Rektor adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunmasını tələb edir
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev videomüsahibə yayıb. “Youtube” sosial şəbəkəsində yerləşdirilən həmin müsahibədə E.Abdullayev deyib ki, “Gülər Əhmədova olayı” ilə bağlı dələduzluq maddəsilə cinayət başlanması doğru deyil. Onun sözlərinə cinayət adam oğurluğu faktına görə başlanılmalıdır:
“Gülər Əhmədovanın mandatının ləğv olunması, istintaqın dələduzluq maddəsilə aparılması, hüquqi baxımdan düz deyil. Ona görə düz deyil ki, hər şeydən əvvəl mənim tələbim Azərbaycanda adam oğurluğuyla məşğul olan mütəşəkkil dəstənin ifşa olunmasıdır. Burada deputat oyunbazlığından söhbət getmir. Mən Milli Məclisə deputat seçilmişdim, Mərkəzi Seçki Komissiyası da qələbəmi elan etmişdi. Elə başa düşməyin ki, Gülər Əhmədova mənə kömək etmək məqsədiylə bu işdə iştirak edirdi. Onların başlıca məqsədi mənə maneəçilik törədib deputat keçəməyimə maneə yaratmaq idi. Buna baxmayaraq mən deputat seçilmişdim, lakin bunlar müəyyən problemlər yaratdılar və deputatlığımı ləğv etdilər.
Əgər mən deputat keçsəydim həmin ərəfədə Azərbaycanda adam oğurluğuyla məşğul olan mütəşəkkil dəstəni ifşa etmək imkanım yaranırdı. Bu gün də Gülər Əhmədovaya dələduzluq maddəsiylə cinayət işinin açılması hüquqi baxımından düz deyil. Burada daha böyük sosial təhülkəli cinayətdən – Azərbaycanda adam oğurluğyla məşğul olan mütəşəkkil cinayətkar dəstədən söhbət gedir. Bu cinayətin mahiyyəti açılmalıdır. Məlumdur ki, 13 oktyabr 2003-cü ildə qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanıb. Buna dirəniş göstərən kiçik qardaşım, elmlər namizədi Eldəniz Abdullayevi zəhərlədilər. Hazırda danışa da bilmir.
Burada tək dələduzluqdan söhbət getməməlidir. Dələduzluq odur ki, bir müddətdən sonra buraxırlar ki, daha belə şey etmə. Mətbuatdan da məlumdur ki, bu insanların həyatında dələduzluq faktları olub, lakin heç bir reaksiya verilməyib. Söhbət təkcə məndən getmir. Məndən əvvəl də bunlar bu işlə məşğul olublar. Bunlar barəsində dələduzluqla bağlı cinayət işi başlanılıb. Ancaq heç bir iş görülməyib. Iki gündür ki, Azərbaycan Respublikasının prezidentinə müraciət etmişəm. Bu müraciətimdən sonra Mərkəzi Seçki Komissiyası bu məsələyə ciddi yanaşmağa başladı. Hesab edirəm ki, bu iş Ilham Əliyevin nəzarətindədir. Bundan sonra Azərbaycanda adam oğurluğuyla məşğul olan cinayətkar dəstə ifşa olunmalı, qardaşım Mahir Abdullayev ailəsinə qaytarılmalıdır. Bu boyda biabırçılıq ola bilməz. Azərbaycan özünü dünyada ən demokratik, qanuni dövlət hesab edir. Ancaq adam oğurluğuyla məşğul olan cinayətkar dəstə at oynadır, adamları günün günortaçağı oğurlayırlar, hara şikayət edirsən baxan yoxdur. Bununla bağlı yüzlərlə ərizə yazmışam. Lakin heç birinə baxan olmayıb. Hazırda Avropa Məhkəməsinə müraciət etmişəm. Avropa Parlamentinin iki deputatı tələb edir ki, bu işlə bağlı müstəqil istintaq komissiyası yaradılsın. Mən istəməzdim belə bir komissiya yaradılsın, ancaq bunlar vəziyyəti elə bir həddə gətiriblər ki, məsələni beynəlxalq səviyyəyə çıxarmışıq”.
Baş prokuror Elşad Abdullayevin təhlükəsizliyinə zəmanət verdi
Baş Prokurorluğunun mətbuat xidməti Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru E.Abdullayevlə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, E.Abdullayevin Ilham Əliyevə müraciətini nəzərə alaraq qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb və qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.
“Eyni zamanda ”Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq E.Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək”,- deyə məlumatda bildirilib.
