Blogger öz məhkəməsində iştirak etmək istəsə də, ona imkan verilmədi
Bu gün Ali Məhkəmədə həbsdə olan tanınmış blogger Mehman Hüseynovun kassasiya şikayətinə baxılıb. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin iddiası əsasında martın 3-də 2 il azadlıqdan məhrum edilən bloggerin kassasiya şikayəti təmin olunmasa da, onun haqqında apellyasiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Bakı Apellyasiya Məhkəməsi 12 aprel 2017-ci il tarixli qərarı ilə Mehman Hüseynovun iki azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlamışdı. Ali Məhkəmədə Əli Seyfəliyevin sədrliyi ilə, Hafiz Nəsibov və Tahir Kazımovdan ibarət hakimlər kollegiyası həmin qərarı ləğv edib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Mehman Hüseynov bir vəkilinin şikayətindən imtina edib
Bugünkü məhkəmədə əvvəlcə Mehman Hüseynovun göndərdiyi iki ərizə müzakirəyə çıxarılıb. Birinci ərizəsində Mehman Hüseynov yazıb ki, vəkili Elçin Sadıqovun hazırladığı və özünün də imzaladığı kassasiya şikayətindən imtina edir. O, digər vəkilləri Fuad Ağayev və Şəhla Hümbətovanın hazırladığı kassasiya şikayətinə baxılmasını istəyir.
Bu ərizə ilə əlaqədar Mehman Hüseynovun məhkəmədə iştirak edən vəkilləri – Fuad Ağayev, Elçin Sadıqov və Fəxrəddin Mehdiyevin rəyi soruşulub. Vəkillər bildiriblər ki, bu, Mehman Hüseynovun mövqeyidir və onlar da etiraz etmirlər.
Mehman Hüseynovun bu ərizəsi təmin edilib, Elçin Sadıqovun hazırladığı şikayətə xitam verilib.
Bloggeri həbs elətdirən polis rəisi yenə məhkəməyə gəlməyib
Bloggerin ikinci ərizəsi isə məhkəmədə iştirakla bağlıdır. Mehman yazıb ki, Ali Məhkəmədə onun işinə baxılarkən prosesdə özü də iştirak etmək istəyir. Vəkilləri şəxsin öz məhkəməsində iştirak etmək hüququnun olduğunu vurğulayaraq, ərizənin təmin olunmasını istəyiblər. Amma hakimlər ərizəni təmin etməyib. Hakim Əli Seyfəliyev deyib ki, Mehman Hüseynov öz məhkəməsində iştirak etmək istəyini kifayət qədər əsaslandırmayıb.
Müzakirəyə çıxarılan daha bir məsələ isə bloggerin həbsinin səbəbkarı olan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin və vəkil Şəhla Hümbətovanın prosesdə iştirak etməməsi olub. Mehmanın vəkilləri də, elə Musa Musayevin öz nümayəndəsi də onların iştirakı olmadan məhkəmənin keçirilməsinə etiraz etməyiblər. Elçin Sadıqov bildirib ki, istər Suraxanı Rayon Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində dəfələrlə xüsusi ittihamçı Musa Musayevin özünün iştirakının təmin olunması haqda vəsatətlər qaldırıblar, amma təmin olunmayıb.
“Aşağı instansiya məhkəmələrində onun iştirakı olmadan baxılması mümkün olmuşdusa, deməli, burada da baxıla bilər”, – bunu isə Fuad Ağayev deyib.
Məhkəmə Musa Musayev və Şəhla Hümbətovanın iştirakı olmadan keçirilib.
Daha sonra vəkillərin çıxışı başlanıb.
“Polis rəisi haqlıdırsa, niyə videoları ortaya qoymadı?”
Fuad Ağayev bildirib ki, bu işin kökü yanvarın 8-də Mehman Hüseynovun paytaxtın mərkəzində – Mərdanov qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində baş vermiş hadisə dayanıb: “Həmin gün axşam saat 19.45 radələrində bir neçə nəfər mülki geyimli şəxs ona hücum eərək, yerə yıxıb, başına torba keçirib. Onu maşına mindirib, bir saat şəhərdə gəzdiriblər. O müddətdə başından torbanı çıxarmayıblar. Yol boyu məsləhətləşiblər ki, hara aparsınlar – Bakı Şəhər Baş Polis İdarəsinə, “banditizmə” (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi), yoxsa başqa yerə. Axırda Nəsimi Rayon Polis İdarəsinə gətiriblər. Bir neçə saat ağzı bağlı, başında torba, ayaq üstə saxlayıblar. Orada Mehmanın vəziyyəti pisləşib, təcili yardım çağrılıb. Ona analqin və dimedrolun qarışığı vurulandan sonra yuxuya gedib. Ertəsi gün onu məhkəməyə aparıblar, guya inzibati xətaya yol verdiyinə görə cərimələnib. Qərarda da yazılıb ki, guya Mehman başqa biri ilə dalaşıb, polislər həmin vaxt onu saxlayaraq, Post-Patrul Xidmətinin maşını ilə idarəyə gətiriblər.
