“Bu, YAP ordusudursa, məni niyə gətirmisiz, Azərbaycan ordusudursa, bu nə sualdır?”
Deyəsən, mən dağa yollanacağam. Hərbi and içmişik. Amma ətrafımda nəsə bir gərginlik olduğunu sezirəm. Nə baş verir?
Təlimdəyik, “Kalaşnikov” pulemyotundan istifadə zamanı əsgərin çevikliyini artırmaq üçün dərs keçirik. Heyət komandirinin və mənim üst-başımız toz-torpaqdır. Bizdən 30-40 metr aralıda AK-74 təlimi verən baş leytenant Cəfərov səslənir:
– Həzi (məni xidmətdə çox vaxt belə çağırırdılar), deyəsən, sənin dalınca gəlirlər.
Üstümü çırpa-çırpa hərbi hissədən gələn yola boylandım – tabor komandirimiz bir rabitəçi əsgərlə bizə yaxınlaşır. Mən təbii ki, öz işimdəyəm. Cidd-cəhdlə sinənin deyil, göbəyin üzərində fırlanmağı öyrədirəm. Amma nə olsun, 20 metr qalmış, tabor komandiri “Əsgər Həziyev!” deyə səsləndi. Az qaldım ki, baş leytenant Cəfərova tərəf gedəm, onun məsələni hardan bildiyini öyrənmək üçün. Amma əmr olunan tərəfə lazımi cavabı verdim, üst-başımı düzəldib qaçdım, beş addım qalmış yavaşıyıb, üç addımlığa qədər addımlayaraq məruzə elədim.
“Lazım deyil, səni Korpusdan ”osobist” çağırır, qaçaraq get”, – dedi.
Əmri qəbul edib, intizamlı qaçışla davam elədim. Qapını döyüb, razılıq alandan sonra içəri girdim və hərbi salam vermədən “Əsgər Həziyev!” deyə, özümü təqdim etdim. Hər şey burdan başladı, yoldaş polkovnik-leytenant qəzəbləndi. Mən buna izah etmək istədim ki, o, mənim xidmətim üzrə zabit deyil, amma alınmadı. 15 dəqiqəyə kimi sürən gərginlikdən sonra mənə “otur” dedi. Səhv etmirəmsə, mən artıq 5-ci ifadəmi vermiş olurdum. Siyasətə dair verdiyi suallara quru və diplomatik, amma hərbi-diplomatik cavablar verir, onu mövzuya girməmək üçün xəbərdar edirdim. Məsələn, orduya münasibətimi soruşdu, mən də sualı anlamadığımı dedim. Izah elədi ki, mən cəbhəçiyəm, hakimiyyətdə YAP-dır, ona görə soruşur. “Bu, YAP ordusudursa, məni niyə gətirmisiz, Azərbaycan ordusudursa, bu nə sualdır?” cavabımdan diksindi sanki. Və keçdi hədələməyə…
– Deyirlər, dağa (konkret ad çəkir, amma burada yazmaq qaydalara uyğun deyil) gedirsən, bilirsən də orada ölüm-itim çox olur.
Bunu deyəndən təxminən on saniyə sonra mən tam anladım ki, bu adam məni təhdid edir. Nə deyəcəyimi bilmirdim, təxminən on saniyə də düşündüm. Bu vaxt ərzində gözünü çəkmədən üzümə baxırdı. Dilləndim:
– Ermənilərlə danışmısız, ya siz öldürəcəksiz?
Polkovnik-leytenant qəflətən bağırdı:
– Yoldaş əsgər, tərbiyəli ol!
Az sonra ilk dəfə xidmətdə söyüş söyürəm; yoldaş polkovnik, …dir.
Və ara qarışır…
Bağırtıya baş leytenant olan “osobist” içəri girdi. Mən icazə almadan çıxdım bayıra.
Əsgər bufetinin yanına çatanda Ibayev (bu əsgər mənimlə yanvarın soyuğunda Naxçıvana getmişdi, ayağında qaloş, əynində idman gödəkçəsi və süzülmüş sviter var idi. Təxminən 45 kiloqram çəkisi olardı, təyyarədən düşəndə donduğu üçün qucağımda gətirmişdim, milliyyətcə talış idi, oxuyub-yazmağı və Azərbaycan dilini bilmirdi) güclə danışaraq, “Müəllim, zampolit sizi axtarır” – dedi.
Bir az qabağa gedəndə yoldaş mayor özü məni gördü:
– Həziyev, gəl, bu müharibə tarixinə aid məsələləri bitirək, konspektləri de, yazsınlar.
Yaxınlaşdım, üzümə baxdı, yəqin ki, qaralmışdım:
– Nə olub?
– Hərbi hissə komandiri ilə görüşmək istəyirəm.
– Buralarda gözlə.
Bir azdan qərargah növbətçisi gəldi ki, komandir çağırır. Qapını döydüm və üsulunca məruzə elədim:
– Istədim ki, xəbəriniz olsun, buranın böyüyü sizsiz, indicə korpusdan gələn “osobist”i söydüm.
– Nə dedin?
Söyüşü təkrar işlətməyə utandım. Bir-iki dəfə çək-çevir elədi və nəhayət, dedim. Səbəbini də açıq soruşdu. Dedim ki, məni ölümlə hədələdi. Bəlkə də 110 kiloqram olan, tökmə bədənli zabit, yerindən sıçradı. Qapıya qədər getdi və fikrini dəyişib qayıtdı, telefonu götürüb kiməsə dedi: “Bura yiyəsi ölmüş bostan deyil ki, kim gəldi, girib-çıxsın. Axırıncı dəfə olsun ki, mənim xəbərim olmadan belə şey olur!”
Mənə də “narahat olma”, – deyib yola saldı.
Atış günüdür, mərmi almaq üçün əməliyyat bölmə rəisinin əmri lazımdır. Onu qərargahdan götürmək istəyirəm. Hissə növbətçisi olan zabit məni bayıra itələyir: “Ay bala, çıx bayıra”. Bu baş leytenant məndən iki yaş kiçikdir. Bir qədər səbrlə davranmaq istədim. Amma olmadı, qərargahın qarşısında süpürləşmə düşdü. Bir dəqiqə davam etmişdi ki, gördüm, zabit məni buraxır. Hesabla belə olmamalı idi. Çünki baş leytenant Cəbiyev (sonradan dost olduq) qabağından yeyən oğlan deyildi. Baxdım ki, arxada yenə “osobist” dayanıb. Cəbiyev işində oldu. Indi “osobist” məndən hadisəni soruşmaq istəyir. Mən isə vaxtımın olmadığını, bölüyün atış sahəsinə getməsi üçün əmri aparmalı olduğumu deyib, qərargaha girirəm. Bu dəfə yoldaş baş leytenant dodaqlarını gəmirə-gəmirə qalır. Əmri alıb çıxanda, yandıq babında hərbi salam verib, “Sağ olun, yoldaş baş leytenant!” deyirəm.
Bir neçə həftə sonra “bölük çıxışa” komandasıyla 20 dəqiqəyə yataqxananın qarşısında hazır oluruq. Üstünə “Adamlar” yazılmış maşınlarla dağa yollanırıq.
Iyul ayıdır, bizim bölük meşədə çıxışdadır. Odun tədarük edir. Bu bölük, sözün həqiqi mənasında bir tarixdir. Inspeksiya-yoxlama atışlarında, idmanda, tədarükdə – hər bir sahədə birinci olmağı bacarırdı. Amma qüsurlar da ortaya çıxırdı. Aprel çağırışçılarından 6 əsgərimiz var. Mən tabor mərkəzində bölüyün inventarına və silah sursatına sahiblənmək üçün 3 əsgərlə xidmət aparıram. Əsgərləri təhvil aldıqdan sonra, onlara çimməkləri üçün hazırlıq görmələrini əmr edirəm. Odun doğrayırlar və beləcə, mən onların fiziki imkanlarını gözdən keçirdim. Ikisi çox halsız idi. Əbilov isə (soyad şərtidir) sanki yaşamaq istəmirdi. Çimdilər, istirahət üçün tapşırıq verdim. Iki saat sonra “Qalx!” komandası ilə taborun ərazisini gəzdirib tanış edirəm. Düşmən tərəfi və düşmənlə bizim aramızda olan ön cəbhə nöqtələrimizi, boşluqları, təhlükələri izah edirəm. Ertəsi gün əbədi komutanım olan tağım komandirim gəldi və əsgərləri meşəyə apardı. Iki sısqa əsgəri tapşırdım. Hətta Əbilovu aşpaza köməkçi təyin etməsini istədim. Səbəbini soruşdu, zarafatca “yerlindir” dedim. Sonra izah etdim ki, onun durumu yaxşı deyil. Amma Əbilov razılaşmayıb, oduna gedib.
