Emil Səlimov
AXCP Gənclər Komitəsinin sədri və Rəyasət Heyətinin üzvü
Bunları xeyli tərəddüddən sonra yazmaq qərarına gəldim. Söhbət ideyaların, mövqelərin dartışmasından getsə də, bəzilərinin onu “şivən” kimi qarşılayacağı ehtimalı az deyil və məhz bu üzdən kimlərinsə hörmətli İlqar Məmmədovla cəbhəçilər arasında hansısa dava olmasını düşünməsini heç istəməzdim. Ancaq nəticə çıxarılacağı halda bu yazının hamıdan çox İlqar bəyə faydası olacağını nəzərə alıb yazdım.
Yəqin ki, anladınız, söhbət İlqar bəyin Sevinc xanım Osmanqızına verdiyi müsahibədən gedir. Orada səsləndirilən bəzi fikirlər, yumşaq desək, situasiyaya və gerçəkliyə uyğun deyildi və həbslərlə ömrünü çürüdən, min bir məhrimiyyətə dözən, işsiz, pulsuz qalan mübarizə dostlarımla yanaşı mənə də çox toxundu.
Əvvəla ondan başlayaq ki, Milli Şuranın mitinqlərini “mövsümi” adlandırmaq, orada iştirak edən insanları “aqronom, almadərən” epitetlərilə bəzəmək bir az təhqirə bənzədi.
1. Hazırkı şəraitdə Milli Şuranın aksiyalarında iştirak etmək insandan böyük cəsarət tələb edir və heç də hər kəs həbs olunmaq, təqib edilmək, işdən çıxarılmaq, ailə üzvlərinə təzyiqlər edilmək təhlükəsini göz önünə alıb milləti naminə belə fədakarlığa hazır deyil. Məsələn, bu ilin yazında prezident seçkilərinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq Milli Şuranın təşkil etdiyi, “Müsavat” partiyasının qoşulduğu silsilə mitinqlərə ReAl belə cəsarət nümayiş etdirib qoşula bilmədi və Real rəhbərlərindən Azər Qasımlı Meydan TV-nin canlı yayımında bunu üzvlərinin təqib olunmasını, təzyiqlərə məruz qalmasını, işdən çıxarılmasını istəmədiklərilə əsaslandırmağa çalışdı. Demək, məsələ ilk növbədə cəsarət məsələsidir. Milli Şuranın mitinq komitəsinin iki sədrinin- Fuad Qəhrəmanlının və Gözəl Bayramlının, Mitinq Komitəsinin üzvləri Aqil Əli Məhərrəmim və Məmməd İbrahimin (artıq 2-ci dəfə) şərlənib həbs edilməsi, yüzlərlə fəalın mitinqöncəsi və mitinqsonrası inzibati həbs cəzası aldığı bir şəraitdə mitinq təşkilatçılarını və iştirakçılarını aşağılamaq bu fədakar insanların haqqına girməkdir.
2. Milli Şuranın təşkil etdiyi kütləvi aksiyalarda çıxış edən insanlara nəzər salaq: tarix elmləri doktoru, professor, dünya şöhrətli alim, keçmiş millət vəkili Cəmil Həsənli, AXCP sədri, keçmiş dövlət katibi və millət vəkili Əli Kərimli, nüfuzlu alimlər- elmlər doktoru, professor Nurəddin Məmmədli filologiya üzrə fəlsəfə doktoru, keçmiş millət vəkili Gültəkin Hacıbəyli, hüquq üzrə fəlsəfə doktoru Vidadi Mirkamal, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nemət Əliyev, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vahid Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, yazar Zümrüd Yağmur, tanınmış kino-senarist Eldəniz Quliyev, İstiqlalçı deputat İbrahim İbrahimli və b. Göründüyü kimi, bu insanlar arasında “almadərən” olmasa da “aqronom” adlandırıla biləcək bir şəxs var, o da ölkənin ən nüfuzlu kənd təsərrüfatı mütəxəssisi hörmətli Vahid Məhərrəmlidir. Elə bir mütəxəssis ki, hətta Milli Şuraya pataloji nifrəti olan hakimiyyət belə onun dəyərli məsləhətlərinə vaxtaşırı ehtiyac duyur.
