Satışı qadağan olunmuş məhsullar yenə satışdadır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə gün öncə “Çudo Peçka” MMC-yə bir sıra məhsulların – ət, ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik, dönər, eləcə də biskvitli, kremli, ballı, xamalı tortun istehsal və satışını qadağan etməsi barədə xəbərlər yayıldı.
Çox keçmədi ki, “Çudo Peçka” baş verənlərlə bağlı açıqlama yaydı. Açıqlamada şirkət vətəndaşlara keyfiyyətsiz məhsul satmasını müvafiq sənədlərin tam qaydasında olmaması ilə izah edib.
Şirkətin mətbuat xidmətinin rəhbəri Vüqar Baba mediaya açıqlamasında bildirib ki, “Çudo Peçka”larda bütün tortların satışına qadağa qoyulmayıb: “Ancaq mətbuatda yanlış olaraq belə yazılıb. Şirkətdə yalnız biskvitli, kremli, ballı, xamalı tortun satışı dayandırılıb. Hazırda başqa növ tortların istehsalat və satışı davam edir”.
Vüqar Baba onu da qeyd edib ki, komitənin araşdırmasından sonra onlar da hərəkətə keçib və nəticələr üzrə cavabdeh əməkdaşlar məsuliyyətə cəlb edilərək ciddi cəzalandırılıb: “Bir müddətdir ki, bəzi məhsulların istehsalı müvəqqəti olaraq dayandırılıb. Bunun səbəbi həmin məhsullar üçün müvafiq sənədlərin tam qaydasında olmamasıdır. Artıq həmin məhsulların da sənədləşdirilməsi işinə başlanılıb. Bu proseslər tam yekunlaşdıqdan sonra ”Çudo Peçka” həmin məhsulları da tezliklə yenidən satışa çıxarmağı planlaşdırır. Eləcə də dönər məhsulu ilə bağlı sənədlərdə bəzi çatışmazlıqlar var idi. Artıq həmin sənədləşmələr də tam qaydasına salınıb. Tezliklə dönərin və digər məhsulların satışı bərpa olunacaq”.
Ötən gün “Çudo Peçka”larda olub kiçik bir sorğu apardıq. “Çudo Peçka” mağazalarında qoyulan qadağaların bəzilərinə əməl olunur. Bəzi dükanlarda mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik, dönərin satışı bir neçə günlüyə dayandırılıb. Ancaq ət, ciyər peraşkisi satılır. “Çudo Peçka” mağazalarında çoxlu növdə tortlar satışdadır. Söhbətləşdiyimiz şəxslər deyir ki, mağazaların mətbəxi natəmiz deyil: “Bəzi mağazalarda mətbəx təmir edilmədiyi üçün belə qənaətə gəlmək olar. Ancaq son zamanlar ”Çudo Peçka”nın bütün dükanlarında təmir işləri görülüb. Əksəriyyəti başa çatıb. Bir-iki dükan qalıb ki, onlar da yaxın zamanlarda təmir olunacaq”.
Ramin DEKO