Dünya Ankaranın müdafiəsinə qalxdı; ABŞ Əsədi bitirməyə çağırdı; NATO hərəkətə gəldi
Suriya ordusunun atdığı top mərmilərinin Türkiyənin Ağçaqala qəsəbəsinə düşməsi və 5 vətəndaşın ölümünə səbəb olması Ankaranı hərəkətə gətirib. Türkiyə Böyük Millət Məclisi (TBMM) silahlı qüvvələrin xarici ölkələrə göndərilməsi və görəvləndirilməsi mövzusunda hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənədin lehinə 320, əleyhinə 129 deputat səs verib. Müzakirələr 3 saatdan çox çəkib.
Sənədin qəbulundan qabaq MHP-nin onu dəstəklədiyi elan edilmişdi. Bundan sonra layihənin qəbul olunacağı gözlənilən idi.
Bir il qüvvədə olacaq sənəddə lazım gəlsə Suriya ərazisinə ordu yeritmək və ya havadan zərbə endirmək nəzərdə tutulur. Türkiyə baş nazirinin müavini Bəşir Atalay sənədin müharibəyə başlamaq demək olmadığını, xəbərdarlıq xarakteri daşıdığını bildirib.
Sənəddə deyilir ki, Suriyada davam edən böhran regional sabitlik və təhlükəsizliyə olduğu qədər, Türkiyənin milli təhlükəsizliyinə də mənfi təsir göstərir və bu təhlükə güclənir: “Ölkəmizə yönələn əlavə risk və təhdidlərə qarşı vaxtında və sürətlə hərəkət etmək, lazımlı tədbirləri görmək ehtiyacı yaranıb. Bu çərçivədə hüdud, zaman və sayını hökumətin müəyyən etməsi şərti ilə Silahlı Qüvvələrin xarici ölkələrə göndərilməsi və görəvləndirilməsi üçün Konstitusiyanın 92-ci maddəsinə əsasən hökumətə 1 il müddətinə icazə verilir”.
Türkiyə hökumətinə ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlara qərar vermək hüququ tanıyan bu sənədin qəbuluna səbəb olan olay – Bəşər Əsəd rejiminə tabe silahlı qüvvələrin Ağçaqalanı vurması isə dünya birliyinin sərt təpkisi ilə qarşılaşıb.
ABŞ dövlət katibi Hillari Klinton adından yayılan bəyanatda deyilir ki, bu insident olduqca təhlükəlidir və Vaşinqton bundan ciddi narahatlıq keçirir. Klinton bəyan edib ki, dünya ictimaiyyəti birləşməli, Bəşər Əsədi hərbi əməliyyatları dayandırmağa və hakimiyyəti təhvil verməyə məcbur etməlidir.
Hadisədən qısa zaman sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT-nin baş kaitibi Pan Gi Munla da müzakirə aparıb. “Axşam” qəzetinin məlumatına görə, Davudoğlu BMT-nin baş katibi ilə sərt danışıb və bəyan edib ki, Türkiyənin “səbri tükənib”.
Türkiyənin üzv olduğu NATO da Ankaranın mövqeyini dəstəkləyən qərar qəbul edib. Türkiyənin tələbiylə keçirilən təşkilatın fövqəladə toplantısında NATO Suriyadan təcavüzkar addımları dayandırmağı tələb edib. NATO bu məsələdə Türkiyənin yanında olduğunu və ona hər cür dəstək verməyə hazır olduğunu bildirib.
İngiltərənin xarici işlər naziri Uilyam Hoque də türkiyəli həmkarıyla telefon əlaqəsi yaradaraq Londonun Ankaraya dəstəyini çatdırıb. Nazir Budapeştdə jurnalistlərə verdiyi açıqlamasında Türkiyənin Suriyaya adekvat cavabını anladıqlarını bildirib. Hoquenin sözlərinə görə, hadisə Suriyada rejim dəyişikliyinin qaçılmaz olduğunu göstərir.
Bəşər Əsəd rejimi də Türkiyə ilə sərhəddə yaranmış insidentlə bağlı açıqlama verib. Suriya hakimiyyəti atılan mərmilərin Türkiyə ərazisinə düşməsi nəticəsində ölənləri “şəhid” adlandırıb. Hökumət adından açıqlanan bəyanatda bildirilir ki, rəsmi Dəməşq həlak olanların ailələrinə başsağlığı verir və baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Suriya hökuməti Türkiyəni sərhədlərinə nəzarət etməyə də çağırıb.
İnformasiya şöbəsi