Ramil Səfərov məsələsində bu ölkənin ağlı başında insanları nə dedilər? “Bunun üzərində qəhrəmanlıq dastanları düzəltməyin, dünyanı üstümüzə qaldırmayın, Azərbaycanın da tıpkı Ermənistan kimi, şovinizmdən, qətllərdən, qandan mədət umduğu görüntüsü yaratmayın” dedilər.
Hələ-hələ, “Ramil Səfərovun beynəlxalq hüquq sarıdan natamam, kasad ekstradisiyasını özünüzün siyasi təbliğat və vətənşüvənlik şoularınıza alət etməyin” dedilər.
Eşitmədiniz, dinləmədiniz. Sağdan-soldan “vətən xaini”, “millət düşməni” damğalarının biri bir qəpik oldu.
Evinə günlərlə doğru-dürüst su gəlməyən adamlara “erməni dəyirmanına su tökən” ittihamları aldı başını, getdi.
Sizin demədiyiniz, bizim eşitmədiyimiz təhqir, böhtan qalmadı. Halal xoşunuz olsun. Nə də olsa, biz adətkardayıq artıq belə vətənşüvənliklərə, topuqdan aşağı, zəkadan qıt suçlamalara, söyüşlərə.
Indi sizə sevimli deputatınız, elə özü də bir ara sizə qoşulub Ramil Səfərov məsələsində soyuq və ayıqbaşla düşünən hər kəsi topun ağzına qoyub atmağa hazır olan Azay Quliyevin açıqlamasını təqdim edirəm. Buyurun, oxuyun. Oxuyun və doğrudan da, dediyiniz qədər vətənpərvərsinizsə…
Söhbət mövzusu Qarabağ olunca, doğrudan da, bu qədər barışmazsınızsa, dədənizə belə, güzəştə getməzsinizsə…
Ramil Səfərov mövzusunda ayağını yan qoyana həddini bildirməkdə belə israrçısınızsa, göstərin mərifətinizi.
Bir jurnalistin, bir yazarın, bir söz adamının üstünə hücum çəkə, ağzınızı Allah yoluna qoyub istədiyiniz nifrini, hədyanı püskürə bildiyiniz qədər hökumətin də üstünə gedin, ondan da hesab istəyin, onu da sorğulayın, sübut edin ki, bu məsələdə sizin, hətta hökumətdən də bir çəkinəcəyiniz, qorxunuz yoxdur, ona da güzəştə getməzsiniz.
Buyurun, bu da cəmi bir ay əvvəl biz dedikdə yeri-göyü inlətdiyiniz, amma indi hökumətin Azay Quliyevin ağzı ilə dediyi o sözlər:
“Azərbaycan hökuməti Ramil Səfərovu heç vaxt qəhrəman hesab etməyib. Onun hərəkətləri rəsmi səviyyədə heç vaxt bəyənilməyib və haqq qazandırılmayıb. Biz Ramil Səfərovu, həmçinin Qurgen Markaryanı, Ermənistanın Azərbaycana təcavüzünün qurbanları hesab edirik” (http://modern.az/articles/29567/1/).
Qarabağ dərdi çəkənlər, bəs Qarabağ veteranının dərdi?
Mənsə, onsuz da başından bəri bir yaptokratın vətən mövzusunda danışmasından gülməli nə ola biləcəyini təsəvvürümə də gətirmirəm. Bir yaptokrat vətən haqqında danışanda mənə elə gəlir, dünyanın ən gülməli lətifəsini dinləyirəm.
Bunun üçün əsasım da var.
Vətəni sevirlərsə, bəs vətəndaşı niyə sevmirlər?
O vətəni vətəndaşın başına niyə dar edirlər?
Niyə vətəndaşlar vətənində iş, çörək tapa bilmirlər, bunun üçün qürbətə üz tuturlar?
Niyə vətəndaş bunların zülmündən baş götürüb qərib ellərə sığınır?
Ona görəmi ki, vətəndaş olmayanda, o vətəndən dərbədər düşəndə vətənə ağalıq etmək daha asandır, nə də olmasa, vətəndaş yoxdursa, problem də yoxdur.
Axı niyə heç kim fikirləşmir ki, bizə Qarabağ dərsi keçənlərin ölkəsində niyə vətəndaş qaragünlüdür?
Buyurun, hər oğurluğu, hər talanı Qarabağ dərdinin arxasında gizlədənlərin bir Qarabağ veteranını düşürdüyü duruma baxın: iki böyrəyini itirmiş Iradə xanım müalicə olunmağa pul tapmır, yaşamaq istəyir, amma onu yaşadacaq müalicəyə imkanı yoxdur.
Iki övlad anası olan bu gənc xanımın fəryadı günlərdir sosial şəbəkələrdə hamının içini sızladır, amma Qarabağ dərdi ancaq çirkli, qara pullarını gizlətmək lazım gələndə yadlarına düşən yaptokratlar qulaqlarını bu fəryada, bu yardım çağırışına tıxayıblar.
Sevgili oxucular, bir qrup yazar olaraq, bu gün biz yazılarımızı Qarabağ veteranının xəstə xanımına yardım üçün yazırıq. Bu gün yazacağımız yazının qonorarını onun yaşamasına azacıq da töhfədə bulunmaq üçün adına açılmış hesaba köçürəcəyik.
Bu, yardım olmaqdan çox həm də sizlərin də diqqətini Iradə xanımın proobleminə yönəltmək məqsədi daşıyır.
Eyni duyarlılığı sizdən də gözləyirik. Sizin də imkanınız çatan qədər bir Qarabağ veteranının ailəsinin yükünü xəfiflətməyə yardımçı olmağınızı istəyirik.
Çağırışımıza qoşulmaq istəyənlər aşağıdakı bank hesabına ödənişlər edə və ya (051) 507 01 36 nömrəli telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Azərbaycan Beynəlxalq Bankı
Kod: 805669
VÖEN: 9900001881
SWIFT: IBAZAZ2X
Müxbir hesabı: AZ03NABZ013550100000000002944
Hesab sahibi: Qurbanova Iradə Nikolay qızı
Hesab nömrəsi: 33801019442308825208