Mən bu sətirləri yazanda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yerli televiziya kanallarının birində müsahibə verirdi. Ilham Əliyev 9 ildir ki, prezidentdir, amma səhv etmirəmsə, bir dəfə də olsun, hətta yerli telekanallara da müsahibə verməyib.
Ehtiyac olmayıbmı? Olub. Bəlkə də dünyanın heç bir ölkəsində Azərbaycan qədər prezidentlə bağlı məsələ qaldırılmayıb. Bu məsələlərin hər biri sözün əsl mənasında bir neçə televiziya verilişinin mövzusu ola bilərdi. Amma gəl, bizim prezident də, məmurlar da məsələlərə aydınlıq gətirmək üçün özlərinə əziyyət verməyiblər. Bu sadəcə, cəmiyyətə, onun rəyinə etinasızlıq və diqqətsizlikdir, başqa cür qiymətləndirmək mümkün deyil.
Hətta kralların davranışı da bir qədər fərqli olur, nəinki bunların. Hara gedirlər, qalmaqal, daha nə bilim, nə… Hamısına da cavab birdir: “Bizə qarşı qərəzlidirlər…” Sanki bu dünyada hamı işini-gücünü atıb, ancaq bunlara qarşı vuruşur. Əgər inandırıcı olsaydı, deyərdilər ki, bunların hamısını müxalifət təşkil edir…
Mən əvvəllər bu haqda yazmışam. Mənə belə gəlir ki, milli mətbuat çox yazıq bir durumda çalışır. Insanlar nə qədər fədakarlıq göstərir və cəmiyyəti məlumatlandırırlar ki, onların öz başçılarından xəbəri olsun. Amma cəmiyyət?.. Cəmiyyətsə heç bir reaksiya vermir. Arabir mənə elə gəlir ki, biz yad bir ölkədə çalışırıq və yaxud bizim dilimizi başa düşmürlər. Fəqət, düşünürəm ki, səbəb tamam başqadır. Sanki bu hakimiyyət və onun fərdləri elə cəmiyyətin böyüdülmüş obrazıdır. Burada nəsə bizim anlamadığımız bir doğmalıq var. Əgər kimsə o haqda başqa cür düşünürsə, yanılır.
Deyirlər ki, insanlar xəbərsizdir. Bəlkə doğrudan da belədir? Əsla. Insanlar hər şeyi gözəl bilirlər. Mənə kiçik detal, epizod danaşıblar. Korrupsiya ilə bağlı çox bəlağətli sözlər deyəndə hamını bir məyusluq bürüyüb. Insanlar nə deyirmiş? Deyirlərmiş ki, heç olmasa bir-iki manat verib işimizi həll edirdik, indi gəl, qanunla yaşa, görüm, necə və nə təhər yaşayacaqsan?! Təsəvvür edirsinizmi? Bu, hakimiyyətlə cəmiyyətin doğmalığına dəlalət etmirmi?
Bunlar sadəcə, bizi başa düşmürlər, anlamırlar və bir vaxt sabiq xarici işlər naziri Tofiq Qasımov haqqında “Sən nə istəyir, nəyə çalışırsan, Tofiq Qasımov?” deyəndə mən bizim hakimiyyət təmsilçilərinin səmimiliyinə inanırdım. Onlar həqiqətən başa düşmürdülər ki, Tofiq Qasımovun istədiyi nədir, o, nə istəyir, nədən narazıdır?!
Bəli, həqiqətən anlamırdılar və dərk etmirdilər. Indi də başa düşmürlər. Bəli, onlar başa düşmür ki, adam öz həyatını bir ideyaya necə həsr edə bilər? Başa düşmürlər ki, necə ola bilər ki, bu qədər səlahiyyətin olsun, bu qədər sərvətin içində olasan, amma axır günün üçün bir neçə milyon dollar “ayıra” bilməyəsən?! Ən kiçik məmur da belə düşünür, ondan qala, yüksək rütbəlilər olsun. Ən qorxulusu budur ki, elə cəmiyyət özü də elə düşünür. “Bizim anlamadığmız doğmalıq” fikrini də məhz bu kontekstdə dedim.
Burada yadıma daha bir detal düşür. Bir dəfə bir gənclə söhbət edirdim. O, mənə dedi ki, cəmiyyət bunları, yəni bu müxalifəti çoxdan başa düşmür, bunlar çıxıb özlərini döydürürlər, öz şəxsi həyatlarını qurmaq əvəzinə özlərinin də axıradək dərk etmədikləri hansısa böyük ideya uğrunda vuruşurlar!.. Mən o vaxt bir söz tapmadım ki, cavab verim. Mənim ideya ilə bağlı deyəcəyim çox şey vardı, amma mən də əmin deyiləm ki, bu cəmiyyət bunları başa düşmək iqtidarındadır.
Daha bir detal yadıma düşdü. Bir neçə il bundan əvvəl bir əcnəbi demişdi ki, sizdə insanlar sərvətin necə və hansı yolla qazanıldığının, onun mənbəyinin fərqində olmurlar. Bəlkə elə deyil? Molla Nəsrəddinin lətifəsi yadınıza düşürmü? Molla bir dəfə köhnə və əldən düşmüş paltarla bir məclisə gəlir. Heç kim ona tərəf baxmır da. Lakin təzə və bahalı paltar geyinib gələndə yerdən səslər gəlir ki, molla, yuxarı keç, orada oturma, burada otur! Molla da qayıdıb deyir ki, paltar, yuxarı keç! Bu lətifədən sonra başqa bir sözə ehtiyac varmı?
Kiçik sözardı
Daha bir yazını başa vurduq. Bəlkə də yazdıqlarım bir qədər mübahisəli və mürəkkəb görünəcək. Olsun. Bizim bu ölkədə son vaxtlar çatışmayan elə o MÜBAHISƏ deyilmi?