Cəmil Həsənli: “Sovet hakimiyyətinin təzyiqlərini yumşaltmaqdan ötrü belə hallar olurdu”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hakim AKP-nin parlament fraksiyasının toplantısında Azərbaycanla bağlı CHP-yə ittiham irəli sürməsi gündəmin ən çox müzakirə olunan mövzusudur.
CHP-nin suriyalı qaçqınlarla bağlı mövqeyinə toxunan baş nazir bu partiyanın hakimiyyətdə olduğu 1945-ci ildə 146 azərbaycanlı ziyalısını güllələnmək üçün Stalin rejiminə təhvil verdiyini xatırladıb. Bu da istər Türkiyə, istərsə də Azərbaycan tarixinə acı bir xatirə olaraq yazılmışdır.
Ərdoğanın bu ittihamına o dövrdə Türkiyə prezidenti olan Ismət Inönünün nəvəsi, CXP Ankara millət vəkili Gülsün Bilgəhan cavab verib.
Gülsün Bilgəhan bildirib ki, dövlət adamı əvvəlcə öz vətəndaşının təhlükəsizliyini və milli mənafelərini müdafiə etməlidir: “1945-ci ildə soyuq müharibə şərtlərində Türkiyə beynəlxalq müqavilələrə sadiq qalaraq sərhəddən girən azərbaycanlı qaçqınları Rusiyaya təhvil vermək məcburiyyətində qalıb. Deməli, hökumət Stalinin bir sərhəd məsələsini bəhanə edib Türkiyəyə hücum etməsinin qarşısını bu şəkildə alıb”. Bu açıqlama ilə o, bir daha Ərdoğanın səsləndirdiyi faktı təsdiqləyib.
Bu faktı tarixçilər də təsdiqləyir.
Tarix elmlər doktoru, professor Cəmil Həsənli belə bir faktın olduğunu desə də, Stalin rejiminə təhvil verilən şəxslərin ziyalı olması məsələsinin dəqiqləşdirməyə ehtiyac olduğunu bildirdi.
C.Həsənlinin sözlərinə görə, böyük ehtimalla bu adamlar ötən əsrin 30-cu illərində kollektivləşmə dövründə Türkiyəyə keçənlərdi. Həmin dövrdə kollektivləşməyə etiraz olaraq Irana, Türkiyəyə təxminən 5 minə yaxın adam keçmişdi. Onların içində kollektivləşməyə qarşı aktiv fəaliyyət göstərənlər var idi. Sovet Ittifaqı müharibədən qələbə ilə çıxandan sonra müəyyən qrup adamların qaytarılmasın tələb edirdi. Bundan əlavə müharibə dövründə Almaniya tərəfə keçib, Almaniya məğlub olanda sonra Türkiyəyə gələnlər də var idi. Təhvil verilənlər arasında bu adamlar da ola bilərdi. Bütün bunların dəqiqləşdirilməyə ehtiyacı var. Lakin bu faktların baş nazirin dilindən səsləndirilməsi onun doğruluğunu göstərir: “Sovet Ittifaqı həmin dövrdə müharibədən güclü çıxmışdı və təzyiqləri var idi. Hətta Türkiyə həmin dövrdə Ankarada səfirlik işçisi adı ilə fəaliyyət göstərən Karnilov və Ivanov soyadlı DTK işçilərini də əfv etmişdi. Münasibətləri yaxşılaşdırmaq, sovet hakimiyyətinin təzyiqlərini yumşaltmaqdan ötrü belə hallar olurdu”.
Fizzə