XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycanın mədəniyyət, ictimai fikir tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən biri də tanınmış publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlı olmuşdur.Məhəmmədağa Şahtaxtlının Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biri ölkədə Qərb standartları ilə çap olunan ilk Şərq qəzetini – “Şərqi-Rus” qəzetini yaratması olub.
1846-cı ildə Şahtaxtı kəndində anadan olan Məhəmmədağa Şahtaxtlı ilk təhsilini Naxçıvan şəhər məktəbində almış, 1863-cü ildə Tiflis klassik kişi gimnaziyasını bitirmişdir. Peterburqda müstəqil yolla alman dilini öyrənən Məhəmmədağa Şahtaxtlı 1869-cu ildə Leypsiq Universitetinin ədəbiyyat, tarix və fəlsəfə fakültəsini bitirdikdən sonra 1873-1875-ci illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləmiş, fransız dilini öyrənmişdir. Azərbaycan, rus, alman, fransız, ingilis, ərəb və fars dillərində əsərlər yazan Məhəmmədağa Şahtaxtlı hərtərəfli hazırlığa malik mükəmməl ziyalı kimi yetişib formalaşmışdır.
Məhəmmədağa Şahtaxtlının ilk elmi fəaliyyəti Şərq tarixinə dair tədqiqatlara həsr olunmuşdur. O, bir müddət Parisdə yaşamış, Fransa Kollecində və Ali Təcrübi Təhsil Məktəbində şərq dillərində dərs demiş, Sorbonna Universitetində fonetika sahəsində tədqiqatlar aparmışdır. Onun bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi Avropada və Amerika mətbuatında elmi müzakirələrə səbəb olmuş, müəllifinə tədqiqatçı və şərqşünas kimi böyük şöhrət qazandırmışdır. Məhəmmədağa Şahtaxtlı 1899-cu ildə Beynəlxalq Fonetika Cəmiyyətinin, 1900-cü ildə Beynəlxalq Asiya Cəmiyyətinin, 1903-cü ildə isə Rusiya Imperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilmişdir.
Məhəmmədağa Şahtaxtlının dilçiliklə bağlı elmi fəaliyyətində əlifba islahatı mühüm yer tutur. O, bu sahədə məşhur mütəfəkkir Mirzə Fətəli Axundovun yolunu davam etdirmiş, əlifba islahatı ilə bağlı ilk dəyərli tədqiqat əsəri olan “Təkmilləşdirilmiş müsəlman əlifbeyi” kitabını 1879-cu ildə Tiflisdə nəşr etdirmişdir. Azərbaycan əlifbasının daha da sadələşdirilməsi, latın qrafikalı əlifbaya keçid sahəsindəki çoxillik səmərəli fəaliyyəti, çap etdirdiyi orijinal əlifba layihələri Məhəmmədağa Şahtaxtlının dilşünaslıq sahəsində görkəmli alim olduğunu göstərir.
Məhəmmədağa Şahtaxtlı mədəniyyətlərin yaxınlaşması, Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin Azərbaycana gətirilməsinə çalışmış, xalqımızın maariflənməsi və tərəqqisi yolunda səyini əsirgəməmişdir. O, böyük vətənpərvər kimi mətbuat tariximizdə silinməz izlər qoymuş, “Moskovskiye vedomosti”, “Novoye vremya”, “Kavkaz”, “Rossiya” kimi dövrünün nüfuzlu mətbuat orqanlarında çoxsaylı məqalələr dərc etdirmiş, 1891-1893-cü illərdə “Kaspi” qəzetinin redaktoru olmuşdur. Məhəmmədağa Şahtaxtlı 1898-ci ildə Azərbaycan dilində “Tiflis” adlı qəzet çıxarmaq istəmiş, lakin çar senzurası buna icazə verməmişdir.
“Şərqi-Rus” qəzetinin yaradıcısı
Nəhayət, 1902-ci ildə Tiflisdə xüsusi mətbəə açmış, 1903-cü ildə burada “Şərqi-Rus” qəzetinin nəşrinə nail olmuşdur.
1903-cü il martın 30-da XX əsrin Azərbaycan dilində ilk qəzeti olan “Şərqi-Rus”u nəşr etdirməyə başlayır. “Şərqi-Rus” Azərbaycanda Qərb standartlarında çap olunan Şərq qəzeti idi. Bu qəzetin əsas məqsədi türk-müsəlman əhalisini maarif və mədəniyyətə cəlb etmək idi.ÿAz müddət ərzində “Şərqi-Rus” bütün türkdilli xalqların qəzeti kimi şöhrət qazanır. Qəzet yaxın-uzaq mətbuatın diqqətini cəlb edir. Şahtaxtlı bu qəzetdə aydın dillə, milli təəssübkeşliyi ilə millətin dərdi-sərindən söz açır. Onun “Şərqi-Rus”da “Qəzetnəfəs” imzası ilə dərc etdirdiyi 50-dən artıq məqaləsi dövrünün aynası kimi cəmiyyətdəki geriliyi, avamlığı və bunun səbəblərini cəsarətlə göstərir, mövhumatçılığı, dini fanatizm, qadın əsarətini ustalıqla damğalayırdı.
