Paşayevlərlə Qərbi Azərbaycan qruplaşması Ramiz Mehdiyevə qarşı
“Gülər Əhmədova olayı”nın pərdəarxası məqamları barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Bu məlumatları təqdim etməmişdən öncə, xatırladaq ki, “Azadlıq”ın ötən sayında Gülər Əhmədova ilə bağlı rüşvət videosunun ictimaləşməsində hökumətdaxili ziddiyyətlərin də rol oynadığı barədə məlumat vermişdik. Hakimiyyətə yaxın mənbə qəzetimizə bildirmişdi ki, bu videonun yayılmasına Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov şərait yaradıb.
Belə ki, Elşad Abdullayev bu videonu əvvəlcə Respublika Prokurorluğuna göndərib. Prokurorluq sabiq rektorun təqdim etdiyi materialları araşdırmadığından, o, Fuad Ələsgərova üz tutub. Elşad Abdullayev videonu şöbə müdirinə yollayıb.
Eyni zamanda qeyd edib ki, əgər heç bir tədbir görülməsə, videonu ictimailəşdirəcək. Bununla belə Fuad Ələsgərov hakimiyyəti silkələyə biləcək bu məsələ ilə bağlı hər hansı tədbir görməyib və sonucda video ictimailəşib. Nəticə isə göz qabağındadır. Hakimiyyətə ciddi zərbə dəyib. Iqtidar vəziyyətdən çıxmağa çalışır. Hətta Gülər Əhmədova qurban verilir. Mənbə Fuad Ələsgərovun bu məsələyə laqeyd yanaşmasını təsadüfi saymayıb. Qaynağımızın sözlərinə görə, şöbə müdiri bu məsələ ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi zərbə altına qoymağa istəyib. Gülər Əhmədova PA rəhbərinin komandasının üzvüdür və doğrudan da rüşvət videosu Ramiz Mehdiyevi də çətin vəziyyətə salıb. Mənbə əlavə edib ki, PA rəhbərinin yaxın ətrafında da belə düşünürlər. Ötən sayımızda Fuad Ələsgərovla Ramiz Mehdiyevin münasibətlərində olan problemin kökü barədə məlumat vermişdik. Təkraçılığa varmaq istəmirik. Qısaca qeyd edək ki, Fuad Ələsgərov Qərbi Azərbaycan klanının üzvüdür. Bu klanla Ramiz Mehdiyevin həmişə problemi olub. Bundan başqa vaxtilə DIN-in istintaq idarəsinin rəisi olmuş, hazırda Ismayıllı polisinin rəisi vəzifəsində çalışan Nizami Qocayevin həbsi Ramiz Mehdiyevin xidməti hesab edilir. Nizami Qocayevin Fuad Ələsgərovla qohumluq əlaqələri var. O zaman bu məsələyə görə, Fuad Ələsgərovun mərhum atası, sabiq spiker Murtuz Ələsgərovun PA rəhbərilə münasibətləri pozulub. Fuad Ələsgərov isə bu ədavəti indiyə qədər davam etdirir.
Indisə keçək yeni məlumatlara. Həmin məlumatlarda bildirilir ki, əslində Fuad Ələsgərov, daha doğrusu Qərbi Azərbaycan klanı bu məsələdən yararlanaraq Ramiz Mehdiyevlə birdəfəlik haqq-hesabı çürütmək istəyib. Ələ düşən fürsətdən yararlanan Qərbi Azərbaycan klanı hakimiyyətdə əsas güc mərkəzlərindən olan Paşayevlərin də Ramiz Mehdiyevlə problemlərinin olduğunu nəzərə alıb. Yəni, Qərbi Azərbaycan klanı Paşayevlərin bu məsələdə onlara dəstək verəcəyini düşünüb. Və yanılmayıblar da. Məlumatlara görə, hazırda Paşayevlərlə Qərbi Azərbaycan klanı Ramiz Mehdiyevə qarşı birləşərək onun “vurulmasına” çalışırlar. Dünənki sayımızda məlumat vermişdik ki, PA rəhbərinin istefası gündəmə gətirilir. Yeni məlumatlarda bildirilir ki, bu məsələ artıq hakimiyyət dəhlizlərindən ciddi müzakirə olunur və yaxın vaxtlarda PA rəhbərilə bağlı qərar verilə bilər.
Əldə etdiyimiz məlumatlarda həmçinin deyilir ki, vaxtilə Elşad Abdullayevdən Misir Mərdanova qarşı istifadə etməyə cəhd olub. Bildirilir ki, Azərbaycan Beynəlxalq Universitetinin bağlanması daha çox Təhsil Nazirliyi ilə əlaqələndirilirdi. Elşad Abdullayev ilk dəfə mətbuatda qardaşının oğurlanması ilə bağlı çıxışlar edəndə və onda 100-lərlə videçəkilişşlər olduğunu bəyan edəndə Misir Mərdanovun rəqibləri sabiq rektora təhsil naziri ilə bağlı açıqlamalar verməsini xahiş ediblər. Onlar dəqiq bilib ki, sabiq rektorda təhsil naziri ilə bağlı da müəyyən faktlar var. Lakin Elşad Abdullayevin Misir Mərdanov barədə açıqlamalar verməkdən imtina edib.
Namiq Cəfərli