Keçmiş prokuror: “Qaralovun ağ yalanı məhkəmədə tam ifşa olunub…”
“Azadlıq”ın redaksiyasına işdən qanunsuz uzaqlaşdırıldığını iddia edən Tofiq Ağacanov adlı keçmiş prokurorun iri həcmli müraciəti daxil olub. O, bu müraciəti eyni zamanda, bir sıra mühüm dövlət orqanlarına da ünvanlayıb. Müraciəti diqqətlə incələməyə ehtiyac yoxdur, onu oxuyanda hüququn bizim ölkədə ayaqlar altında necə inlədiyini aşkar görmək olur.
Müraciətin mahiyyətinə toxunmadan, müəyyən ixtisarlarla onu diqqətinizə çatdırırıq:
“Konstitusiyaya görə, dövlətin ali məqsədi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsidir. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. Vətəndaşların hüquq və azadlıqlarını müdafiə etmək qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunun 5-ci maddəsinə görə, vəzifəli şəxslər vətəndaşların müraciətlərinə baxmağa, lazımi tədbirlər görməyə borcludur. Eləcə də bu qanunun 7-ci maddəsinin tələblərinə əsasən, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən şikayət edildiyi halda, həmin vəzifəli şəxslərin özlərinə şikayətlərin göndərilməsi qadağandır.
Bütün bunlara baxmayaraq, baş prokuror Zakir Qaralovdan etdiyim şikayətlərə 3 ildir ki, nə Prezident Aparatı, nə Milli Məclis, nə də ki, fəaliyyətsiz Ombudsman baxır.
Şikayətlərimə Prezident Aparatından heç bir cavab verilmir. Milli Məclis isə müraciətlərimi şikayətçi olduğum Qaralovun özünə göndərir. “Ombudsman” xanım Süleymanova isə öz əməkdaşlarının yanında mənə açıq şəkildə “Mən falçı deyiləm ki, şəxsi-qərəzli məsələlərə baxım” deyərək, “Ombudsman haqqında” qanunun 13.2-ci maddəsinin tələblərini kobud şəkildə pozub, müraciətlərimə baxmaqdan yayınır.
Qaralov məhkəməyə yalan məlumat göndərib
Zakir Qaralov mənə qarşı qərəzindən, ögey qardaşımın 15 il əvvəl boşadığı arvadının qardaşı Fərda Qədirovu qanuna zidd olaraq, mənə qohum hesab edib. Fərda Qədirovun 30 aprel 2009-cu ildə Neft Akademiyasında törətdiyi cinayətlərə görə məni – 30 il prokurorluqda iradsız işləmiş əməkdaşı əsassız olaraq, prokurorluq orqanlarından xaric etdib.
Qaralovun əmrində göstərilən əsas isə nə yerli, nə də ölkənin ratifikasiya etdiyi beynəlxalq hüquq normalarında var. Verdiyi əmrin əsassız və qanunsuz olduğunu bilən Qaralov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 27.10-cu maddəsinin tələblərini də pozaraq, əmrlə məni tanış etməyib. Əmrdən məhkəməyə şikayət etməyimə maneçilik törətmək məqsədilə onun surəti 2 il 9 aydan artıq müddətdə mənə verilməyib, Qaralova ünvanladığım 68 məktubuma formal cavablar göndərilib.
Qaralovun qanuna zidd olan bu hərəkətinə hüquqi qiymət verilməsi üçün 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə müraciət etdim. Ən acınacaqlısı budur ki, Qaralov məhkəməyə yalan məlumat göndərmişdi. Yazıb ki, “..həmin əmr elan olunmaqla, surəti Tofiq Ağacanova göndərilmişdir. 24.12.2009-cu ildə əmək kitabçası imza etdirilməklə ona təqdim olunan zaman göstərilən əmrin surətinin verilməsi barədə hər hansı məsələ qaldırılmamışdır…”
Baş prokuror vəzifəsini tutan Qaralovun ağ yalanı məhkəmədə tam ifşa olunub. Məhkəmənin qərarıyla həmin əmrin surətini mənə verilməsi tələbim təmin olundu. Beləliklə, barəmdəki əsassız və qanunsuz əmrin surətini 2 il 9 ay 15 gündən sonra nəhayət ki, Qaralovdan ala biləcəkdim…
Məhkəmə zamanı müəyyən edildi ki, əmrin surəti nə yaşadığım mənzilə, nə də sonuncu dəfə işlədiyim Abşeron rayon prokurorluğuna göndərilməmişdi.
Bu, absurd deyilmi?
Əmrin sonuncu iş yerimə göndərilib-göndərilmədiyini öyrənmək istəsəm də, Abşeron rayon prokuroru Səfərov məni qəbul etməkdən imtina etdi. Odur ki, mən öz sorğumu ona bu il martın 30-da poçt vasitəsilə göndərdim, lakin Q.Səfərov mənə heç bir cavab göndərmədi. Prokurorluqdan qeyri-rəsmi şəkildə öyrəndim ki, Səfərov mənim müraciətim əsassız olaraq Qaralovun özünə göndərib.
Belə çıxır ki, əmrin surətinin Abşeron rayon prokurorluğuna daxil olub-olmaması məsələsi barədə məlumat mənə Baş Prokurorluqdan verilməlidi. Görəsən, Baş Prokurorluq haradan, hansı vasitə və məlumatdan biləcək ki, mənim əmrimin surəti Abşeron rayon prokurorluğuna daxil olub, yoxsa yox? Bu, absurd deyilmi? Bu, vətəndaşın müraciətinə baxmaqdan imtina etmək və açıq-aydın yayınmaq deyilmi?
ardı var