Padşah sağ olsun! Zati-alinizin dövlət müstəqilliyinin 20-ci ildönümünün qeyd olunması haqqında sərəncamını indi oxudum. Allahdan gizlin deyil, sizdən niyə gizlin olsun, Müstəqillik Gününü dövlət bayramı kimi ləğv etdirib, müstəqilliyin 20-ci ildönümünü yüksək səviyyədə qeyd etmək istəməyinizdə bir səmimiyyət görmədim. Barmağımı dişlədim. “Var bu işin içində bir iş” deyə düşündüm.
Sərəncamınızı təkrar-təkrar oxudum. Və hər şey mənə yalnız üçüncü cəhddə agah oldu. Yazıbsınız ki, bu yubiley təntənəsində məqsəd “Azərbaycanın müstəqillik illərində keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etmək”dir. Əlavə şərhə ehtiyac yoxdur, ya qibleyi-aləm! Elə buradanca bəllidir ki, sizin niyyətiniz bağdan üzüm yemək deyil, bağbanı döyməkdir. Bir illik Cəbhə-Müsavat hakimiyyətini söydürüb, müstəqilliyin bütün uğurlarını 18 illik ata-oğul hakimiyyətinizin ayağına yazdırmaq üçün yeni fürsət ovlamaqdır.
Keşkə tələsməsəydiniz, zati-aliləri! Keşkə iki il də səbrinizi bassaydınız, dövlət müstəqilliyinin 20-ci ildönümünü haqlı-minnətli 2013-cü ildə qeyd etsəydiniz. Nə də olmasa, sizin və ideoloqlarınızın dediklərindən çıxış etsək, 1993-cü ilə qədərki Azərbaycan bir növ Mars planetinin xurcuntayıdır – həyat olubmu, su olubmu, heç bəlli deyil. Yenə sizin və ideoloqlarınızın təbliğatına uysaq, Azərbaycana ilk insan ayağı da məhz 1993-cü ilin iyununda dəymişdir…
Padşah sağ olsun! Amma madam ki, artıq qatar gedib, iş işdən keçib, siz o sərəncamı imzalamısınız, o zaman bunları nəzərə almanızda da mütləq və mütləq bir fayda vardır:
BIR: həm dövlət müstəqilliyinin əleyhinə səs verənləri deputat mandatı, “Istiqlal” ordeni, daha nə bilim nələrlə mükafatlandırıb, həm də dövlət müstəqilliyinin ildönümünü yüksək səviyyədə qeyd etmək fikrinə düşmək məntiqin anasını mələtməkdir…
IKI: həm dövlət müstəqilliyinin qazanılmasında ən böyük pay sahibi olan bir insanın – Elçibəyin haqqını görməzdən gəlib, adını hər yerdən silməyə çalışıb, onun ailəsini ölkədən baş götürüb getməyə məcbur olacaq qədər ağır şərtlərlə üz-üzə qoyub, həm də dövlət müstəqilliyinin ildönümünü yüksək səviyyədə qeyd etmək fikrinə düşmək səmimiyyətin atasını yandırmaqdır…
ÜÇ: həm dövlət müstəqilliyi aktının altında imzası olan bir adamı – Ayaz Mütəllibovu “cinayətkar” deyə damğalamaq, yaşının-başının bu vaxtında onu mühacirətdə çürüməyə məcbur etmək, həm də dövlət müstəqilliyinin ildönümünü yüksək səviyyədə qeyd etmək fikrinə düşmək absurdun taa özüdür…
DÖRD: həm dövlət müstəqilliyinin əldə olunmasında gerçək pay sahibi olan kişilərdən birini – Isa Qəmbəri “barmağını sındıraram” deyərək hədələyən bir polisi çətiri altına almaq, ona “gözün üstə qaşın var” deməmək, deyə bilməmək, həm də dövlət müstəqilliyinin ildönümünü yüksək səviyyədə qeyd etmək fikrinə düşmək lətifə yaradıcılığının pik nöqtəsidir…
BEŞ: həm ölkəni korrupsiya, yalan, talan bataqlığına, hüquqsuzluq, ədalətsizlik yuvasına çevirib insanları müstəqillikdən iyrəndirmək, həm də dövlət müstəqilliyinin ildönümünü yüksək səviyyədə qeyd etmək fikrinə düşmək anormallığın son həddidir.
Padşah sağ olsun! Deyirəm, sıralamanı çox uzatmayım, mən o sıralamanı uzatdıqca zati-alinizin daha çox üzüləcəyini bilirəm.
Ən yaxşısı, siz sərəncamınızı geri oxuyun. Geri oxuyun ki, adı indidən tarixin səhifələrinə seçki saxtakarlıqları ilə keçən şanlı rejiminizi gələcək nəsillər bir də yubiley saxtakarlıqlarına görə tənə və nifrət ünvanına çevirməsin.
Diqqətinizə görə minnətdaram.
Gecikmiş təbrik
Məgər 21 yanvar Ümumdünya Qucaqlaşma Günü imiş, diqqətimdən qaçıb.
Gec də olsa, bir vaxtlar xalqla, demokratiya ilə sarmaş-dolaş olub, neft pulları ölkəyə sel kimi axandan sonra irticanın ağuşuna atılanları, beləcə, yalanla, zülmlə, sümürücülüklə qucaqlaşanları təbrik edir, onlara neçə-neçə belə “qucaqlaşma günləri” arzulayıram.