Azərbaycan demokratiyaya qarşı savaşda Rusiyanın yeganə dayağıdı
Dünyada, regionda və ölkədə maraqlı hadisələr baş verir. Əsas dəyişiklik bundan ibarətdir ki, ölkələr müasir standartlara uyğunlaşmaq üçün tər tökürlər. Avtoritarların sırası seyrəlir, hamı demokratiyanın qatarına minməyə tələsir. Bizim regionumuzda da proseslər sürətlənir. Gürcüstan avrointeqrasiya seçimini etdi və bu yolda irəliləyir. Hətta Rusiyanın quberniyası hesab etdiyimiz, AzTv-nin 25 ildir dayanmadan “nokaut” etdiyi Ermənistan da avtoritarizmə təslim olmadı. Xalq ayağa qalxdı və quldur Sarkisyanı kürsüdən saldı. Əslində Ermənistanda baş verənlər bizim üçün ikiqat məğlubiyyət deməkdir. Əvvəla işğalçı bir ölkə dünyada imicini yaxşılaşdırır. İkinci tərəfdən Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinə mismark çalır. Yəni, Ermənistan demokratikləşdikcə onsuz da nəticəsiz qalan sülh danışaqlarının ömrü uzanacaq. Bu ölkənin Avropa İttifaqı ilə Assosiasiya müqaviləsinə imza atması, müstəqil mətbuata nəfəs verməsi, “yarım azad ölkələr” siyahısına adını yazdırması bizim üçün böyük çətinliklər yaradır. Hətta Rusiyanın atalıq qayğısı qarşısında da əyilmədilər və azadlıq istəklərini açıq ifadə etdilər.
Belə bir vəziyyətdə Azərbaycan hakimiyyətinin daxili və xarici siyasəti çürük meyvəyə bənzəyir. Görünən budur ki, Azərbaycan Rusiyanın Qafqazdakı antidemokratiya müttəfiqi kimi qalır. Rusiyadakı bütün mürtəce dəyişikliklər Azərbaycanda təkrarlanır, bütün prinsipial məsələlərdə Azərbaycan hakimiyyəti Rusiyanın maraqlarından çıxış edir və dövlət maraqları sonuncu sırada qərarlaşır. Bir daha təkrar edirik ki, Gürcüstan və Ermənistan Rusiya amilinə rəğmən dövlət maraqlarından imtina etmədilər və Rusiya da bununla barışmalı oldu. Amma Azərbaycan hakimiyyəti qarşılıqsız Rusiya sevgisindən imtina edə bilmir və bu sevginin əvəzinə bir qarış torpaq da əldə etməyib.
Artıq bütün dünya da görür ki, Azərbaycan hökuməti avtoritarizmin məğlub olmaması üçün əlindən gələni edir. Belə imici olan hökumət heç bir beynəlxalq uğur, heç bir etibarlı müttəfiq qazana bilməz. Faktiki olaraq hakimiyyət ölkəni bütün fürsətlərdən məhrum edir və batmaqda olan Rusiya gəmisini tərk etmir.
Bir sözlə, korrupsiya, repressiya, hüquqsuzluq ənənlərinə sadiq qalan YAP hakimiyyəti Rusiyanın maraqları naminə ölkəni tamam batırmağa hazırdı. Putinin “dostluq”, “şöhrət” ordenlərindən bihuş olub, ölkəni zillət bataqlığına yuvarlayırlar.
Samir