzi pozitiv məqamlar var və onları qeyd etməyə dəyər.
Məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin bölüşdürülməsinin korrupsiyaya imkan verməyən və ya bu imkanı məhdudlaşdıran üsullarının tətbiqi, alternativ ekspertiza institunun və qurumlarının yaradılması, mediasıyanın tətbiqi, sahibkarlıqla bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi, kargüzarlıqla bağlı vəsaitlərin hakimlərin bank hesabına köçürülməısi, hakimlərin sayının 200 nəfər artırılması və s. pozitiv dəyişikliklərə şərait yarada biləcək tədbirlər sayıla bilər. Məhkəmə hakimiyyətinin indiki durumu, onun müstəqilliyinin vəziyyəti bu tədbirlərin uğurla tətbiqinə inam yaratmasa da, bütövlükdə tədbirlər fərmanın pozitiv notları sayıla bilər. Aydındır ki, hər şey əlahəzrət siyasi iradədən asılıdır və bizim də quşqumuz məhz onunla bağlıdır.
Fərman son illər bir neçə dəfə imzalanmış deklarativ fərmanlardan ciddi şəkildə fərqlənmir və onun əksər bəndləri məhkəmələrə və başqa dövlət orqanlarına vəzifələrini xatırlatmaqdan uzağa getmir. Dövlət orqanlarına qanuni vəzifələrini fərman vasitəsilə icra etdirməyə consuz uğursuz cəhdlər Azərbaycan hakimiyyətinin və hüquq tətbiqetmə praktikasının qüsurlu şakərinə çevrilib, bu Fərman da istisna deyil.
“Sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxmasını təmin etmək məqsədi ilə ixtisaslaşdeırılmış məhkəmələr yaradılması” planlaşdırılır. Bu nə deməkdir? Bəlkə vergi məhkəmələrinin yaradılması planlaşdırılır? Axı bu sahədə artıq iki məhkəmə sistemi yaradılıb – iqtisad məhkəmələri və inzibati məhkəmələr. Onlar özünü doğrultmurmu? Hətta bundan sonra da hakimlərin sahibkarlıqla bağlı mübahisələrə baxmaq üçün yetərincə bilik və təcrübəsi yoxdursa, indiyədək xərclənən milyonların hesabı kimdən sorulmalıdır? Hakimlərin imtahanları, təkmilləşdirilməsi, xarici ölkələrə səfərləri ilə bağlı gurultulu bəyanatların köpü nə tez alındı.
AR Ali Məhkəməsinə vahid məhkəmə təcrübəsi formalaşdırmaq təklif olunur. “Məhkəmələr və hakimlər haqqında” Qanunla bu, Ali Məhkəmənin birbaşa vəzifəsidir. Prezident bunu Ali Məhkəməyə neçə dəfə tapşırmalıdır? Ali Məhkəmə birbaşa vəzifəsini icra etməyibsə, onun sədri və hakimləri nə işlə məşğuldur?
Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, bilmirəm neçənci dəfədir ki, kimlərəsə tapşırılır. Bu vəzifənin icrasının çox sadə, asan və effektiv yolu var – Prezidentin bunu oz administrasiyasına qadağan etməsi. Ölkə oradan idarə edilir və bütün nailiyyətlərimiz bu orqanın adı ilə bağlıdır.
“Dövlət rüsumunun dərəcələrinə yenidən baxılsan, rüsumun müəyyən hissəsi məhkəmə aparatı işçilərinə ayrılsın”. Bu bədbəxt rüsümlara neçə dəfə baxmaq olar? Vəkillər və hakimlər artıq onları izləməkdən yorulublar. Vətəndaşlar isə ondan əllərini çoxdan üzüblər. Amma yenilik də var. İndi rüsümlar bədbəxt vətəndaşın hesabina artırılacaq və onun bir hissəsi məhkəmə aparatı işçilərinin maaşlarının artırılmasına xərclənəcək. Büdcəni dolduran vətəndaş həm də büdcənin əvəzinə məmuru yedizdirməli olacaq. Kəmərlərinizi bərkidin, vətəndaşlar. Cərimələrlə büdcə doldurmaq Azərbaycan qanunvericiliyinin başlıca inkişaf tendensiyasıdır.
“Məhkəmə iclaslarının audio yazısı aparılsın”. Bax, bu, əsl islahat tədbiridir. Bundan sonra heç bir hakim məhkəmə iclas pritokolunu saxtalaşdıra bilməyəcək.
“Ekspertiza təyin edilməsi üzrə tərəflərin hüquqlarının genişləndirilməsi” isə Fərmanın ən kardinal islahat tədbiri sayılmalıdır. Bununla da Azərbaycan ədalət mühakiməsinin bütün problemlərinin həllinə biryolluq nail olunacaq. Çünki məhkəmələrin çıxardığı tək-tük qanunsuz qərarlar məhz ekspertiza təyin edilməsi ilə bağlı tərəflərin hüquqlarının məhdud olmasından qaynaqlanır.
Məhkəmə proseslərinin effektivliyinin artırılması üçün mülki prosessual qanunvericiliyi təhlil etmək və onu təkmilləşdirmək üçün təkliflər vermək bir dəstə orqana tapşırılır. Bu bədbəxt mülki və inzibati-prosessual məcəlləyə nə qədər yamaq vurmaq olar? O yazıqların ən böyüyünün hələ 20 yaşı tamam olmayıb, şalvarının yamaqsız yeri yoxdur. Bir də ki, məhkəmə proseslərinin efferktiv olmamasında ən az günahkar elə məhz prosessual qanunvericilikdir.
VK-ya vəkillərin hakimlərlə alverinə son qoymaq tapşırılır. Yerinə yetirilsə, gerçəkdən islahat baş verə bilər.
MHŞ-də qaynar xətt yaradılmasının ədalət mühakiməsinə nə verəcəyini proqnozlaşdıra bilmirəm. Fiziki və hüquqi şəxslərin hakimlərdən şikayət imkanı qanunvericilikdə o qədər məhdudlaşdırılıb ki, o xətti nə qədər qaynatsan da şikayətçilərin canı qızmayacaq.
Bu Fərmanın məsuliyyəti onu imzalayandan çox hazırlayanların üzərindədir. Məncə Prezident islahatı administrasiyasından başlamalıdır…