Keçmiş müstəntiqin atası etiraz edir: “Belə getsə, Avropa ölkələrindən birindən siyasi sığınacaq istəyəcəyik”
Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi, vəzifəsindən siyasi bəyanatla istefa verən və bundan sonra həbs olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilən Rüfət Səfərov Qobustan qapalı həbsxanasına göndərilə bilər. Bu barədə onun atası, vaxtilə YAP-dan deputat və MN mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu məlumat paylaşıb.
E.Sabiroğlu bildirir ki, iyulun 13-də oğlu ilə görüşüb. Onu Bakı 1 saylı istintaq təcridxanasından əvvəlki yerinə – 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Atası hiss edib ki, R.Səfərovun əhvalı o qədər də yaxşı deyil, nəsə demək istəyir, ancaq ailə üzvlərini narahat olmasın deyə danışmaq istəmir. “Ondan nə baş verdiyini təkrar soruşdum. Bildirdi ki, münasibətin daha sərt xarakter alacağı gözlənilir. Yaxından tanıdığı, indi də məsul işdə çalışan keçmiş həmkarlarından biri ona bu xəbəri göndərib. Məlumata görə Rüfətin Qobustan qapalı cəzaçəkmə müəssisəsinə dəyişdiriləcəyi ilə bağlı hazırlıqlar aparılır. Yəqin ki, indiki yerində təkrar cəzalandırılma planını həyata keçirməklə məqsədlərini reallaşdıracaqlar”, – deyə E.Sabiroğlu qeyd edir.
E.Sabiroğlu oğluna qarşı bu münasibətə etiraz edir: “Rüfətdən bundan sonra daha nə istədiklərini başa düşmək olmur. Elədiklərini ediblər. Artıq həyatı təhlükə qarşısında dayanan Rüfət Səfərovun ailəsi olaraq bu cür qisasçılığa, amansız təqib və təzyiqlərə dözə bilmirik. Vəziyyətin belə davam edəcəyi halda bizim başqa yolumuz qalmır, ona görə də Avropa ölkələrindən birindən siyasi sığınacaq almaq barədə müraciət üzərində düşünürük. Vətəndə yaşamağa deyəsən bizə yer yoxdur…”
azadliq.info