Yaxud işıq gələn tərəfdən qaçıb, it hürən tərəfə getmək
Uzun illərdi Azərbaycanı dartmaqla məşğul olurlar. Və uzun illərdən sonra məlum oldu ki, bu kəndir ölkəni yaxşı tərəfə dartmır. Bəli, asfalt yoldan çıxan avtomobil mütləq dərə-təpəyə düşməlidir və biz bu narahatlığı hiss edirik. Amma “sürücü” israr edir ki, bataqlıqda maşın sürmək daha asan və rahatdır.
Rusiyanın XİN başçısı Sergey Lavrovun ADA Universitetindəki çıxışı bu mənada diqqətəlayiqdi. Ona görə də məhz çıxışın birbaşa bizə aid olan hissəsindən yapışmaq istəyirəm. Deməli, Lovrov Qərbi hədəf seçdikdən, Qarabağ məsələsinə toxunduqdan sonra uzun-uzadı çıxşının “mustafa”sında bildirib ki, Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun olardıq. Bəli, bildirib ki, Avrasiya İttifaqı açıq inteqrasiya ittifaqıdır.
Əvvəla, heç kimə sirr deyil ki, Qarabağ münaqişəsinin ədalətli həllinə əngəl törədən Rusiyadır və Azərbaycanı təsir dairəsində saxlamaq üçün heç zaman ədalətli həll variantına imza atmayacaq. O da sirr deyil ki, Rusiya Ermənistana maddi, hərbi, siyasi, mənəvi dəstəyiniheç zaman danmayıb. Hətta qoşunların birləşdirilməsindən tutmuş, “Ermənistan bizim Qafqazda ən mühüm müttəfiqimizdir” deməyə qədər bütün addımlar atıldı. Faktiki olaraq Ermənistan 25 ildir ki, Azərbaycanın 20 faiz ərazisini Rusiyanın zəmanətiylə əldə saxlayır. Ümumiyyətlə, 20 yanvar faciəsindən tutmuş, Xocalı soyqırımına qədər bütün dəhşətlərin arxasında Rusiyanın çubuğunu görmək mümkündür. Yəni, məsələnin siyasi tərəfi şəffaf şəkildə görünür və Azərbaycan hökumətinin Rusiyanın maraqlarına uyğun siyasətinin heç bir dövlət əhəmiyyətli qarşılığının olmadığı aksiomadır.
Amma məsələnin iqtisadi tərəfi də var və dövlətin gücü, sabaha zəmanəti, xalqın rifahı da məhz iqtisadi amillərdən asılıdır. Görəsən, Avrasiya İttifaqına təşrif buyurmaq Azərbaycanın cibinə nə qoyacaq? Bu gün Azərbaycanın xarci ticarət dövriyyəsinin yalnız 13 faizi MDB ölkələrinin payına düşür. Bu gün Azərbaycana investisiya qoyuluşunun, Azərbaycanın idxalının böyük hissəsi Qərb ölkələrinin payına düşür. Azərbaycan yalnız Qərb institutlarından kredit götürə bilir. Bugünə qədər Azərbaycana 150 milyard dollardan artıq neft pulu axıb ki, bunun mənbəyini də Rusiya təşkil etmir. Bəli, bugün bütün dünya Avropa standartlarını, Qərb standartlarını tətbiq edir və zaman göstərir ki, nicat yolu da ordadır. Avrasiya İttifaqı isə Azərbaycan üçün bataqlıq deməkdir. Rusiyanın son illərdəki iqtisadi vəziyyəti onu deməyə əsas verir ki, bu ölkənin özünün ciddi problemləri var və Rusiya Azərbaycanın əlindən tutub qaldırmaq iqtidarında deyil. Azərbaycan Avrasiya İttifaqına qoşulsa, TAP, Tanap və digrə layihələrə maddi dəstəyi hardan təmin edəcək? 150 milyard dollar Qərb istiqamətindən gəlibsə, Avrasiya istiqamətindən 15 milyard dolların gəlmək ehtimalı varmı?
Görünən budur ki, Rusiya heç bir qarşılıq ödəmədən, Azərbaycanın heç bir yarasına məlhəm olmadan öz marağını təmin etmək istəyir. Bəli, Azərbaycanı asflat yoldan çıxarmaq istrəyirlər, əvəzində isə nəinki Qarabağı, heç əsir düşümüş Dilqəm və Şahbazı da vəd etmirlər. Bir daha qeyd edirik ki, Azərbaycanın Avrasiya İttifqqına qoşulması, demokratik dünyanın qapılarının üzümüzə bağlanmasıdır. Bu isə təhsilsizlik, səhiyyəsizlik, hüquqsuzluq və safələtin davam etməsidir.
Məsələnin başqa tərəfi də var. Belə ki, Rusiyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, Azərbaycan hökumətinin ağzının kəsərinə görə müəyyənləşir. Yəni, hakimiyyətin dişsizliyi Lovrovların “böyük arzular”la yaşamasına ümid verir. Məsələ burasındadır ki, hər iki ölkənin hakimiyyətləri mənəvi və siyasi baxımdan ortaq “dəyərlər”ə sahibdilər. Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə Assosasiya sazişini imzalamaqdan imtina etməsi, demokratiyadan qaçışı davam etdirməsi anlamına gəlir. Hakimiyyət dəqiq bilir ki, Avrasiya İttifaqına inteqrasiya heç bir perspektiv vəd etməyəcək, yalnız hakimiyyət kürsüsünün ayaqlarını möhkəmləndirə bilər.
Beləliklə, Azərbaycan hakimiyyəti işıq gələn tərəfə getməkdən qorxur. Çünki, işıqda hər şey aydın görünür. Ona görə də it hürən tərəfə qaçmağa üstünlük verirlər. Xalqın “yağ-yaxmacı”nı ənam verməyə hazırdılar, təki qaranlıqda daha çox oğurlaya bilsinlər.
Bir sözlə, Avrasiya İttifaqına könül vermək nə iqtisadi, nə də siyasi baxımdan Azərbaycana töhfə verə bilməz. Onsuz da, yanlış idarəçilik nəticəsində dizi üstə qalmış ölkəni, ağzı üstə yerlə sürümək meylləri hiss olunur.
Onlar bizə çörək vermək niyyətində deyillər, çörəyimizi almaq niyyətindədilər. Çörəyi dizində olan adamlarla isə, şərikli çörək yemək olmaz.
İlham