Türkiyədə müxalifət olaraq CHP-nin təşkil etdiyi “Ədalət” yürüşü İstanbulda izdihamlı mitinqlə başa çatıb. CHP sədri Kamal Kılıçdaroğlunun öncüllüyü 25 gün davam edən yürüşün məqsədi ölkədə ötən ilki dövlət çevrilişinə cəhddən sonra sərtləşən hakim siyasətə, o cümlədən kütləvi həbslərə etiraz bildirmək idi.
Yürüşün sonunda İstanbulda keçirilən mitinq Türkiyə tarixinə düşən ən izdihamlı mitinqlərdən biri olub. Təşkilatçıların bildirdiyinə görə, Maltepe meydanına 1.6 milyon insan toplaşıb.
CHP sədri Kamal Kılıçdaroğlu isə çıxışında mitinq iştirakçılarının 2 milyona çatdığını deyib. “Bu gün burada sizin sayənizdə mən də bir rekorda imza atıram – 2 milyon insana müraciət edirəm”, – deyə bbildirib.
mitinqdə çıxışı zamanı 25 gün davam edən 450 kilometrlik yürüşü hər hansı insidentə yol vermədən başa çatdıra bildikləri üçün bütün iştirakçılara təşəkkür edib.
Mitinqdə iqtidara mühüm mesajlar verən Kılıcdaroğlu, hökumət qarşısında 10 maddədən ibarət tələblərini də səsləndirib. Tələblər bunlardır.
1. 15 iyul qiyam cəhdini açıq şəkildə lənətləyirik. 249 şəhidimizin əziz xatirəsi və 2301 qazimiz üçün FETÖ-nün siyasi dəstəkçiləri ortaya çıxarılmalı və əsl qiyamçılar müəyyən edilməlidir.
2. İqtidar tərəfindən 20 iyulda elan edilən fövqəladə vəziyyətdən sonra – biz buna mədəni qiyam deyirik – istintaq tək əldə cəmləşib. Fövqəladə vəziyyət ləğv edilməlidir.
3. İstintaqı siyasiləşdirmək demokratiyaya xəyanətdir. Kollektiv cinayət kimi insan haqlarına zidd olan siyasətdən imtina edilməlidir.
4. Fövqəladə vəziyyətdən əziyyət çəkən qrupların sosial təminatı həll edilməlidir.
5. FETÖ ilə heç bir əlaqəsi olmayan, amma müxalifətçi olduğu üçün işdən çıxarılanlar işlərinə qaytarılmalı, həbsdəki deputatlar azad edilməlidir.
6. Vəzifələrini yerinə yetirdikləri üçün həbs edilən jurnalistlər sərbəst buraxılmalıdır.
7. Fövqəladə vəziyyətdə, dövlətin bütün imkanları səfərbər edilərək konstitusiyanın dəyişdirilməsi qeyri-legitimdir.
8. Demokartik parlamentli sistem üzərində hər cür nəzarət aradan qaldırılmalı, təhsildə dünyəvilik prinsiplərinin pozulmasına yol verilməməlidir.
9. Qadınlara qarşı ayrı-seçkilik aradan qaldırılmalıdır.
10. Xarici siyasətdəki hücum mövqeyi Türkiyənin daxilindəki problemləri artırıb. Türkiyə ərazisindəki bütün xalqların maraqlarına uyğun xarici siyasət yürütməlidir.