Rusiya rəhbəri Vladimir Putin yeni prezidentlik müddətinə namizədliyini öz adından irəli sürəcək, yəni, bu, “Vahid Rusiya” partiyasının adından edilməyəcək.
Bunu, Vladimir Putininin özü ənənəvi illik mətbuat konfransında bildirib.
“Bu, özünü [namizədliyini] irəlisürmə yolu ilə baş verəcək”, – Putin deyib.
“Mən, ölkənin inkişafına baxışlarımı bölüşən və mənə etibar edən siyasi qüvvələrin və vətəndaşların geniş dəstəyinə ümid edirəm”, – Rusiya prezidenti əlavə edib.
Mətbuat konfransının əvvəlində Putin deyib ki, onun seçkiqabağı proqramı artıq, demək olar kı, hazırdır, lakin sənədin təqdimatı üçün vaxt hələ yetişməyib.
Rusiyada prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini fərdi qaydada irəli sürən şəxs azı 300 min tərəfdarının imzasını toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Bununla yanaşı həmin namizədi dəstəkləyən və ən azı 500 nəfərdən ibarət təşəbbüs qrupu formalaşdırılmalıdır.
Qarşıdan gələn prezident seçkilərində iştirak etmək qərarını Vladimir Putin ilk dəfə olaraq dekabrın 6-da Nijni Novqorod şəhərində QAZ avtomobil zavodunun fəhlələri ilə görüşündə açıqlayıb.