Dostlar, bildiyiniz kimi 11 aprelə təyin olunmuş prezident seçkilərini boykot etmək üçün KXCP sədri Mirmahmud Mirəlioğluna facebook üzərindən çağırış etmişdim (https://www.facebook.com/gulaliyev.o). Bildirmişdim ki, ölkədə seçki mühitinin olmadığı bir ərəfədə, heç bir zərurət olmadan 6 ay öncəyə çəkilmiş seçkilərdə müxalifət adından iştirak etmək həmin seçkilərə legitimlik donu geyindirmək cəhdidir, özünə və xalqa hörmətsizlikdir. İnamımı ifadə etmişdim ki, M. Mirəlioğlu da seçkilərdə iştirakdan imtina edəcək. Partiyanın 17 fevralda keçirilən növbədənkənar sessiyasında seçkilərdə iştirakdan imtina olunmuş və boykot qərarı verilib. Mən bu qərarı təqdir edirəm, alqışlayıram. Qərarın qəbul olunmasında azacıq rolum olubsa özümü çox mutlu hesab edirəm.
Amma bilirsinizmi 17 fevralda KXCP Ali Məclisində nə baş verib? Rayonda hüzr yerində olduğumdan üzürlü səbəbdən qatıla bilmədiyim məclisdə partiya sədri M. Mirəlioğlu təklif edib ki, seçki məsələsindən öncə partiyadaxili məsələ müzakirə olunsun və destruktiv fəaliyyətinə görə (!?) Oqtay Gülalıyev partiya sıralarından xaric olunsun. Halbu ki məclis növbədənkənar çağrılıb və gündəlikdə yalnız 11 aprel seçkilərinə münasibət məsələsi olub. Mənim partiya üzvlyündən çıxarılmağımla bağlı məsələni məclis qəbul etməyib. Bu dəfə sədr mənim məclis üzvlüyünə namizədliyimi onun tərəfindən 1/3- lə (prosedur qaydadır- red.) irəli sürdüyünü bildirərək indi də namizədliyini geri çəkdiyini (!?) (prosedurda belə şey yoxdur- red.) qeyd edib. Və məclis üzvlərindən xahiş edib ki, onun təklifinə səs versinlər. Özünün iştirakı olmadan şəxsə aid məsələnin müzakirəsinin kobud nizamnamə pozuntusu olduğu dəfələrlə sədrə xatırladılsa da o inadından əl çəkməyib. Beləliklə, bəyənmədiyimiz Sovet dövründən fərqli olaraq özümün iştirakım olmadan, məni dinləmədən məlum çağrışıma görə M. Mirəlioğlunun təkidi və israrı ilə KXCP Ali Məclisin üzvlüyündən xaric olunmuşam. Təbii ki, fərqindəyəm ki, bu “cəza” orda deyildiyi kimi həm də mənim Milli Şuradakı fəaliyyətimlə bağlıdır…
Olsun. KXCP- nin sıravi üzvü olmaq da mənə bəs edər. Mən həyatım boyu vəzifə üçün çalışmamışam və vəzifə arxasına sığınmamışam. Mənim üçün ən böyük vəzifə haqqa və xalqa xidmət etməkdir. Düzdür, Ali Məclisin məlum qərarı ilə bağlı partiyanın müvafiq strukturlarına müraciət edəcəm.