Şahtaxtlı adı məhz bu illərdə bütün Qafqazda, eləcə də Rusiyada ictimai ideyalar uğrunda mübariz bir qələm sahibi kimi tanınır, ziyalılar arasında dildən-dilə gəzirdi. “Şərqi-Rus” qəzeti öz səhifələrində Şərqdə çarizmin yeritdiyi müstəmləkəçilik siyasətini də özünəməxsus ustalıqla açıb göstərirdi. Buna görə də qəzeti gözdən salmaq istəyənlər Peterburqa, çar Rusiyasının hakim dairələrinə “donos”lar göndərirdilər.
Tezliklə “donos”çuların “əməyi” bəhrə verir. “Şərqi-Rus”a qarşı mübarizə daha da genişlənir. 1905-ci ilin əvvəlində Qafqaz canişini Vorontsov belə bir məlumat alır: “Keçən il ”Şərq-Rus”da elə məqalə dərc olunmuşdur ki, bunun üçün Rusiyada hər hansı, hətta senzurasız nəşr olunan bir qəzeti belə bağlayıb, onun redaktorunu sürgün edərdilər…”
XX əsrin ilk Azərbaycan qəzeti olan “Şərqi-Rus” qəzeti mətbuat və ictimai fikir tariximizdə mühüm rol oynamışdır. Şahtaxtlı yaratdığı qəzetin ətrafına ilk gündən dövrünün işıqlı, zəkalı qələm sahiblərini toplayırdı. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəni Tiflis ədəbi mühitinə və mətbuat aləminə cəlb etməsi Məhəmmədağa Şahtaxtlının xidmətləri sırasında özünəməxsus əhəmiyyətə malikdir. Onun baş redaktoru olduğu “Şərqi-Rus” qəzeti məşhur “Molla Nəsrəddin” jurnalının sonrakı fəaliyyəti üçün ciddi əsas yaratmışdır.
Böyük siyasi xadim
Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım “Mirzə Cəlil haqqında xatirələrim” kitabında yazır: “1903-cü ildə Tiflisdə Mirzə Cəlil təsadüfən Məhəmmədağa Şahtaxtlı ilə görüşüb. Məhəmmədağa o zaman nəşr etdirdiyi ”Şərqi-Rus” qəzetində Mirzə Cəlili işləməyə cəlb etmiş, o da razılıq verib qalmışdır”.
Sonralar Mirzə Cəlil yazırdı: “Onu deyə bilərəm ki, o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və hökumətin istibdadı ilə mübarizə aparsın… Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın və təhsilin lüzumu barəsində Məhəmmədağa tərəfindən qəzetdə yazılmış bir məqalədə ”qadın azadlığı” kimi iki kəlmənin üstə müsəlmanlar içində böyük danışıq törədi. O ki qaldı siyasi məsələlərə, bu barədə dilim lal olsun: həmin əsrin senzorunun tələbatı o qədər ağır idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləmirdik…”
1905-ci ilin əvvəllərində Şahtaxtlı öz mətbəəsini Cəlil Məmmədquluzadəyə və Ömər Faiq Nemanzadəyə verir və özü də Tiflis gimnaziyasında dərs deməyə başlayır.
Şahtaxtlı 1907-ci ildə Naxçıvan mahalından Rusiyanın II Dövlət Dumasına deputat seçilir. Onun məqsədi müstəmləkə şəraitində yaşayan xalqının dərdlərini çarizmin mərkəzi tribunasından söyləmək idi.
Duma buraxıldıqdan sonra Şahtaxtlı Peterburqda qalıb “Rosiyya” qəzeti ilə əməkdaşlıq edir. 1908-1918-ci illərdə isə əsasən xaricdə – Türkiyə, Iran, Iraqda yaşayır.
1909-1912-ci illərdə Rusiya Imperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist kimi fəaliyyət göstərmişdir.
1919-cu ildə vətənə qayıdan Şahtaxtlı Bakı Dövlət Universitetinin yaradılmasında fəal iştirak edir. Azərbaycanın ilk ali məktəbində Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyur. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak edir. Sovet hakimiyyəti illərində Azərbaycanda ilk professor adına layiq görülən də o olur. 1922-ci ildə ictimai-siyasi və pedaqoji fəaliyyəti nəzərə alınaraq, Şahtaxtlıya fərdi pensiya təyin olunur. Məhəmmədağa Şahtaxtlı 1931-ci il dekabrın 12-də 85 yaşında Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir