Suriyanın daha 2 səfiri müxaliflərə qoşuldu; diktatorun keçmiş generalı isə xalqı ona qarşı birliyə çağırdı
Suriyada vəziyyət ağır olaraq qalır. Ölkənin ikinci ən böyük şəhəri Hələbdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər şiddətlənib. Hökumət qüvvələri müxalifləri və dinc sakinləri hədəf alan hücumları artırıb. Bəşər Əsədin əmrindəki əsgərlər əməliyyatlar zamanı qırıcılardan və raketlərdən istifadə edir. Müxaliflərin verdiyi məlumata görə, ötən gün ərzində hökumət qüvvələrinin hücumları nəticəsində 150-dən çox insan öldürülüb.
Ölkədə vəziyyətin gərginləşdiyini və Əsəd rejiminin sonunun yaxınlaşdığını görən rejim mənsubları bir-bir müxaliflərin tərəfinə keçirlər. Suriyanın Cənubi Kiprdəki səfiri Lamiyə əl Həriri və Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfiri Əbdüllətif əl Debbaq müxaliflərin tərəfinə keçdiklərini açıqlayıblar. Qeyd edək ki, bu iki diplomat həm də ər-arvaddılar. Onların Qətərə qaçdığı bildirilir.
Dünənə qədər Kiprin yunan hissəsində səfir işləyən Əl Həririnin qərarı Suriya böhranının dərinləşdiyi dönəmə rast gəldiyindən mühüm əhəmiyyət daşıyır. Müxaliflərin tərəfinə keçən xanım diplomat Suriyanın hazırkı vitse-prezidenti Faruk əl Saranın qardaşı qızıdır. Kiprin paytaxtı Larnaka hava limanından Dubaya istirahətə yollanan Lamiyə əl Həriri oradan da Qətərə sığınıb. Onun müxaliflərin tərəfinə keçməsi xəbərindən az sonra Əl Həririnin həyat yoldaşı, Suriyanın BƏƏ-dəki səfiri Əbdüllətif əl Debbaq da analoji addım atdığını açıqlayıb.
Bəşər Əsəd ailəsinə yaxınlığı ilə tanınan, ölkədəki hadisələr səbəbindən Fransaya qaçan Respublika Qvardiyasının keçmiş briqada komandiri, general Manaf Tlas “Əl-Ərəbiyyə” telekanalı vasitəsilə Suriya xalqına müraciət edib. Hafiz Əsəd dönəmində müdafiə naziri postunu tutmuş Mustafa Tlasın oğlu Manaf öz müraciətində Suriya hərbçilərini Bəşər Əsədi törətdiyi cinayətlərə görə mühakimə etməyə çağırıb. Keçmiş briqada generalı həmçinin bildirib ki, suriyalılar ölkəni azad etmək üçün birləşməli, özü də bunu ölkəni dağıtmadan reallaşdırmalıdırlar: “Mən sizə bir rəsmi şəxs kimi deyil, Suriyanın, Suriya ordusunun bir oğlu kimi müraciət edirəm. Sizi Suriyanın vahidliyini qorumaq və yeni Suriya qurmağa başlamaq üçün birləşməyə çağırıram”.
General, Bəşər Əsəddən sonra ölkənin rəhbərliyinə iddialı olduğunu da açıqlayıb. Tlas müraciətində “Suriyanı yenidən qurmaq üçün mənə şans verin” deyib.
Suriyada vəziyyətin pisləşməsi və ölkəyə nəzarətin itirilməsi qonşu ölkələrin də narahatlığını artırıb. Türkiyə Suriyadakı terrorçuların ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə bu ölkəylə olan sərhədlərini bağlayıb. Bununla yanaşı, Bəşər Əsəd rejiminin ölkəyə xarici müdaxilə olacağı təqdirdə kimyəvi silahlardan istifadə edəcəyinə dair hədələri dünya gücləri tərəfindən sərt etirazla qarşılanıb. Əsəd rejiminə dəstəyini davam etdirən Rusiya ABŞ prezidenti Barak Obamanın sərt xəbərdarlığından sonra Suriya hökumətinə xəbərdarlıq ünvanlayıb. Rusiyanın Xarici Işlər Nazirliyi (XIN) Suriya hökumətindən kimyəvi silahların istifadə olunmasını qadağan edən protokola əməl olunmasını tələb edib. Rusiya Silahlı Qüvvələri Baş Qərargahındakı mənbə isə “Kommersant” qəzetinə açıqlamasında Suriyanın ciddiyə alınacaq qədər kimyəvi silahı olmadığını söyləyib.
Suriyadakı kimyəvi silahların terrorçuların əlinə keçəcəyindən qorxuya düşən Israilin xarici işlər naziri Aviqdor Liberman isə deyib ki, “Hizbullah”ın kimyəvi və bioloji silah əldə etmək istədiyinə dair kəşfiyyat mülumatlarına sahibdir. Nazir terror təşkilatının Suriyadakı kimyəvi silahları ələ keçirməyə çalışdığını bildirib. Liberman bunun Israil üçün qırmızı xətt və döyüşə başlamaq üçün səbəb olduğunu da qeyd edib.
Bəşər Əsədə verdiyi dəstəyə görə sərt tənqidlərlə üzləşən Rusiya ittihamlara cavab verib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəzi dairələrin Əsədin Kremldən aldığı təlimatlar əsasında hərəkət etdiyinə dair xəbərlərini
təkzib edib. Diplomatın sözlərinə görə, Suriya rəhbəri Moskvadan hər hansı təlimat almır. Çurkinin sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdən getməsi ölkədəki vəziyyəti daha da gərginləşdirəcək.