Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu 24 günlük “ədalət” yürüşündən sonra bu gün İstanbulda çox böyük mitinq keçirdi. Kamal bəy mitinqdə çıxışında dedi ki, ədalətin bərqərar edilməsi üçün bütün digər vasitələr çarəsiz qaldığından xalqı küçə və meydanlara çağırdılar, qoy küçə və meydanlar ədalət tələb etsin. Yadıma düşdü ki, düz bir il əvvəl Türkiyədə “F-16″lar parlamenti bombalayanda, dövlət çevrilişi cəhdi zamanı prezident Ərdoğan da legitim hakimiyyəti qorumaq üçün başqa çarə qalmadığından xalqı küçə və meydanlara səsləmişdi.
Baxın, son bir ildə yaşanan məhdudiyyət və sıxıntılardan sonra belә Türkiyə hələ də Azərbaycandan xeyli demokratik ölkədir. Amma bu qardaş ölkənin prezidenti də, müxalifət lideri də qarşılarındakı ən çətin problemləri həll etmək üçün çarəni xalqın birbaşa iştirakında – küçə və meydanlarda görür. Azərbaycanda isə demokratiyanın bütün imkanları tükənib, dünyanın ən qeyri-demokratik rejimlәrindәn biri yaranıb. Və təəssüf ki, ölkəmizdə hələ də bu hüquqsuzluqdan əziyyət çəkən, amma hakimiyyət xoruna qoşulub mitinq və yürüşləri “vaxtı keçmiş” mübarizə üsulu adlandıran xeyli insan var.