Süleyman Mikayılovun kor etdiyi Qarabağ qazisi Azərbaycanı tərk etmək məcburiyyətində qalıb
Keçmiş polis işçisi və Qarabağ əlili Maşallah Cəbiyev artıq Azərbaycanda yaşamaq istəmir. Çünki dövlət qurumların Maşallah Cəbiyevə qarşı baş vermiş haqsızlığa biganədir. Bunu Qarabağ qazisi “Azadlıq”a ünvanladığı müraciətdə bildirib.
Xatırladaq ki, Maşallah Cəbiyev ötən il avqustun 22-də Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun göstərişi ilə qəddarcasına döyülüb. Nəticədə Qarabağ qazisi bir gözünü itirib və ayağından ağır xəsarət alıb.
Qarabağ qazisinin Qaradağ rayonunun Gülbax qəsəbəsində daş karxanası olub. Süleyman Mikayılov həmin karxananın ələ keçirmək məqsədilə ora basqın təşkil edib. Karxanada işləyən fəhlələrlə yanaşı Maşallah Cəbiyev də qəddarlıqla döyülüb.
Bu hadisə ilə bağlı Qarabağ qazisi hüquq-mühafizə orqanlarına müraciət etsə də nəticəsi yoxdur. Bu baxımdan da Maşallah Cəbiyev Azərbaycanı tərk emək istəyir: “Əgər bu ölkədə Qarabağ qazisinə qarşı baş vermiş haqsızlığa laqeyddirlərsə mən niyə burada yaşamalıyam? Mənim gözümü kor ediblər, ayağımı sındırıblar, amma hara gedirəm heç kim şikayətimə baxmır. Hüquq-mühafizə orqanları Süleyman Mikayılovdan qorxur”.
Hikmət