Zəlzələ zonasında evin 1 kvadratı 500 manata rəsmiləşdirilir
İkiotaqlı evin smeta dəyəri 37 min manat təşkil edir
Zaqatala və Qaxda baş vermiş zəlzələ zonalarında vəziyyət gərgin olaraq qalır. Işlər pis gedir, qarşıdan gələn qış mövsümü fonunda planlaşdırılan işlərin cüzi bir hissəsi yerinə yetirilib. Dövlət Komissiyası 3482 evə və 32 məktəbə 6 ballıq zəlzələ nəticəsində ziyan dəydiyini bildirib. Zaqatalada 2732 ev dağılıb, 278-i təmir olunmalıdır. Zəlzələdən beş ay keçdikdən sonra yalnız bir neçə ev tikilib. Dağılmış 21 kənd məktəbindən yalnız ikisi tikilib.
Yerli hakimiyyət şaxtalar düşənə kimi 2 min evin tikiləcəyini vəd edir ki, bu da işlərin sürətini nəzərə alsaq, şübhə doğurur. Evlərin təmirindən söhbət belə getmir.
Zaqatalanın Bazar kəndində sakinlər bildiriblər ki, tikintilərdə işçi çatışmır. Bu, əmək haqqının aşağı olması ilə əlaqədardır. FHN-in nümayəndələri sakinlərə bildiriblər ki, onlar özləri usta tapsınlar. Işçilərin yeməklə təmin olunması da əhaliyə həvalə edilir. Ev sahibi fəhlələrə yemək verə bilmirsə, iş aparılmır.
FHN evləri əvvəlki sahəsində bərpa etməkdən imtina edir. Məsələn, dağılmış 150 kv. m. evin yerində zərərçəkənə 70 kv. metrlik yeni ev tikmək təklif olunur. Razılıq olmadıqda ev tikilmir. Bazar kəndinin sakini Firdaş Hacıyevanın evi tikilmir, çünki bu yaşlı qadın fəhlələri yedizdirə bilmir. 87 yaşlı Ramazan Ramazanov müvəqqəti olaraq komada yaşayır və evinin tikilmədiyindən şikayətlənir.
Həmid Heydərovun 150 kv. m. sahəsi olan dağılmış evində iki ailə yaşayır, uşaqlardan biri 1 qrup əlilidir. Ona sahəsi 70 kv. metr olan üçotaqlı mənzil təklif olunur. Şərtləri qəbul etmədiyindən ev tikilmir. Qax rayonunda 472 evə ziyan dəyib, 154-nün əsaslı təmirə ehtiyacı olduğu bildirilib. Cəmi bir ev tikilib. Dağılmış 13 məktəbdən yalnız biri
inşa edilib. Demək olar ki, FHN-in fəlakət zonasında infrastrukturun və yaşayış evlərinin bərpasına dair tədbirlər planı baş tutmayıb.
Qax rayonunda işləri FHN tərəfindən təyin olunmuş “Memar Inşaat” və “Intiligent MMC”, Zaqatalada “Gilan Inşaat” və “Inşaat 181″ aparır.
Evlərin qiyməti hətta Bakı üçün fantastik qiymətədir. Belə ki, 1 kv. m. 500 manat həcmində dəyərləndirilir.
Ikiotaqlı evin smeta dəyəri 37 min manat təşkil edir, beşotaqlı ev 60 min manata tikilir. Əvvəlcədən hakimiyyət zərərçəkənlərə xüsusi qayğı göstərdiyini nümayiş etdirdi.
Zəlzələdən sonra FHN rəhbəri Kəmaləddin Heydərov hadisə yerində olub, sonra prezident gəlib. Sentyabrda prezident hətta dağıntı zonasında tikilmiş bir neçə obyektin açılışında iştirak edib.
Hökumət mətbuatı zəlzələnin nəticələrinin uğurla aradan qaldırıldığını yazır. Bu, fəlakət zonasında acınacaqlı durumun olması barədə “Kür” qərargahının və müstəqil mətbuatın siqnallarına reaksiya idi (“Turan”).