“Belə bir vəziyyətdə Elşad Abdullayevin qayıtmasından söhbət gedə bilməz”
“Belə bir vəziyyətdə Elşad Abdullayevin ölkəyə qayıtmasından ümumiyyətlə söhbət gedə bilməz”. E.Abdullayevin vəkili Adil Ismayılov “Media forum” saytına belə deyib.
Vəkil bildirib ki, hüquq mühafizə orqanları əvvəl hədə-qorxu gəlməyə başlayıblar, E.Abdullayevin məcburi formada gətiriləcəyi haqda bəyanatlar veriblər: “Indi isə görürlər ki, məcburi gətirmək boş, mümkün olmayan söhbətdir. Ona görə də yeni variant seçiblər, deyirlər ki, biz Elşad Abdullayevi dəvət edirik. Vəziyyəti qiymətləndirib ona uyğun hərəkət edəcəyik. Elşad Abdullayev prezident Ilham Əliyevə müraciətində də göstərib ki, iş üzrə müstəqil istintaq komissiyası yaradılacaqsa, həm Azərbaycana gəlməyə, həm də ifadə verməyə hazırdır. Baş Prokurorluq elan edib ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsini araşdırmaq üçün istintaq qrupu yaradılıb. Amma bu istintaq qrupu – tərkibindən asılı olmayaraq – Baş Prokurorluğun istintaq qrupudur. Belə bir istintaq qrupunun yaradılması məsələnin həlli demək deyil”.
A.Ismayılov bildirib ki, vəkil kimi üç aydır bu prosesin içindədir, bu məsələlərlə məşğul olur: “Indiyədək ümumiyyətlə bizi eşidən yox idi. Indi, sağ olsunlar, eşidirlər, nəsə addım atırlar. Ona görə də hadisələri qabaqlamaq istəmirəm. Ola bilsin, nəsə edəcəklər, buna inanmağa çalışıram. Amma o qədər də ümidim yoxdur”.
Vəkil Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili Işlər nazirliklərinin E.Abdullayevin insan orqanı transplantasiyasında şübhəli bilinməsinə dair cinayət işini araşdırmaq üçün birgə istintaq qrupu yaratmasına da münasibət bildirib. Onun sözlərinə görə, məsələni Elşad Abdullayevlə müzakirə edib: “Bizim mövqeyimiz belədir ki, Azərbaycanda rüşvət barəsində danışanda bu, heç kimə təəccüblü gəlmir. Çünki bu gün rüşvət almaq vəzifə sahibləri üçün faktiki olaraq adi hala çevrilib. Deyəndə ki, filankəs vəzifədədir, rüşvət alır, bunu normal qəbul edirlər, rüşvət almayana isə anormal kimi yanaşırlar. Ona görə də hüquq mühafizə orqanları ikinci bir məsələni ortaya atırlar, guya kimsə insan orqanlarının alveri ilə məşğul olub. Demək istəyirlər ki, biz də rüşvət alırıq, amma Elşad Abdullayev rüşvətdən əlavə belə çox mənfur hərəkətlərlə də məşğuldur. Ona görə də bunu ortaya atıblar. Amma bu ittihamın heç bir əsası yoxdur”.
Gülər Əhmədovanın eks-deputat kimi bir imtiyazı qaldı
“Deputat madatından imtina edəndən sonra onun yalnız imtiyazı qalır”. Bu sözləri Modern.az saytına açıqlamasında hüquqşunas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, “Deputatın statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara uyğun olaraq, deputat mandatından imtina edən şəxs təqaüd yaşına çatanda fəaliyyətdə olan millət vəkilinin əmək haqqının 80 faizi qədər pensiya almaq hüququna malikdir.
“Bizdə sabiq deputatlara bundan savayı imtiyaz verilmir. Ancaq dünyanın bir çox ölkələrində sabiq deputatla bağlı bir çox imtiyazlar var”.
Ə.Nuriyev həmçinin qeyd edib ki, şəxs deputat mandatından imtina edirsə o, sabiq deputatlara verilən müavinətdən istifadə edə bilməz.
Qanunla səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır. Amma bu, G.Əhmədovaya aid deyil.
“Əgər özü istefa verirsə, bununla bağlı deputat mandatından məhrum edilirsə, həmin şəxsin müavinət almaq hüququ yoxdur”.
Hüquqşunas deyib ki, millət vəkilinin deputat mandatı ləğv edildikdən sonra həmin şəxsin yerinə yeni seçkilər Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən keçirilir. Əgər deputat özü istefa verirsə və istefa ərizəsi nəticəsində deputat mandatından məhrum olursa, onda Mərkəzi Seçki Komissiyasının qərarından sonra bir ay müddətində Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, boş qalmış deputat mandatı ilə əlaqədar seçkilər təyin olunur.