Gündəmin əsas mövzusu bu: Ilham Əliyev təzəlikcə qayıtdığı ölkəyə cəmi-cümlətani 5 gündən sonra niyə “işgüzar səfərə” yollandı? Işgüzar səfər idisə, bəs, əvvəlcədən niyə elan olunmamışdı?
Yaxud, sualı bir az da baş-ayaq eləyək: əgər işgüzar səfərə gedəcəkdisə, 5-cə gün gözləyərdi, sonra həm ziyarətini, həm də ticarətini gerçəkləşdirərdi. Yoxsa, o boyda prezidentin işlərini planlaşdırmadığını fikirləşirsiniz? Ya elə düşünürsünüz ki, cənabımızın işi-gücü qurtarıb, Azərbaycanı idarə etmək kimi ağır məsuliyyətdən həftədə bir dəfə Londona getməklə canını qurtarır?
Yox, əlbəttə ki, yox! Burda çox, həddən artıq və olduqca ilginc dövlət idarəetmə prinsipləri gizlənib.
Əgər fikir verdinizsə, möhtərəmimizin Ingiltərəyə səfəri ilə bir gümüş, bir dənə də bürünc medal əlavə olaraq qazandıq. Medal qazanarkən hörmətlimizin zalda olması və idmançılarımıza səylə dəstək verməsi də diqqətdən yayınmadı.
Belə məlum olur ki, cənabımız London biabırçılığının qarşısını almaq üçün növbəti səfərə getməyə məcbur olub – “işgüzar səfər” gedişin mübhəm sirlərini qorumaq üçün uydurulub. Ağlınıza qara-qura zadlar gəlməsin, Ağacan Əbiyev şəxsən elan elədi ki, ay qardaşlar, burda – yəni Londonda – rüşvət keçmir.
Hesab edirəm ki, möhtərəmimizin idarəetmə üslubu haqqında kifayət qədər bilgilisiniz. Möhtərəm həzrətləri idmana çox meyllidir və bunu bir neçə dəfə xalqın gözü qarşısında da nümayiş etdirib – turnikdə çəkinməklə… Idmançılar isə bəzən əsəblərini dilləri və verdikləri qərarlarla yox, yumruqları ilə soyudurlar.
Nə başınızı ağrıdım, adam Londondakı biabırçılıqdan nə təhər hirslənibsə, olimpiadanın bitməsini və gedənlərin qayıtmasını gözləyə bilməyib, dərhal atılıb təyyarəyə, uçub ora ki, yarışmadan bir sürü medal gətirəcəyimizlə bağlı vəd verib hapa-gopa basanları şillə-təpiyin altına bassın!
Zatən general paltarında hovuza atılma, yaxud kitab rəfinə “geydirilmə” kimi “məmurların cəzalandırılması” praktikasının mövcudluğu barədə zaman-zaman müxtəlif, dəqiqləşdirilməsi mümkün olmayan informasiyalar yayılıb. Bu baxımdan Londonda kimlərinsə futbol topuna çevrilməsi ehtimalı kifayət qədər inandırıcıdır…
Bu arada, möhtərəmimizin Londonda bir qonaqlıq mərasiminə 60 min dollar xərcləməsi barədə hansısa jurnalistin “həyəcanlı” xəbəri məni həddən artıq mütəəssir (daha doğrusu, “mütəqəlqəl”) elədi. Adını jurnalist qoyan şəxs yazır ki, bəzi çaxırların qiyməti 5-6 min, hətta 50-60 min dollaradır və dalıyca utanmaz-utanmaz qeyd verir: “Azərbaycan nümayəndə heyəti çaxırların hamısını içib qurtarmışdı”.
Ya o yekəlikdə Londonun o yekəlikdə restoranında cəmi bir çaxır varmış ki, onu da bizimkilər “içib qurtarıb”, ya da jurnalist bizi “60 min dollara qədər” aşağılayıb.
Söhbət ondan gedir ki, cənabımız nümayəndə heyətinin ziyafətinə necə olub ki, cəmi-cümlətani 60 min dollar pul xərcləyib? Əgər burda 5-6 minlik çaxır varsa, o boyda nümayəndə heyəti cəmi 10 dənə çaxırmı içib? Digər tərəfdən, əgər restoranda 50 min dollara da şərab satılırsa və ali nümayəndələrimiz cəmi bircə şüşə bu çaxırdan içiblərsə, elə o qədər hesab verməli olacaqdılar. Deməli, o qiymətli çaxırdan bizimkilər dadmayıblar.
Niyə? Bax, məni narahat eləyən məhz budur: niyə o 50 minlik çaxırdan içməyib nümayəndə heyətimiz? Bu xarabanın neftimi quruyub, Bakı-Ceyhanmı dayanıb, Qusardakı turizm kompleksimi çöküb, Azərbaycanın kilometri 14 milyona çəkilən yollarımı qeybə çəkilibmi ki, o çaxırdan içə bilməmişik?
Elə ötən il hansısa məmur 7 ulduz otelin əzəmətli mehmanxanasını təkcanına bağlatdırırdı; hələ inişil məmur balası 1 milyonluq ayı yeyirdi… Nooldu? Onun sayəsində bir oturuma bir milyonu basıb yeyirlər, amma özü bircə şüşə bahalı çaxır dada bilmir?
Tutaq ki, neft uzuclaşır; tutaq ki, qlobal iqtisadi böhran dünyanı sarıb… Bəs, 9 milyonluq xalq qırılıbmı ki, gözünün ağı-qarası bircə möhtərəmi o çaxırdan dada bilməyib?
Ola bilməz və bu xəbər ağ yalandır; Avropa mediasının Azərbaycana qarşı növbəti böhtanıdır! Dərhal cahanşümal “Azərbaycan” qəzeti dövriyyəyə girməli, şəxsən baş redaktor Bəxtiyar Sadıqov o jurnalistin iç üzünü açmalı, maskasını yırtmalı, ermənilərə işlədiyini isbatlamalı və yazmalıdır ki, “60 min hesab verən sənin prezidentindir, avara!” Lap hirslənib, Avstraliya prezidentini 30 min dollarlıq ziyafət verən kimi şərləyə, onu zəlil və zəbun edə də bilər – haqqüçünə, “Azərbaycan”ın dünya ictimai fikrinə nə boyda təsir göstərdiyini “The New-York Times”ı susdurması ilə müşahidə etmişik.
Avropaya dərhal, qısa müddətdə qəpik-quruşla ziyafət verənlərdən olmadığımızı sübut etməsək, bu, olimpiadadakı biabırçılıqdan da betər olacaq…