Rusiya Suriyadakı hərbi dəniz bazasını bağlamaq qərarına gəldi
Suriya ordusu ötən gün paytaxt Dəməşqin ətraf rayonlarında üsyançılara qarşı xüsusi əməliyyatlar keçirib. Suriya Insan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, əməliyyatlar zamanı baş vermiş qarşıdurmalarda azı 20 nəfər öldürülüb.
Üsyançıların olduğu bölgələrə ağır artilleriya yeridən ordu qüvvələri çoxlu sayda yaşayış məntəqələrini dağıdıb.
Müxalif fəallarının sözlərinə görə, son iki gündə bu bölgədə 70-ə yaxın adam öldürülüb. Hələb şəhərində isə, orduya məxsus qırıcı təyyarələr üsyançıları raket atəşinə tutublar. Nəticədə 10 nəfər həyatını itirib. Müxalifət fəalları bəzi bölgələrdə meşə yanğınlarının başvermə səbəbini öldürülən üsyançıların cəsədlərinin yandırılması ilə izah ediblər. Onların sözlərinə görə, hökumət qüvvələri bu yolla cinayətlərinin izini itirməyə çalışır.
Bu arada Rusiyaya səfər edən Suriya baş nazirinin müavini Qədri Cəmil hökumətin Bəşər Əsədin istefasını müzakirə etməyə hazır olduğunu bildirib. O əlavə edib ki, Əsədin istefası ön şərt kimi irəli sürülməməlidir. Qədri Cəmil deyib ki, Qərb Suriyaya hərbi müdaxilə üçün bəhanə axtarır. Qədri Cəmillə görüşdən sonra açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bəşər Əsədin ölkədəki böhranın aradan qaldırılması üçün atdığı addımların yetərsiz olduğunu söyləyib.
Rusiya mətbuatının yazdığına görə, hökumət qüvvələrinin öldürdüyü silahlılar arasında keçmiş çeçen səhra komandiri Ruslan Gilayevin oğlu Rüstəm Gilayev də var. Xəbərdə deyilir ki, Bəşər Əsəd rejiminə qarşı çeçenlərlər yanaşı, özbəklər də üsyançıların tərəfində vuruşur.
Bəşər Əsəd rejiminə dəstək verdiyinə görə qınanan Rusiya geri addım ataraq bu ölkədəki hərbi bazasını bağlamaq qərarına gəlib. 40 ildən çoxdur Tartus limanındakı hərbi dəniz bazası Rusiya üçün mühüm əhəmiyyət kəsb edirdi. Yayılan son məlumatlara görə, bazadakı rus hərbçilər evakuasiya olunur. Bütün hərbi texnika yığışdırılaraq daşınması üçün hazır vəziyyətə gətirilib. Baza rəhbərliyi Moskvadan əmr gözləyir. Bazanın komandiri polkovnik Dmitri Jivoronkov Tartus limanını təkr etmək üçün Rusiya prezidenti Vladimir Putindən əmr gözlədiklərini bildirib.