Sabiq baş prokurorlar hakimiyyətin “zəhərlənmə şousu”na münasibət bildirdilər
Xəbər verildiyi kimi Bakı Şəhər Prokurorluğunda mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Hafiz Hacıyevin irəli sürdüyü iddia əsasında cinayət işi başlanıb. Ictimai rəydə bu cinayət işi AXCP sədri Əli Kərimliyə təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Çünki cinayət işi başlanmamışdan öncə Hafiz Hacıyev mətbuatda Elçibəyin “zəhərlənməsində” AXCP sədrinin adını hallandırıb.
“Azadlıq” qəzeti bu məsələ ilə bağlı Azərbaycanın tanınmış hüquqşünasları, müxtəlif vaxtlarda ölkənin baş prokuroru vəzifəsində çalışanların rəyini öyrənib.
Əli Ömərov başlanan cinayət işinin perspektivi olmadığını deyib: “Çünki Elçibəyin zəhərlənməsi ilə bağlı tibbi arayış olmalı, yaxınları, qohumları dindirilməli, müraciəti olmalıdır. Mən isə mətbuatdan oxuyuram ki, nə tibbi arayış var, nə də qohumları bu məsələ ilə bağlı iddia qaldırıblar. Ona görə də bu cinayət işinin perspektivini görmürəm”.
İxtiyar Şirin Hafiz Hacıyevin iddiası əsasında başlanan cinayət işini siyasi sifariş olduğunu deyib: “Bu siyasi sifariş əsasında başlanmış cinayət işidir və hüquq tarixində böyük bir biabırçılıqdır. Bu hadisə Əli Kərimliyə, bütövlükdə müxalifətə qarşı yönəlib. Vaxtilə mənim barəmdə də absurd ittihamlarla cinayət işi başlanıb. Hakimiyyət rəqiblərini sıradan çıxarmaq üçün belə üsullardan istifadə edir”.
Mətləb Mütəllimli də Elçibəyin zəhərlənməsilə bağlı başlanan cinayət işinin qondarma olduğunu, siyasi məqsəd daşıdığını bildirib: “Bu nə hüquqa, nə insanlığa sığan bir addımdır. Bu hadisə Azərbcandakı mövcud rejimin mahiyyətini açdı. Bir daha aydın oldu ki, rejim rəqiblərini şərləməklə, böhtan atmaqla, insanlığa sığmayan hərəkətlərlə sıradan çıxarmaq istəyir. Vaxtilə Əli Kərimlinin cibindən tank əleyhinə qumbara ”tapmışdılar”. Bu cinayət işi də ona oxşayır. Bu hadisə həmçinin dünyasını dəyişmiş bir insanın ruhuna hörmətsizlikdir”.
İlyas İsmayılov isə bildirib ki, bu cinayət işi əhəmiyyətsiz bir şeydir: “Mən cinayət işinin materialları ilə tanış deyiləm. Amma bir sual maraqlıdır: 12 ildən sonra bu cinayət işinin başlanmasının nə əhəmiyyəti var? Digər tərəfdən mən mətbuatdan izləyirəm ki, Elçibəyin zəhərlənməsilə bağlı hər hansı dəlil sübut yoxdur. Ona görə də cinayət işi başlanmasını artıq şey hesab edirəm”.
Murad Babayev Elçibəyin zəhərlənməsilə bağlı iddia qaldıranların əlində hər hansı dəlil olduğuna inanmadığını bildirib: “İnanmıram ki, Elçibəyin zəhərlənməsini iddia edənlərin əlində hansısa dəlil olsun. Olsaydı 12 il onu saxlaya bilməzdilər. Görünür, prokurorluq bu söhbətlərə son qoymaq üçün cinayət işi başlayıb. Yəni bu sırf texniki məsələ ola bilər. Amma cinayət işi başlanmasına ehtiyac yox idi”.
Hikmət