Tunis estafeti Misirə, ikinci isə Yəmənə ötürdü
Tunisdə yeni hökumətin tərkibindəki köhnə nazirlər də istefaya getdi. Xalq Bin Əli iqtidarından heç nəyi xatırlamaq istəmir. “Nə qədər mümkündür, hakimiyyətdə qalmaq” prinsipinin belə nəticə verəcəyi bəlli idi. Bin Əlinin özü və ailəsi artıq geniş dünyada yarım ömürlük bir yer tapmırlar. Köhnə nazirlərin yeni hökumətdə qalmasına etirazların sosial psixoloji mahiyyəti odur ki, xalq Bin Əlidən heç nəyi yadigar saxlamaq istəmir, nəinki onun qoydurduğu heykəlləri, hətta nazirləri…
Dünya bu hadisələrə iki pəncərədən tamaşa edir. Birincidən demokratiyaya qovuşan xalqlar və onların hökumətləri baxır. Hər kəs öz tarixində bu cür şərəfli və yarıqaranlıq günləri yaşadığını yadına salır, qovuşduğu azadlığın qiymətini bilib, onu daha da möhkəmləndirmək, xırda iqtisadi maraqlara dəyişməmək haqqında qərarını yeniləşdirir, qətiləşdirir. Ikinci pəncərədən isə azad olmaq istəyən xalqlar baxır. Buxovlu, qandallı əllərini bir-birinə sürtərək, yaxşı mənada bir fürsət, bir təkan nöqtəsi axtarırlar… Onların bu mübarizəyə gec-tez qoşulacağı şübhə yaratmır… Amma daha şərəfli olaylar meydanlardadır.
Tunis Fransasız belə çalxalana bilməz. Bin Əli artıq fransızlara belə, söykənib ayaq üstə dura bilmədi. Çünki üstündə dayandığı yer (Tunis xalqının çiyinləri) onun ayaqları altından qaçdı. Bəli, diktatorlar üçün qiyamət dövrü başladı. Yerin ayaq altından qaçması da buna bir işarədir.
Misirdə nə baş verir?
On illərdir ki, Məhəmməd Hüsnü Mübarək Misir dövlətinin tək “qurtarıcısı”dır. Misirdə baş verənlər bu ölkənin siyasi modelini dünyaya yenidən sırımaq istəyən qüvvələrə sərt mesaj oldu. Indi artıq dini fundamentalistlərə və ya terrorçu qruplaşmalara alternativ olaraq tiranları göstərmək mümkün deyil. Çünki dünya son on ilin təcrübəsində gördü ki, bir yaramazlıq, başqa bir yaramazlığın alternativi ola bilməz. Ona görə də Misir müsəlmanların çoxluqda olduğu ölkələr üçün demokratiyanın alternativi kimi qalmaqda olan bir model idi. Və indi o model artıq sarsılıb. Ola bilsin ki, siz bu sətirləri oxuyarkən və ya ondan az sonra tamamilə yox olacaq.
Bizim görməli olduğumuz həqiqət budur ki, öz ölkəsindəki heykəllərilə gözü doymayıb, başqa bütpərəstlərin də bağlarını, parklarını şəxsi heykəlləri ilə bəzəyən Məhəmməd Hüsnü Mübarək artıq tarix olmaqdadır.. Heykəlləri də onu xilas edə bilmədi. Dünyada bir neçə diktator qalıb, onların bir çoxunun heykəlləri yoxdur, amma özlərinin də heykəldən fərqli bir fəaliyyətləri yoxdur.
Bura Yəməndir…
Yəməndə də insanlar baş qaldırıb. Əhali işsizliyə və səfalətə dözə bilmir. Bu, böyük etirazlar dalğası deyil. Ərəb dünyasının daxilində boğulmuş nəhəng enerjinin çatvermədən sonra yaratdığı sunamidir. Heç kim bunun qarşısını ala bilməyəcək. Vaxtilə Yəməndə ABŞ səfirliyinə hücum təşkil edən qüvvələr indi Yəmən xalqının hücumuna məruz qalıblar.
Qərb dəyərlərə sadiqdir…
ABŞ dövlət katibi Hillari Klinton öz çıxışında dəfələrlə vurğuladı ki, təmsil etdiyi dövlət həm Misirdə, həm də Tunisdə xalqın iradəsini dəstəkləyir, onların yanındadır. Xüsusilə, “Misir dövləti bizim üçün daha önəmlidir” ifadəsi diqqəti çəkirdi. Avropa Birliyi isə Tunisdə sabitliyin bərpası və iqtisadi böhranın dərinləşməməsi, təhlükəsizliyin təmin olunması üçün xüsusi paket qəbul edib.
Seymur Həzi