3. Hörmətli İlqar bəy mitinqlərimizin mövsümi xarakter daşıdığını, əslində isə mitinqlərin yalnız konstitusion proses-seçki ərəfəsində keçirilməli olduğunu deyir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Şuranın bu ilin mart və aprel aylarında keçirdiyi mitinqlər prezident seçkilərilə, ötən ilin payızında keçirdiyi aksiyalar isə Konstitusiyaya edilən mürtəce dəyişikliklərlə bağlı idi – bəzi ReAl-çıların “niyə də yox” dediyi dəyişikliklərlə. Məgər prezident seçkiləri və Konstitusiyanın dəyişdirilməsilə bağlı referendum konstitusion proses deyil?! Amma Milli Şuranın seçki və referendum dövrünə təsadüf etməyən kütləvi aksiyaları da olub. Məsələn, İlqar bəy də daxil 150 siyasi məhbusa dəstək verməyi, onların şəkillərini qaldırmağı özümüzə mənəvi borc hesab edərək “Siyasi məhbuslara azadlıq” tələbilə mitinqlər keçirmişik. Bütün dünya 4 milyard dollarlıq Landromat şokunu yaşadığı bir vaxtda xalqımızın etiraz səsini dünyaya duyurmaq üçün mitinq keçirməyi özümüzə tarixi öhdəlik saymışıq və “Talana son” demək üçün meydana çıxmışıq. Əslində, bir siyasi qüvvə üçün yalnız seçkidən seçkiyə aksiya keçirmək, meydana girmək ən böyük nöqsan sayılır. Bir siyasətçi üçün “seçkidən-seçkiyə üzə çıxır” ittihamından ağır ittiham yoxdur. Əgər siyasətçi yalnız seçkidən seçkiyə xalqın istəklərini, dərdini, problemlərini dilə gətirirsə, demək onun marağı yalnız şəxsi, dar maraqdır. Siyasi institutlar xalqın danışan dili, dərdlərinin tərcümanı, haqq bağıran səsi olmalıdır. Təsəvvür edin ki, biz Milli Şura olaraq devalvasiya kimi siyasi-iqtisadi talan hadisəsinə etiraz etmirik, Landromat ifşalarına səssiz qalırıq, xalqın hər gün ağırlaşan sosial-iqtisadi durumuna münasibətdə susqunluq sərgiləyirik, bank-kredit soyğunçuluğunu görməzdən gəlirik və günlərin bir günü seçki ərəfəsində meydana çıxıb deyirik ki, gəlmişik bizə səs verib prezident və ya deputat seçəsiniz. Bizə deməzlərmi ki, hansı mənəvi haqla xalqdan səs istəyirsiniz?! Deyərlər, çox haqlı olaraq da deyərlər.
4. Silahlı yolla hakimiyyəti ələ almaq məsələsi o qədər qeyri-adekvat idi ki, bu barədə danışmaq da artıqdır məncə. İnsafən, Nardaran hadisələrindəki qanlı-işgəncəli və xoşbəxtlikdən, uğursuz cəhdi çıxmaqla, hətta hakimiyyət də bizə qarşı belə əsassız ittihamla çıxış etməyib. Siyavuş Novruzovun, Zahid Oruc və Əli Həsənovun belə ağlına gəlməyən absurd ittihamları gərək siz də müxalifətçi həmkarlarınıza yönəltməyəydiniz. Siz axı çox yaxşı bilirsiniz ki, biz saxta, nəticəsi əvvəlcədən bilinən seçkilərdə iştirakın əleyhinə olsaq da silahlı mübarizəni heç vaxt ağlımızın ucundan da keçirməmişik. Siz axı şərlənməyin, böhtana məruz qalmağın nə qədər ağır olduğunu bilirsiniz. Özünüzə rəva görmədiyinizi başqalarına da etməyin.