Növbəti həftəsonu bölük hamama gələndə, mən birinci tağım komandirinin müavini kimi, şəxsi heyəti düzüb, problemlərlə maraqlanır, qeydlər edirdim. Sırada heç kim bir problemi olduğunu demədi. Amma manqa komandirlərindən biri sanki mənə nəsə demək istəyirdi. Sıra dağıldıqdan sonra yaxınlaşdı:
– Həziyev, bir məsələ var, amma desəm, pis baxacaqlar mənə.
– Onda demə, yaxşı oğlan kimi əzab çək.
Söz onu tutdu:
– Əbilov özünü asmaq istəyir…
Mən bağırdım:
– Niyə?
Sakit səslə bir əsgərin və bir manqa komandirinin familiyasını səsləndirərək dedi ki, əziyyət verirlər meşədə.
“Sən get!” dedim. Komanda verdim ki, aprel çağırışçıları düzülsün. Düzüldülər. Yataqxananın bir otağında onları bir-bir dindirdim. Guya, oğurluq olub. Və nəhayət, tapdım. Əbilov anasına “intihar məktubu” yazıb. Bu sözlər qanımı dondurdu: “Bağışla, atamdan sonra sənə sahib çıxmaq üçün yaşaya bilmirəm”.
Ondan atasının nə vaxt rəhmətə getdiyini soruşdum. “Xidmətə gəlməzdən 20 gün öncə…”, – deyə cavab verdi.
Biz hamımız günahkar idik. Onun bu həssaslığını üzə çıxarmamışdıq. Bu intihar reallaşa bilərdi. Özümə gələ bilmirəm. Tağım komandirimə məruzə elədim. Təbii ki, Əbilov mənimlə qaldı. Günahkarlar isə vəzifələri alınaraq, lazımi yerə göndərildilər.
Dağda soyuq aylar başlayanda, hadisələr çoxalır. Çünki aqressivlik də artır…
Ikinci arıq əsgərlə bağlı da deyim. Əsəbiləşəndə ona deyirdim ki, sənin yerini dəyişdirəcəyəm. Ağlına batırdı (halbuki, mənim elə səlahiyyətim yox idi), ağlamsınırdı ki, orada məni döyüb öldürərlər. Burada isə artıq əmin-amanlıq var idi.
Payız gəldi. Qar da çox gözlətmədi. Qonşu bölüyün tağım komandiri Cəbiyevlə meşədən odun gətirməyə gedirik. Hər kəs öz tağımını aparır. Meşənin içinə çatanda, fətir kimi qırmızı yanağı olan, milliyyətcə avar Nurəddinov Hacımurad yaxınlaşdı:
– Komandir, icazə verin, ocaq qalayaq.
– Qalayın
Cəbiyev sanki dəli oldu:
– Bu qarda ocaq qalamaq olar?
– Bizim bölük bacarar!
Mərc gəldik – bir blok siqaretdən. Əsgərlərə dedim ki, tonqal qalasanız bir blok siqaretiniz də olacaq. Hacımurad qışqırdı: “Komandir, yandı, gəlin!”
Bu necə olur? Dağ bölükləri bilirlər – yıxılmış odunları çevirir, onun alt quru hissəsini ayırır, yandırırlar. Vəssalam…
Əsgərlərimin siqareti də var – West!
Və biz qarda həyəcan təlimlərinə başlayırıq…
Yox, qar soyuq deyil, qorxmayın! Bezmədinizsə, o biri yazını da gözləyin…