Mehman Hüseynov məhkəmədən sonra çıxıb onu gözləyənlərə, jurnalistlərə iki gün ərzində baş verənləri danışıb. Həmin müsahibəsində də bircə dəfə də Musa Musayevin adını çəkməyib. Mehman Hüseynov bu adamı nə görüb, nə də tanıyır.
Amma Musayev bu hadisədən bir qədər sonra Suraxanı Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edir. Əslində, Suraxanı Rayon Məhkəməsi qanunvericiliyin tələblərini əsas götürüb, bu iddianı ümumiyyətlə, icraata qəbul etməməli idi. Çünki qanuna görə, böhtan kimi qiymətləndirilən əməl, ifadə fiziki şəxsin özünə yönəlməlidir. Suraxanı Rayon Məhkəməsinin hakimi isə qanunu pozaraq bu iddianı icraata götürməklə yanaşı, bir qədər də irəli gedib və Mehman Hüseynova 2 il həbs cəzası təyin edib. Bircə cümlə göstərilməyib ki, orada Mehman Musa Musayevin adını çəksin. Çünki belə bir şey yoxdur. Avropa Konvensiyasının 7-ci Protokolunun 1-ci bəndində yazılıb ki, heç kəs cinayət sayılmayan hərəkət və ya hərəkətsizliyə görə təqsirli bilinə bilməz. Amma Mehman Hüseynov cinayət sayılmayan əməlinə görə həbs olunub.
Müdafiə tərəfi proses boyu ağır vəziyyətə salınıb. Əgər Mehman Hüseynovun dedikləri yalan idisə, ona kiminləsə dalaşdığına görə xəbərdarlıq edib, sonra tutub aparmışdılarsa, əllərində olan sübutları ortaya qoymalıydılar. Bütün sübutlar qarşı tərəfin əlindədir. Biz deyirik ki, Mehman tutulduğu yerdə olan “Təhlükəsiz şəhər” kameralarını, Post-Patrul Xidməti maşınındakı video-qeydiyyat görüntülərini, polis idarəsinin giriş-çıxışındakı kameraların çəkdiklərini qoyun ortaya, inanaq ki, Mehman yalan deyir, onun başına torba keçirilməyib, onu mülki geyimlilər tutub maşına basmayıb. Amma məhkəmələr bizim bu haqda vəsatətlərimizi təmin etmədilər. Təəssüf edirəm ki, Mehman Hüseynova qarşı əməliyyata məhkəmələr də cəlb olunub.
Ortada zərərçəkmiş şəxsin – Musa Musayevin ifadəsi yoxdur. Görünür, o qədər ehtiyatlanıb ki, gələr, nəyisə düzgün danışmaz, özü-özünü ifşa edər.
Bu işdə araşdırılması mümkün olan bütün sübutların hamısı ittiham tərəfinin əlində olub. Əgər o sübutlar – video-görüntülər Musa Musayevin haqlı olduğunu, yəni Mehmanın böhtan atdığını təsdiqləsəydi, onları ortaya qoyardılar.
Mehman Hüseynovun əməlində cinayət tərkibi yoxdur. Ona görə də xahiş edirəm, onun haqqında cinayət işinə xitam verilsin və dərhal azadlığa buraxılsın”.
“Məhkəmələr Musa Musayevi çağırıb dindirməkdən çəkindi”
Daha sonra vəkil Elçin Sadıqov çıxış edib. O bildirib ki, Mehman Hüseynova qarşı iddiaya baxılarkən məhkəmə qanunun hadisə yeri ilə bağlı aidiyyət tələbinin pozulmasına göz yumub. Müdafiəçinin sözlərinə görə, iddiaya səbəb olan müsahibə Nəsimi rayo məhkəməsinin qarşısında verilib, ona görə də bu məsələyə Suraxanı Rayon Məhkəməsində baxıla bilməzdi.
“İddia ərizəsinin surətini Mehman bu günə qədər almayıb. Mənə də məhkəmənin hazırlıq iclasından bir gün əvvəl verilmişdi. Suraxanı Rayon Məhkəməsində hazırlıq iclasının qərarı üç gün ərzində bizə verilməlidi, yeddi ay keçib, hələ də verilməyib. Biz xüsusi ittihamçı Musa Musayevi dindirmək hüququndan məhrum edildik. Məhkəmə onu çağırıb dindirməkdən çəkindi. Məhkəmədə çıxışa hazırlaşmaq üçün kifayət qədər vaxta malik olmaq hüququmuz da pozuldu. Bizə cəmi yarım saat vaxt verildi, 15 dəqiqədən sonra hakim gəldi ki, çıxış eləməlisən”, – deyə vəkil bildirib.
