Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) müxalif gənc fəal Nigar Yaqublunun barəsində həbs-qətimkan tədbirinin seçilməsindən və vətəndaş cəmiyyəti fəalı İlham Əmiraslanovun iki il azadlıqdan məhrum edilməsindən narahatdır.
Avqustun 25-də Müsavat Partiyasının Məclis üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə, sentyabrın 11-də mərhumun qohumu, qeyd olunan partiyanın üzvü N.Yaqublu barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən iki aylıq həbs-qətimkan tədbiri seçilib. N.Yaqublu Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun qızıdır və o “Avroviziya-2012” mahnı müsabiqəsi ərəfəsində müxalifətin Bakıda keçirdiyi dinc aksiyalarda fəal iştirak edib.
N.Yaqublunun düşdüyü avtomobil qəzasına oxşar hadisələr ölkədə tez-tez baş verir. Belə olan halda N.Yaqublu barəsində seçilən həbs-qətimkan tədbirinə digər bu cür hadisələrin qəsdən və daha ağır hallarda baş verməsi zaman rast gəlinir. Amma N.Yaqublunun rastlaşdığı qəza hadisəsi qəsdən yox, təsadüfi olduğu və zərərçəkmiş tərəfin ondan şikayət etmədiyi halda ona qarşı daha ağır cəza tədbiri seçilib. Bununla da hakimiyyətin bu hadisədən istifadə edərək N.Yaqubluya və onun atası T.Yaqubluya qarşı siyasi təzyiq kimi istifadə edilməsi istisna edilmir.
Sentyabrın 12-də isə Sabirabad Rayon Məhkəməsinin hökmü ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü İlham Əmiraslanov iki il azadlıqdan məhrum edilib. İ.Əmiraslanov 2010-cu ilin may ayında aran bölgəsində baş verən sel daşqınlarından əziyyət çəkən vətəndaşların hüquqlarının müdafiəsində fəal rol oynayıb və daşqınlarından əziyyət çəkən insanlara yardım məqsədi ilə dövlət tərəfindən ayrılan vəsaitlərin məmurlar tərəfindən mənimsənilməsi faktlarını aşkarlamaq sahəsində prinsipial mövqe tutub. İ.Əmiraslanov barəsində çıxarılan hökmün də hakimiyyətin vətəndaş fəllarını təzyiqlər altında saxlaması hesab oluna bilər.
SAMA hesab edir ki, N.Yaqublu və İ.Əmiraslanovun həbsi siyasi motivlidir və hakimiyyət bu addımları ilə onların fəaliyyətini məhdudlaşdırmaq istəyir.
SAMA onlara qarşı baş verən bu hadisələri pisləməklə yanaşı Azərbaycan hakimiyyətini beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhtəliklərə hörmətlə yanaşmağa və siyasi opponetlərinə, vətəndaş fəallarına qarşı bu cür təzyiqlərdən əl çəkməyə çağırır.
SAMA ümid edir ki, Azərbaycan hakimiyyəti istintaq və məhkəmə tərəfindən N.Yaqubluya və İ.Əmiraslanova qarşı baş vermiş ədalətsiz qərarların aradan qaldırılmasına çalışacaq.