Amma 2 məqam diqqətimi cəlb etdi; nizamnamə pozuntusu və “destruktiv fəaliyyət” ittihamı. M. Mirəlioğlu mətbuata verdiyi açıqlamada bildirib ki, guya mən partiyanın nizamnaməsini pozmuşam və destruktiv fəaliyyətlə məşğulam (http://www.mia.az/…/Mirmahmud_Mir%C9%99lio%C4%9Flu…/font%3E/). KXCP sədri M. Mirəlioğludan, Ali Məclis sədri Beybala Abildən, MNTK üzvü Serxan Carçıdan soruşmaq istərdim KXCP Nizamnaməsinin hansı bəndini pozmuşam? Xahiş edirəm həmin bəndi mənə və ictimaiyyətə göstərin. Üzv olduğum partiyanın sədrini saxtakarlığı, rüsvayçılığı, haramlığı özündə ehtifa edən hakimiyyətin seçki oyununda iştirakdan imtinaya çağırmaq nə zamandan nizamnamə pozuntusudur? Və ya insanların keçdiyi yolu, buraxdığı səhvləri onlara xatırlatmaq nizamnamə pozuntusudurmu? KXCP- nin Nizamanməsinin əsas hissəsi AXC (P) dövründə Elçibəyin iştirakı ilə hazırlanıb. Xalq Cəhbəsi kimi təşkilatda Nizamnaməni yanlış yozaraq əldə bayraq edib saxta seçkilərdən imtinaya çağırışa, tənqidi fikirlərinə görə insanları cəzalandırmağa qalxmaq Elçibəy əxlaqına və milli iradəyə ziddir. Digər tərəfdən maraqlıdır, doğurdanmı mən destruktiv fəaliyyətlə məşğulam? Haqqı- hüququ tapdanan insanları, siyasi məhbusları müdafiə etmək, onların məhkəməsinə qatılmaq, ailələrinə dəstək olmaq, bu yöndə hesabatlar hazırlamaq və s. doğurdanmı destruktiv fəaliyyətdir? Necə ola bilir ki, hakimiyyət də məni destruktiv fəaliyyətdə ittiham edir, konkret olaraq deputat Çingiz Qənizadə mənimlə bağlı hüquq- mühafizə orqanlarına müraciət edir, KXCP sədri Mirmahmud Mirəlioğlu da məni anoloji məsələdə ittiham edir. Bəziləri bilərəkdən və bilməyərəkdən hakimiyyətin oynuna gəlmirmi?. Bəlkə deyəsiniz nə baş verir?
Dostlar, mən qanunsuz həbs həyatı yaşamışam. Hər cür təzyiqlərə məruz qalmışam. Uzun müddət üzərimdən cinayət işi götürülməyib, ölkədən çıxışım qadağan olunub. Hazırda özümlə yanaşı qohumlarım da təhdid və basqı altındadır. 2013- cü il president seçkiləri öncəsi döyülüb bıçaqlanan məktəbli övladım hazırda iki ildir ölkədən didərgin salınıb. Milli Şuranın 2017- ci il payız mitinqləri ərəfəsində qardaşım mənə görə işdən çıxarılıb. Yaşadığım ev daim polis nəzarəti altındadır. Mən indiyə qədər bunları açıqlamamışdım ki, mübarizəmizdə kimsə tərəddüt etməsin, çəkinməsin. Hakimiyyətin hədəfində olduğumun, hər an həbs oluna biləcəyimin fərqindəyəm. Amma bütün bunlar məni qorxutmur və mübarizəmizdən geri çəkmir. Mənə təəccüblü gələn odur ki, bütün bu məhrumiyyətlərin 1/10- ni görməyən insanlar hakimiyyətlə yanaşı mənim öz partiyamda məni vurmaq, sıradan çıxarmaq, cəzalandırmaq üçün müxtəlif oyunlar qururlar. Maraqlıdır ki, məni hakimiyyətin silahı ilə vurmaq istəyirlər. Necə deyərlər dost əli ilə düşmən daşı atırlar. Hakimiyyət məni həbslə, bəzi partiyadaşlarım isə partiyadan xaric etməklə hədələyirlər. Mənim kimsədən qorxacağım və çəkinəcəyim yoxdur. Elçibəyin şəkili altında müxalifətçilik iddiasında olanlara bildirmək istəyirəm ki, ya göründüyünüz kimi olun, ya da olduğunuz kimi görünün.
Mənim heç bir hədədən qorxub geri çəkilmək fikrim yoxdur. Xalqımıza xidmət, günahsız insanlara dəstək, avtoritarizmə qarşı mübarizə aparmaq kimi haqq bildiyim yolu sona qədər davam etdirəcəm.
Heç bir təzyiq, hədə- qorxu bizi mübarizədən döndərə bilməz.
Tanrı millətimizə yardımçı olsun!