Avropa Şurasının Parlament Assambleyası oktyabrın 2-də Rusiyanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini müzakirə edib. Həmməruzəçilər Giorgi Frunda və Andreas Qrossun hazırladıqları məruzə ətrafında müzakirələrdə Azərbaycan nümayəndələri də danışıb.
AŞPA-nın qətnaməsində iş adamı Mixail Xodorkovskinin, “Russy Riot” qrupu üzvlərinin azadlıqdan məhrum edilməsi pislənir, bu hökmlərin məhkəmə hakimiyyətinin siyasi təzyiq altında olduğuna dəlalət etdiyi vurğulanır. Sənəddə Dövlət Dumasının böhtana görə cinayət məsuliyyəti müəyyənləşdirən, QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunlar qəbul etməsinə etiraz bildirilir, Rusiyada gerçək siyasi rəqabət mühitinin olmadığı qeyd olunur.
AzərTAc-ın məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirələrdə söz alaraq Rusiyanı müdafiə edib: “Rusiyanın gördüyü işlərin üstündən xətt çəkilib. Biz belə yanaşma ilə qəti razılaşa bilmərik. Çünki son zamanlar Rusiyada gedən proseslər Avropa dəyərlərinin Rusiyaya gətirilməsi istiqamətində çox böyük nəticə verib. Biz hesab edirik ki, Rusiya kimi ölkəni ikinci dəfə monitorinq altına salmaqla Avropa Şurası başqa ölkələrə mesaj verir. Bu mesaj ondan ibarətdir ki, nə qədər Rusiya Avropaya yaxınlaşsa, nə qədər Avropa dəyərləri gətirsə də, Rusiyanı Avropa ailəsində görməyə hazır deyillər”.
Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Abbasov deyib ki, Rusiya Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində müəyyən irəliləyişlərə nail olub: “Eyni zamanda Rusiyanın əhatə dairəsini real təsəvvür etmək lazımdır. Rusiya 1996-cı il fevralın 28-də Avropa Şurasının tamhüquqlu üzvü olub. Bundan sonra yeni Avropa Asiyanın əsas hissəsi daxil olmaqla Kamçatkadan Berinq boğazınadək boyük bir sahəni əhatə edib. Hazırda 1949-cu ildə əsası qoyulan Avropa Şurası 47 ölkənin üzv olması nəticəsində sərhədlərini genişləndirib və əsas prinsiplərindən biri olan ümumi demokratik dəyərləri həmin ölkələrdə yaya bilib. Sovet məkanından ayrılmış olkələrdən, o cümlədən Avropa və Asiya dəyərlərini özündə birləşdirən Rusiyadan tezliklə hərtərəfli islahatların keçirilməsini göləmək mənasızdır, bunun üçün müəyyən vaxt tələb olunur”.