Kimsənin qabağında mitinqə getmək kimi öhdəliyim yox idi. Bir gün əvvəl xəstəxanada olmuşam, sonra dərmanlarımı çantama atıb Bakıya mitinqə getmişəm. Taksi sürücüsü bir şal, iki papaqdan birtəhər üzümü tapıb, mehribanlıqla soruşdu ki, – Xüsusi bir səbəb varmı getməyinizə? – Bu gün özümə azadlıq vermişəm, dedim. Ürəyimin dalınca gedirəm.
Əslində isə, torpağa tapşırılacaq böyük ana Elmira xanım üçün, Ömrü mübarizələrdə keçən Həqiqət xanım üçün, nərgizlər çiçəkləyəndə əbədi çiçəyə dönmüş fidan Nərgizimiz üçün – vətənə tabutda dönən gözəl xanımlarımız üçün ordaydım. Həbsə atılan günahsız vətəndaşlarımız üçün, qarşımdan “keçib” yalnız bircə qoltuqağacı ilə ayaqda duran həmin o qazi üçün ordaydım. Yüzlərlə başqa səbəbləri sadalamağa ehtiyac görmürəm. Çünki o səbəblər bütöv Azərbaycan adamının kabusuna, qəniminə çevrilib nəfəs almağa qoymur onu.
Daim yanımda olan, hər zaman diqqətində olduğum, qayğısını gördüyüm musavatçı Sahib Melikzade bu gün orda da çantamı əlinə götürüb, “bacı saxlayırdı”. Bir az o tərəfdə dəyərli cəbhəçi dostlarım vardı. VHP-nin istiqanlı, sevimli gənci Samir AsadLi görüşəndə əlimə dustaq üç gəncin fotosu olan balaca plakat verdi. O palakatı çantama qoyub evə gətirdim. Bir nəvəm olsaydı və məndən soruşsaydı ki, mənə nə gətirmisən nənə? O fotoları verib: – Sənə dünyanın ən qiymətli tablosunu gətirmişəm, deyərdim.
Siz saymağınızda olun, Mitinq mənim üçün budur…