Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıya konsert verməyə gətirilən müğənni Rihanna ilə bağlı sosial şəbəkədə paylaşdığı statusu oxumusunuzmu?
Adam cəmi dörd cümləlik statusla intellektini, savadını ortaya qoyub.
Məsələ Anar Məmmədovun savadsızlığında deyil – ana dilinin qramatik qaydalarını bilməmək, Rihannanın adında belə səhvə yol vermək, “və” bağlayıcısından əvvəl (həm də iki yerdə) “vergül” qoymaq faciənin yarısıdır. Ancaq, “bu gün Rianna ilə bağlı uydurma xəbərlərdə adım sadalandı”, – cümləsini profilində yaymaq artıq savadsızlıq deyil, – akademik Marrın məntiqilə desək – təfəkkürün olmamasıdır ki, Çingiz Aytmatov hamının əzbərinə çevrilən məşhur adla bunu çox gözəl ifadə edib.
Biabırçılığı ört-basdır üçün hətta cəhd də etməyin: “Anar Məmmədovun profili deyil”, “bəlkə onun adından kimsə belə savadsız status yazıb…” kimi çıxış yolları arayanlara “zqan.com” saytını açmalarını və ZQAN prezidentinin kiçicik müraciətindən bir neçə cümlə oxumağı məsləhət görürəm. Anar Məmmədov yazır: “Azərbaycanda əməliyyatları başladığımız (?) 2003-cü ildən etibarən bütün həyata keçirdiyimiz layihələr uğurlu olmuşdur. Bizim üçün uğurun yeganə ölçüsü yalnız şirkətlərimizin əldə etdiyi gəlirin dinamik artım (?) deyil…”.
Saytında yazdığı müraciətlə sosial şəbəkəsindəki statusunu müqayisə edin… Adam ölkənin ən iri şirkətlərindən olan ZQAN Holdinqin prezidentidir; bu savadla, bu ağılla, bu qabiliyyətlə Anar Məmmədov o yekəlikdə şirkətlər qrupu yarada bilərmi?..
Məmmədovlar ailəsi haqqında təsəvvürünüz aydınlaşdımı? Ölkəni kimlərin idarə etdiyini Məmmədovların timsalında anlaya bilirsinizmi? Yox?
Onda bu ailəyə aid daha bir faktı xatırlayın: sentyabrın 27-də, cəmi 12 gün bundan əvvəl Akif Yaqubov ad-soyadlı bir valideyn Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın rüşvət yığmasından prezidentə şikayət ünvanladı. Nəticəsi?
Təhsil naziri Misir Mərdanov heç bir utanc hissi keçirmədən cavab verdi: “Mən o xanımı yaxşı tanıyıram. Bu yazılanlar, deyilənlər ona qarşı böhtandır”.
Bu sözləri dilə gətirmək üçün insanda üz lazımdır, üzzz! Mən – şəxsən özüm – Məhbubə Məmmədovanın rüşvət biabırçılığı ilə bağlı ötən ilin sentyabrında Təhsil Nazirliyinin “qaynar xətti”nə ÜÇ DƏFƏ müraciət etmişəm. Hər dəfə zəng edəndə telefon dəstəyini qaldırandan soruşmuşam: “Səsimi qeydə alırsınızmı?”. Təsdiq cavabından sonra adımı, soyadımı, ünvanımı söyləməklə 66 saylı orta məktəbin – “Tərəqqi” liseyinin direktorunun övladımın birinci sinfə qəbul olunması üçün məndən MIN MANAT rüşvət istəməsini danışıb, tədbir görülməsini tələb etmişəm.
Ardarda etdiyim üç şikayətin və ölkənin ən iri qəzetində bu haqda yazdığım ALTI yazının heç biri araşdırılmayıb. “Niyə məni dəvət etmirsiniz”, – deyə çığırıb-bağır salmışam, “narahat olmayan, nazir məlumatlandırılıb”, – cavabını almışam.
Ancaq “məlumatlanan nazir” bir ildən sonra Məhbubə Məmmədovaya qarşı irəli sürülən növbəti rüşvət ittihamına “böhtan” deyə bilirsə, bu kəlməni ağzına almağa ləyaqəti, şərəfi, vicdanı çatırsa, Misir Mərdanov kimdir? Misir Mərdanovun bu miskin durumuna məndən çox ağrınan ikinci adam tapa bilməzsiniz. Bu insan cəmi 20 il əvvəl BDU-da ən çox sevdiyimiz müəllim idi: prorektorumuzun vicdanı, tələbənin haqqını qoruması ilə fəxr edirdik; Misir Mərdanovun ləyaqəti ilə öyünürdük…
Bəs, bu şərəfli müəllimi kim bu hala saldı? Onu – utanıb-qızarmadan yalan danışmağa kim öyrətdi? Onu – Məhbubə Məmmədovaya “rüşvətxor” ittihamını irəli sürən valideynə heç bir araşdırma aparmadan “böhtançı” deyəcək səviyyəyə düşürən nə oldu?
Görün, nə gündəyik: bu, Nəqliyyat naziri Ziya Məmmədovun – ölkənin ən iri oliqarxının süpürgəpulu yığan bacısı, ZQAN boyda holdinqi “yaradan” və milyonluq ayı yeməsi barədə şayiələr dolaşan savadsız oğlu, bu da mənim Təhsil nazirim Misir Mərdanovun ləyaqəti!
Baxın və “dəbdəbəli həyat səviyyəsinə” görə qarşısında diz çökdüyünüz (mənim millətimin xarakteridir – adamı geyiminə görə qarşılayıb, ağlına yox, puluna görə yola salır), ayağı altında payəndaz olduğunuz insanların kimliyini görün!
Nəticə çıxaracağınıza qətiyyən inanmıram, amma heç olmasa, dərk eləyin – Çingiz Aytmatovun məşhur obrazına çevrilməmisinizsə…