“Qardaş, camaat bizə elə baxır, sanki adamyeyənik, dəliyik, vəhşiyik. Ancaq elə deyil axı… Bizə vəhşi kimi baxan o adamlar deyilmi günün günorta çağı bir-birinin başını kəsən, bir-birinə bir sözə görə bıçaq soxan?.. – Bunu Qarabağ uğrunda döyüşdə qolunu itirən qazi danışır. – Indi kimdi dəli? Bizə o cür baxılması məni çox ağrıdır…”.
“Döyüşdə aldığım yaralardan ölməyib, ancaq bütün sağlamlığımı itirəndən sonra mülki həyata qayıdanda özümə söz verdim ki, bir də bir toyuq başı da kəsmərəm, bir qarışqanı belə incitmərəm. Ölümlərin, qan-qadanın içindən keçən adam həyata artıq ayrı cür baxır. Ancaq görürəm ki, yox, məni zorla özümdən çıxarırlar, məcbur eləyirlər ki, kimisə vurub öldürüm. Belə allahsızlıq olarmı? Axı niyə mən bu tay qıçımla gündə iki ”qazel” yük daşıyıb balalarımı saxlamalıyam ki? Mənim protezimin corabını belə satıb yeyirlər…” – bunu bir ayrı Qarabağ əlili dilə gətirir.
“195 manat pensiya alıram. Dostlar mənə deyir ki, gəl sən də qoşul bizə, alver eləyək, qazan, bu pensiyayla neynəyəcəksən? Mən də deyirəm ki, qardaş, sizə qoşularam, lap adamım da var, tapşırarlar, maneəsiz yüklərimi keçirərəm gömrükdən. Ancaq görsəm ki, məni rahat buraxıb, bir səngər yoldaşımı, lap elə adi bir vətəndaşı incidirlər, onda dözməyəcəm, dişimin dibindən çıxanı yağdıracam o məmurlara. Bəlkə əlimdən xəta da çıxacaq. Mən özümdən əmin deyiləm, bir də görürsən başım çöndü, proqramım pozuldu. Onda nə baş verdiyindən xəbərim olmur. Ona görə də istəmirəm o qazancı. Ancaq bu gün savaş başlasa, yenə də can-başla gedərəm…” – bu da bir qazinin dediyi…
“Üç qəlpə gəzdirirəm bədənimdə. Başımda kontuziya var. Ekspertizadan da keçmişəm. Ancaq mənə Qarabağ əlili statusu vermək üçün üç min istəyirlər. Min verirəm, durmurlar. Sosial əlillik verdilər, imtina elədim. Məgər mən evimdə itirmişəm sağlığımı?.. Başlarına dəysin beş manat pensiyaları!” – Bu isə bir başqasının problemidi…
Veterana ev, “Oka” avtomobili verməklə iş bitmir. Insanın qayğısı bir ev, bir avtomobil olsaydı nə vardı ki… Hələ öncə onlara insan kimi dəyər verməyi bacarmalısan. Azərbaycanda isə tək “defisit” olan bir şey varsa, elə bu insan məsələsidi.
“Oka” demişkən, yadıma Rusiya istehsallı avtomobillərin idxalına yasaq qoyulması düşdü. “VAZ-2107″, ”VAZ-21014″ və “VAZ-21015″ markalı avtomobillərin Azərbaycana gətirilməsi artıq qadağan edilib. Sərəncamda deyilir: ”Azərbaycana idxal olunan və ölkədə istehsal edilən avtomobil nəqliyyatı vasitələrində ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək”.
Statistikaya görə isə, 1998-ci ildən 2009-cu ilədək Qarabağ müharibəsi əlillərinə 2114 “Oka” markalı minik avtomobili bağışlanıb. 2009-dan bu yana da bir bu qədər avtomobil verilmiş olar və bundan sonra da Gəncədə istehsal olunduğu söylənilən bu avtomobillər əlillərimizə, veteranlarımıza bağışlanacaq. “Oka” avtomobili protez ayaq, protez qol kimi bir şeydi. Artıq deyil. Sadəcə, ayağı yerdən götürmək üçündü və bundan artığını qazilərə verməzlər də.
Yaxşı, bəs “07″ kimi təhlükəsizlik sistemi qənaətbəxş olmayan maşınlar yasaq olunursa, bir protezdən o yana olmayan ”Oka”lar nədən belə səxavətlə paylanır? Belə çıxır ki, Qarabağ əlilinin canı bir avtoşun canı qədər də dəyərli deyil. Ona nə ABS sistemli əyləc, nə heç olmasa bir təhlükəsizlik yastığı verməyə dəyər. Necə deyərlər, bu “dəlilərin” canı cəhənnəmə. Nə qədər tez sıradan çıxsalar, hökumətin başı bir o qədər dinc olar.
…Oturduğumuz çayçının qənşərində bir “Oka” dayanıb. Şüşəsində belə yazılıb: “Böyüyəndə Cip olacam!”. Bu da Azərbaycan insanının pərişan ümidi…