Oktyabrın 24-də Nərimanov Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, ilahiyyatçı Taleh Bağırzadənin tərəfdarı və Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçısı olan Əhsən Nuruzadənin ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Hakim Rəşad Abdulov dindar fəalın vəkili Yalçın İmanovun bu haqda vəsatətini təmin etməyib.
Qapalı keçirilən məhkəmə iclasında Ə.Nuruzadə özü də iştirak edib. O, ittihamın saxta olduğunu, ictimai fəallığına görə həbs edildiyini vurğulayıb.
Vəkil də öz növbəsində Ə.Nuruzadənin həbsdə saxlanması üçün əsaslar olmadığını bildirib.
Amma hakim qısa müşavirədən sonra Ə.Nuruzadənin ev dustaqlığına buraxılması haqda vəsatətin təmin olunmadığını açıqlayıb.
Y.İmanov “Azadliq.info”ya bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
“Əhsən məndən xahiş elədi ki, dostlara salamlarını çatdırım. Dedi ki, möhkəm olsunlar. O, hazırda Kürdəxanıdakı Bakı istintaq təcridxanasında 6 nəfərlik kamerada saxlanılır. Saxlanma şəraitindən narazılığı yoxdur”, – vəkil bildirib.
Ə.Nuruzadə oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əlkə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14,775 qram heroin tapıldığı iddia olunur.
Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.
“Məni döyə-döyə “bandotdel”in həyətinə gətirdilər. Həyətdə əllərimi qandallayıb binanın birinci mərtəbəsində bir otağa gətirdilər. Deyəsən, şöbə rəisinin kabineti idi. “Rəis” olduğunu deyən bir nəfər əlini cibimə atdı ki, “görüm, cibində nə var?” Əlini çıxartdı, iki nəfər hal şahidi çağırdılar. Onların yanında yenə bayaq rəisin əl saldığı cibimə baxdılar, bu dəfə üç balaca bükülüdə narkotik çıxartdılar”, – Əhsən Nuruzadə həbs qərarından verilmiş şikayətə baxılarkən məhkəməsində danışıb.
Ə.Nuruzadə bundan öncə də iki dəfə – 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.
Azadlıq.info