Elçin Sadıqov qeyd edib ki, məhkəmələrin neqativ hallara göz yumması, bu cür hökmlər həm də polis idarələrində vətəndaşlara qarşı işgəncə hallarının artmasına səbəb olur.
Vəkil çıxışının sonunda Mehman Hüseynov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
“Mehman korrupsioner məmurları ifşa edirdi”
Bloggerin daha bir vəkili Fəxrəddin Mehdiyev Mehmanın tanınmış jurnalist olduğunu, foto və video reportajlarında ölkədəki problemləri, özbaşınalığı, korrupsiyanı, dövlət məmurlarının sərvətlərini ifşa etdiyini məhkəmənin diqqətinə çatdırıb: “Mehman Hüseynov bu fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalıb. Bu son olay da əvvəlki hadisələrin davamıdır. Jurnalistin peşə fəaliyyətinə görə təqib olunması yolverilməzdir”.
Fəxrəddin Mehdiyev də bildirib ki, Mehman Musa Musayevin adını çəkmədiyinə görə onun iddiası ümumiyyətlə, icraata qəbul edilməməliydi: “Musa Musayev bu işdə hüquqi şəxsin – rəhbərlik etdiyi qurumun təmsilçisi kimi çıxış edir. Bu da yolverilməzdir. Adamın başına gələn əhvalatı danışmasını böhtan kimi qiymətləndirib, onu həbs eləmək biabırçılıqdır. Ümid edirəm ki, Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin yol verdiyi kobud səhvləri aradan qaldıracaq”.
Polis rəisinin vəkili: “Azərbaycanda olan söz azadlığı heç yerdə yoxdur”
Daha sonra Musa Musayevin vəkili Əlirza Əbilov isə çıxışında deyib ki, Mehman Hüseynovun vəkilləri bu prosesdə hansı maddi-prosessual hüquq normalarının pozulmasından danışmadılar: “Kassasiya şikayətində Ali Məhkəmədən edilən xahiş də prosessual normalara uyğun deyil. Onu oxuyanda düşündüm ki, yəqin Mehman Hüseynov şikayəti özü tərtib edib, vəkilləri də imza atıb. Suraxanı Rayon Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını istəyirlər. Belə bir xahiş ola bilməz. Çünki Suraxanı Rayon Məhkəməsinin hökmünə apellyasiya məhkəməsi baxıb və qüvvədə saxlayıb. Ali Məhkəmə onu ləğv edə bilməz. Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarından verilən şikayətə baxır. Kassasiya şikayətinə mahiyyəti üzrə baxılma ayrıdır, işə mahiyyəti üzrə baxılma ayrı”.
Ə.Əbilov onu da qeyd edib ki, Musa Musayevin nüfuz dairəsini onun həyata keçirdiyi xidmət sahəsi təşkil edir. Ona görə də rəhbərlik etdiyi qurumla bağlı məsələlərə reaksiya verməsi normaldır: “Söhbət adamın rəhbərlik etdiyi qurumda baş verənlərdən gedir. Mehman Hüseynovun dediklərindən belə çıxır ki, Musa Musayev öz vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmir, ona görə orada neqativ hallar baş verir”.
Mehman Hüseynovun jurnalist fəaliyyətinə görə cəzalandırılması haqda deyilənlərə isə polis rəisinin vəkili belə cavab verib: “Azərbaycanda olan söz azadlığı dünyanın heç yerində yoxdur. İqtidar, müxalifət qəzetləri, adamların “facebook” səhifələri var, hər kəs istədiyini yazır”.
Çıxışlar yekunlaşandan sonra hakimlər müşavirəyə gedib və on dəqiqə sonra qayıdaraq qərarı elan ediblər.
***
Məhkəmədə AXCP sədri Əli Kərimli və partiyanın bir qrup funksioner və fəalı da iştirak edib. Ə.Kərimli məhkəmə iclasından sonra ictimaiyyət üçün açıqlama verib.
Korrupsionerlərin Mehman Hüseynovdan qisası davam edir. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etsə də, Mehman bəyi azad etmədi. İşə yenidən Apellyasiya Məhkəməsində baxacaqlar. Onu daha bir neçə ay həbsdə saxlamağı özlərinə qənimət bilirlər. Amma xeyri yoxdur, Mehman bəyi də, bütün digər siyasi məhbusları da azad etməli olacaqlar. Biz də #7oktyabr mitinqində həm oğrulardan pulumuzu tələb edəcəyik, həm də siyasi məhbuslara, eləcə də bütövlükdə ölkəmizə azadlıq.
Publicerat av Ali Karimli (Əli Kərimli) den 29 september 2017
Azadliq.info