Sülhəddin Əkbər: «Elçibəyin hakimiyyətinin devrilməsində narkotranzitə qarşı sərt mübarizə də rol oynayıb»
WikiLeaks-in yaxın zamanlarda siyasilərin bank hesablarını açıqlayacağını bəyan etməsi bir sıra dövlətlərdə ciddi təlatümlərə səbəb olub. Bəzi informasiyalara görə, bu siyahıda Azərbaycan məmurlarının da yer alacağı istisna deyil. Çünki Azərbaycan hakimiyyətinin yuxarı eşelonundakı şəxslərin müxtəlif xarici banklarda hesablarının olduğuna dair müxtəlif məlumatlar dərc olunub. Bəs görəsən bu məlumatlardan bəzilərinin WikiLeaks vasitəsilə təsdiqini tapması nələr vəd edir?
Bundan başqa, WikiLeaks-in ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersiyə istinadən verdiyi daha bir məlumat da maraq doğurmaya bilməz. Söhbət E.Dersinin Azərbaycan hakimiyyətinin narkotranzitə qarşı effektli mübarizə aparmamasından gedir. Belə bir məlumatın ictimailəşdirilməsini necə qiymətləndirmək olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin fikrincə, WikiLeaks-in Azərbaycanla bağlı növbəti açıqlamalarının da ciddi məlumatlar olacağına şübhə yoxdur. Normal dövlətlərdə bu tip açıqlamaların cəmiyyətdə ciddi siyasi təlatümlərə gətirib çıxardığını deyən S.Əkbər vurğuladı ki, Azərbaycanda ictimaiyyətin aktiv olmaması gözlənilən nəticələrin baş verməsinə səbəb olmur: “Amma düşünürəm ki, regionda gedən proseslərin təsiri olaraq Azərbaycan ictimaiyyəti də aktivləşərək baş verənlərə sərt reaksiyasını nümayiş etdirəcək. Azərbaycanda demokratik düşərgənin hərəkətə gəlməsi beynəlxalq təşkilatların hansı qərarları qəbul etməsindən də asılıdır”.
Amma Azərbaycan cəmiyyətində narazılığın getdikcə daha çox yığıldığını deyən S.Əkbərin fikrincə, bütün bunların bir gün nəylə nəticələnəcəyini heç kim proqnozlaşdıra bilməz: “Tunisdə iyirmi üç ildən sonra xalq bir gəncin özünü yandırmasına görə ayağa qalxaraq prezidenti devirdi. Ona görə heç kim cəmiyyətdəki etiraz potensialının nə vaxt partlayacağını proqnozlaşdıra bilməz”.
Azərbaycan hakimiyyətinin narkotranzitə qarşı effektli mübarizə aparmadığına dair saytın yazdıqlarına gəlincə, S.Əkbər vurğuladı ki, SSRI dağıldıqdan dərhal sonra narkotranzit termini Azərbaycan üçün də aktuallığa çevrilməyə başladı. Bu zaman Elçibəy hökumətinin narkotranzitə qarşı mübarizədə sərt mövqe seçdiyini deyən S.Əkbər vurğuladı ki, bu ticarətin arxasında böyük güclər dayandığından yeni iqtidar mübarizəni sona qədər apara bilmədi və devrildi: “Qonşu dövlətlər bizə mübarizəni bu dərəcədə sərtləşdirməməyi tövsiyə edirdi. Amma biz buna məhəl qoymurduq”.
Xəyal