Bir halda ki, “gənclərə meydan verilməlidir!” fikri yenidən dövriyyədədir, onda Həmid Herisçinin vaxtilə dediyi bir sözü yada salmağın yeri var. “Gənclərə meydan verilməlidir!” çağırışı əvvəllər də səslənib, əminəm ki, gələcəkdə də səslənəcək. Amma haçansa bu mövzuda söhbət düşəndə Həmid bəy sakitcə demişdi: “Mübarizə meydanında həmişə yer var. Həm də nədənsə ön sıralarda daha çox yer olur…”.
Ön sıralarda yerin daha çox olması isə göstərir ki, meydanda o yeri tutmaq üçün sadəcə önə çıxmaq lazımdır, mübarizə aparmaq, çiyninə yük götürmək gərəkdir. Bu zaman isə sənin dönüb kiməsə “gənclərə yer verin” deməyə vaxtın və həvəsin də qalmır. Bunun mənası da olmur. Çünki sən bir gənc və ya yaşlı olaraq artıq əsl hədəflə üz-üzəsən. Əsas hədəflə üz-üzə durmusansa, deməli, artıq meydanda və həm də öndəsən. Meydanın önü isə həmişə əsas hədəflə üz-üzə dayandığın yerdir.
Bəli, mübarizə meydanının ön hissəsi bu gün oğru və quldur hakimiyyətlə üz-üzə durulan yerdir. Meydan istəyən kəs yeri buradan seçməlidir və öncə hakimiyyətlə mübarizədən başlamalıdır. Dəyərlər də bunu tələb edir. Əli Kərimli və Isa Qəmbər də məhz bununla meydandadır. Ona qalsa, bizim şanlı ölkədə çox partiya və partiya sədri var, amma yada düşmürlər. Hətta bir partiya daxilində də məhz hakimiyyətlə mübarizə arealında ağılla, bacarıqla, cəsarətlə öndə olmalısan ki, partiyanın sədri, sədrin müavini və yaxud əsas funksionerlərindən olasan.
Bu fikrin doğruluğunu təsdiq etmək üçün son vaxtlar bizdə Aleksey Novalnını misal çəkirlər. Bəli, 1976-cı il doğumlu bu şəxs Rusiyada müxalifətin əsas liderlərindən birinə çevrilib. Amma hamı elə bilir ki, hər şey birdən-birə baş verib və guya bu uğur sadəcə bloq yazıları ilə qazanılıb. Yox, Aleksey Rusiyada müxalifətin ən zəif dönəmlərindən hakimiyyətlə mübarizə aparırdı. 2000-ci ildən meydanda olan Aleksey hələ 2004-2005-ci illərdə Mariya Qaydarla etirazçı qüvvələrin önündə idi. Aramsız artan mübarizədə, o, müxtəlif təşkilatlar yaratdı, fərqli layihələr həyata keçirdi, siyasi partiyada oldu, TV verilişləri apardı, səhmdarların hüquqlarını qorudu, korrupsiyaya qarşı mübarizə apardı və bütün bunları bloqunda işıqlandırdı. Ən məşhur bloger olmağı da, siyasi liderə çevrilməyi də yalnız cəsur və aramsız ictimai mübarizəsi ilə qazandı.
Biz niyə Aleksey Novalnı misalı ilə məhdudlaşmalıyıq?! Son illərdə bir-birindən fərqli yaşda və tipdə gənclər Azərbaycanın ictimai-siyasi həyatına gəldi. Məsələn, Erkin Qədirli. Elə Emin Milli. Əbülfəz Qurbanlı, Tural Abbaslı, Samir Əsədli, Adnan Hacızadə, Bəxtiyar Hacıyev, Rəşadət Axundov, Ülvi Həsənli, Rövşən Nəsirli və s… Mən yalnız o adları çəkirəm ki, təxmini real palitra göz önünə gəlsin. Bu gənclər arasında siyasi partiyalara bağlı olmayanlar da var, siyasi partiyaların üzvləri də, hətta təkbaşına meydanda olanlar da. Onların hamısı fərqli cəhətləri var, amma bir amilə görə tanınıb və qəbul olunublar: siyasi hakimiyyətə alternativ xətdə dayandıqlarına görə. Meydanda da yalnız bu xətti davam etdirdikləri halda qala biləcəklər…
Deməli, gənclərə meydan verilməsi ilə bağlı çağırışlar hətta gecikib. Gənclər artıq meydandadır. Siyasi partiyalar da məhz gənclərin fəallığı ilə canlandı. Artıq öz təşkilatlarını yaradanlar da var. Narazı gənclərin sayı da çoxalır. Sıralarında isə elə parlaq, dəyərli simalar var ki, meydanı onlarsız təsəvvür etmək mümkün deyil. Hətta o da artıq duyulur ki, Azərbaycan hakimiyyəti nəinki bundan öncəki nəsil siyasətçiləri gözdən salmağa çalışır, yeni nəsil fəalları nüfuzdan salmaq istəyir. Çünki onların meydanda olmasından hakimiyyət narahatdır…
Amma o kəslər meydanda olacaq ki, həm narahatlıq yaradaraq, həm nüfuz qazanaraq Azərbaycandakı hakim siyasi rejimlə döyüşə bilsin, onun qarşısına çıxa bilsin. Üsulundan, formasından asılı olmayaraq bu mübarizəsiz heç kəsin səsi eşidilməyəcək. Sən heç kimə lazım olmayacaqsan. Hətta başqasını meydandan çıxarmağın da yolu hakimiyyətlə mübarizədir. Meydanda olmağın belə çətinlikləri var. Meydanı gənclik belə almalıdır…
Əks halda, “gəncliyə yer verin” çağırışları, “gənclərə ipoteka krediti ayırın, mənzil alsınlar” kimi səslənəcək…