Nazirin rəqibləri Elşad Abdullayevi DIN-in yüksək rütbəli zabitləri ilə bağlı videoları yaymağa təhrik edirlər
Sabiq rektor hansı generalla görüşüb və ona nə qədər pul verib?
Elşad Abdullayev daxili işlər naziri Ramil Usubovun əleyhinə videomatariallar yayacaq. Bu barədə məlumatı “Reytinq” qəzeti yayıb. Məlumata görə, Ramil Usubovun rəqibləri Elşad Abdullayevi təhrik edirlər ki, qardaşı Mahir Abdullayevin tapılması üçün DIN-in yüksək zabitləri ilə keçirdiyi görüşlərin videomateriallarını yaysın.
Oxucuların diqqətinə çatdıraq ki, Elşad Abdullayev prokurorluğa ifadəsində (həmin ifadə bir müddət əvvəl “Azadlıq”da dərc olunub) qardaşının tapılması ilə bağlı daxili işlər nazirinin müavini mərhum Zahid Dünyamalıyevlə, DIN Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşı Ağa Abbasovla görüşdüyünü qeyd edib. Həmin ifadədən bir hissəni təqdim edirik: “Nazirin (Ramil Usubov nəzərdə tutulur) qəbulundan çıxandan sonra Dünyamalıyevin otağına getdik. Zahid Dünyamalıyev Mahir hqqında məlunat topladı, təxminən 30 dəqiqə ümumi tanışlıq barədə söhbətlər etdi, bizə ehtiyatlı olmağı məsləhət gördü, dedi ki, onun da oğlunu oğurlayıbmışlar və uşağı oğurlayan çeçenlərə Moskvaya uçan təyyarədə pul verib uşağı azad etdiribdir.
Bundan başqa, danışdı ki, “sığorta Mamed”in oğlunun, atası səhv etdiyinə görə qulağını kəsib atasına göndəriblər. Bu səbəblərdən maksimum ehtiyatlı olmağı tövsiyyə etdi, səhvə yol vermək olmaz, habelə, zəruri tədbirlərin görüləcəyi barədə bizi əmin etdi. Odur ki, işin Zahid Dünyamalıyevə tapşırılması və həm də Arzu Kazımovskinin mənimlə söhbətində Zahid Dünyamalıyevin adını çəkməsi məni onun sözlərinə inandırdı. Arzunun bu işin çox ağır başa gəldiyini, Mahirin “yalnız general Zahid Dünyamalıyev tərəfindən geri qaytarıla bilər” sözlərini işlətməsi və hadisədən qısa müddət sonra Rövşanə adlı bir qadının meydana çıxması, onun Arzu Kazımovskini dəstəkləməsi məni onlara inanmağa sövq etdi. Bu söhbətdən sonra Zahid Dünyamalıyevlə onun iş otağında və onunla işbirliyi quran Arzu Kazımovskinin şirkətində dəfələrlə söhbətimiz olmuşdur. Belə ki, söhbət zamanı Zahid Dünyamalıyev çox gizli şəkildə məni başa salmağa çalışırdı ki, Mahiri sağ-salamat geri qaytarmaq üçün külli miqdarda pul lazımdır. Həmçinin, Zahid Dünyamalıyev və Arzu Kazımovski mənimlə söhbət əsnasında məni başa salmağa çalışırdılar ki, bu işdən başqa bir adam xəbər tutsa, yəqin ki, həmin danışan adamın aqibəti yaxşı olmayacaqdır. Tez-tez “sığorta Mamed”in oğlunun başına gələn hadisəni danışırdılar. Məhz, qardaşım Mahirə xətər gəlməsin deyə, mən onların bütün şərtlərini yerinə yetirirdim…
…Şəxsən Arzu və Zahid Dünyamalıyevlə birlikdə Zahid Dünyamalıyevin Bilgəhdəki Istirahət pansionatında və onun xidməti otağında Mahirin qaytarılması üçün veriləcək pulun məbləği barədə dəfələrlə aramızda söhbət olmuşdur. Şəxsən bu prosesdə Zakir Nəsirovun qudası, əvvəllər DIN-də işləmiş Ağa Abbasov da iştirak etmişdir. Mahirin qaytarılması ilə bağlı Arzu Kazımov və Zahid Dünyaçalıyevlə bütün danışıqlar qurtardıqdan sonra, məhz, Zahid Dünyamalıyevin xeyir-duası və Arzu Kazımovun evində gedən məsləhətləşmələrdən sonra məndən qardaşım Mahirin qaytarılması üçün qohum-əqrəbadan məcbur qalıb yığdığım ümumi miqdarı 3 milyon ABŞ dollarını onlara verdim. Rəsmi qaydada 1,5 milyon ABŞ dollarını Arzu Kazımovskiyə, qalan hissəsini isə Zahid Dünyamalıyevə onun DIN-dəki xidməti otağında və Bilgəh pansionatında qaldığı mənzildə təhvil verdim. Belə ki, Arzu Kazımovskiyə və Zahid Dünyamalıyevə 3 milyon ABŞ dollarının verilməsi aşağıdakı qaydada olmuşdur”.
Güman ki, söhbət bu görüşlərin videosundan gedir.