Belə seçkinin belə də kadr islahatı olmalıydı
“Analoqsuz” 11 aprel seçkisindən sonra “analoqsuz” kadr dəyişikliklərinin olacağı məlum idi. Amma bəzi ekspertlər ümid bolluğuna düşərək yeni komandanın meydana çıxacağını proqnozlaşdırırdılar. Amma “sən saydığını say, gör əlahəzrət nə sayır” deyimi aktuallığını saxladı. Qoca baş nazirin əvəzinə yarımqoca gətirildi. Yəni, 82 yaşlı ağsaqqalın yerini 71 yaşlı ağsaqqal tutdu. Əslində təəccüblü heç nə yoxdu. Ağıllı adamlar başa düşürdü ki, başımıza gələn yeni nazir dişsiz, müstəqil qərar qəbul etmək səlahiyyəti olmayan, iradə qıtlığı yaşayan şəxs olmalıydı. Bu mənada Novruz Məmçədov ən ideal namizəd idi. Xatırladaq ki, başımıza gələn yeni nazir “tvit”ləri ilə məşhurdu.
Məsələn, “Avropa liderləri atdıqları addımların nəticəsini düşünmür”, “Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır”, “Mövcud münaqişələr xüsusən Qərb dövlətlərinin siyasətinin nəticəsidir”, “Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra dünya ədalət prinsiplərini saxlaya bilməyib”, “Ümummilli lider və prezident İlham Əliyev haqqında dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm” kimi fikirlərin müəllifi Novruz Məmmədovdu. Göründüyü kimi yeni baş nazir türklərə nifrətini gizlətməyən Jirinovskiyə də “tvit” həsr edib. Ümumiyyətlə, Novruz Məmmədov bütün fəaliyyəti dövründə Ermənistanın atası olan Rusiyaya qarşı sevgisini, demokratik dünyaya isə nifrətini gizlətməyib.
Eyni zamanda qeyd etmək lazımdır ki, hökumətdəki “radikal islahatlar” 11 aprel seçkisinə tam adekvatdı. 4-cü dəfə prezident kürsüsünü zəbt edən adam, 20 ildir vəzifə kəndirindən yapışanlara “yola davam” deməliydi. Bu kadr- madr oyunu bir daha göstərdi ki, hakimiyyət nəinki şəffaf seçki keçirməyə, neqativ ənənələrə son qoymağa, hətta kadr dəyişikliyi etməyə də qadir deyil. Yeni komanda yenə də köhnələrdən ibarət oldu. 700 min üzvü olduğunu iddia edən partiya 7 nəfər yeni sima təqdim edə bilmədi. Növbəti dəfə xalqı sadəlövh, yalanlara aldanan hesab etdilər və köhnələri “yeni kadr” adıyla səhnəyə çıxardılar. Amma ictimai rəy bu təyinatlara yağlı şapalaq vurdu.
Hamı gördü ki, yeni baş nazir başımıza köhnədən gələnlərdəndi. Əslində bu dəfə vurulan kadr olmadı, sadəcə vurmaq qabiliyyətini itirənlər oyundan çıxdı.
Samir