Liberalları hakimiyyətə gətirən rəngli inqilabların ardınca yenidən siyasətin olimpinə konservatorlar gəldi. Mən o mənada Gürcüstanı da təsadüfi hesab etmirəm. Bəli, V.Yuşşenkonu V.Yanukoviç əvəz etdi və M.Saakavili isə eyni minvalla populist B.Ivanişviliyə uduzdu. Burada mən dərhal “Nə dəyişdi?” sualını yazardım. Amma tələsmirəm, hər şeyin öz vaxtı var. Bu sual onsuz da tez bir zamanda gündəmə gələcək. Ümumiyyətlə, Rusiya dalğasında və fonunda hakimiyyətə gələnlərin siyasi iflasını çox gözləmək lazım gəlmir. O saat yadıma elə öz Azərbaycanımız düşür. AXC hakimiyyətini Rusiya-Iran cütlüyü ilə düzgün siyasət aparmamaqda qınayanlar bu ölkələrlə münasibət məsələsində sıçrayış edəcəklərini vəd edirdilər. Amma nə baş verdi? Insan kütləsi tez bir zamanda başa düşdü ki, sovet münasibətləri artıq birdəfəlik keçmişdə qaldı. Indi mən B.Ivanişvilinin Rustavidə işsiz insanların önündə çıxışına qulaq asırdım. Insanlar onu dinləyir və ümid edirdilər ki, bu sənaye şəhəri özünün əvvəlki tutumunu qaytaracaq. Amma onlar bilmir ki, hətta o Rusiyanın özündə belə artıq böyük zavodlar işləmir. Ümumiyyətlə, isə bunu bir sindrom kimi qəbul etmək lazımdır. Mən buna milli infantilizm deyərdim, çünki bəzi ölkələrdə insanlar hələ çox şeylərə inanırlar, o cümlədən nağıllar aləmindən olan vədlərə. Qərbdə heç bir siyasətçi demir ki, mən işsizliyi tam ləğv edəcəm, çünki bu, heç vaxt mümkün deyil, müəyyən qədər işsizlik hər bir vaxt qalır və hətta az miqdarda işsizlik iqtisadiyyatın inkişafına təkan da verir. Eləcə də Qərbdə siyasətçilər iş yerləri açacaqlarını da bəyan etmir və bu xüsusda da vəd vermirlər, çünki onların vəzifəsi iş yerləri açmaq deyil, iqtisadi iqlimi, mühiti yaxışlaşdırmaqdır. Iş yerlərini açmaqsa iş adamlarının borcudur. O ki qaldı başqa bir məsələyə, mən siyasi hakimiyyətə can atan iş adamlarına həmişə şübhə etmişəm. Onlar bunu öz sərvətlərini və iqtisadi hakimiyyətlərini bir az da artırmaq üçün edirlər. Yadıma gəlir ki, bir neçə il bundan əvvəl bir ABŞ milyardçısı prezidentliyə namizədlyini irəli sürmüşdü.
Lakin o, seçilmədi, çünki hərənin öz işi var. Stabilləşməmiş və oturuşmamış ölkələrdə iş adamlarını siyasi hakimiyyət şirnikləndirir. Insanlar da düşünür ki, əgər bu adamlar başqa sferada sərvət toplayıblarsa siyasətdə təmiz və şəffaf olacaqlar. Amma belə deyil. Hansısa iş adamı deyil, siyasət adamı tək tanınan M.Saakaşvili Gürcüstanda korrupsiyaya son qoydu. Bəzən belə fikir səslənir ki, kapitalizm özü şəffaflıq və demokratiya yaradır. Amma bu yanlış fikirdir. Hansı iş adamı özünə nəzarəti arzulayar? Hansı iş adamı istəməz ki, on yerə müraciət etməkdənsə, bir nəfərə rüşvət verib öz problemini çözsün?
Qərbdəki kapitalizm uzun illər ərzində indiki hala gətirilib və onun bu şəklə salınması üçün insanlar sözün əsl mənasında tər töküblər. Elə ona görə də iş adamlarını da mələk hesab etmək düzgün deyil. Indi siyasət adamlarının iqtisadi konsepsiya ilə təmin olunmasında problem yoxdur, onlar bunları öz iqtisadi komandaları ilə edirlər. Lakin iş adamlarının siyasət adamlarına və diplomatlara çevrilməsində həmişə problem olub və bu problem həmişə öz xüsusiyyətlərini büruzə verir, çünki illər ərzində toplanmış vərdişləri dəyişib onlara yeni məzmun vermək heç də asan olmur. Ona görə inanmıram ki, B.Ivanişvilidən əsl siyasətçi alınsın. Hətta deyərdim ki, tarix Saakaşvilini növbəti dəfə sınağa çəkir və ona yeni missiya hazırlayır. Ən azı ona görə ki, Rusiya dalğasında hakimiyyətə gələnlərin ölkəni təzədən boyunduruğa və əsarətə sala bilməməsi üçün əsl güclü və milli müxalifətə ehtiyac var. Bunu indi Gürcüstanda yalnız M.Saakaşvilinin başçılıq etdiyi blok bacarar və ona tarixin özü bu siyasi mandatı verir.
Kiçik sözardı
Yazının başlığı bəlkə də bir az çaşqınlıq yaradacaq, çünki əvvəlki yazılarda mən gürcülərə yalnız yaxşı uğurlar arzulamışam. Indi də bu fikirdəyəm və o fikrimdə qalıram ki, gürcü cəmiyyəti çox mətin bir cəmiyyətdir. Amma onu da qeyd etməyi vacib hesab edirəm ki, B.Ivanişvilinin vədlərindən kökə əldə etmək də çətin məsələ olacaq. Mən onun vədlərinə inanmıram. Amma arzu edirəm ki, bu seçim heç olması gürcü cəmiyyətini geri aparmasın…