Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Həmin gün “zon”da ailə üzvlərimlə birinci görüşə çıxdım. Uşaqlarla Bayılda da bir dəfə görüşmüşdüm. Ikinci dəfə apelyasiya müddətində görüşmək istəmişdim. Bunun üçün məhkəmə işimə baxan hakim icazə verməli idi və ona ərizə ilə müraciət etmişdim. Hakim Abdin Abdinbəyov (ya da Aydın Abdinbəyov ola bilərdi) cavab yazmışdı ki, “məhkəmə istintaqı getdiyi üçün sizin ailə üzvlərinizlə görüşünüzə icazə verilməsi məqsədəuyğun deyil”. Cavab məktubu ilə tanış olmaq üçün onu mənə vermişdilər. Mən də altından “Cəhənnəmə, gora icazə verin, Allah sizə lənət eləsin!” qeydini yazmışdım. Buna görə starşina üzünə heç bir xüsusi əhəmiyyət daşımayan turşuluq əlavə edib demişdi: “Nahaq belə şeyləri yazırsan, bu sənədlər sənin şəxsi işinə tikilir və orada qalır”.
Bayıldakı görüş nazik məftillərdən hörülən barmaqlıq və şüşə arxasında olur. Burada isə adam kimi yan-yana oturursan, uşaqlarının boynunu qucaqlaya bilirsən, onlar sənə sığına bilirlər…
Görüşdən qayıdıb mənə gətirilən bütün sovqatı ortalığa qoydum, yalnız siqaretləri özüm üçün götürdüm. Səhəri gün isə bizi karantindən “zon”a köçürdülər. Mən boş zənbilimi (içində yalnız pal-paltar qalmışdı) və yataq dəstini qoltuğuma vurub, hamı ilə birlikdə korpusa köçdüm.
“Hamı ”zon”a köçür” elanını eşidəndə təəccübləndik. Karantində heç kim qalmırdı. Vidadinin də bazarı bağlanmışdı. O, yediyi sillə-təpikdən ar eləməyib yenə də kimlərçünsə dəllallıq etməkdəydi. Iki-üç nəfəri bircə gün sonra “zon”a köçürə bilmişdi.
Vahidin əzəmətli cinayətkar görkəminin arxasında heç nə dayanmadığını yəqin hiss etdiniz. Onun tatuirovkalarının hamısı “maska” imiş. Zatən, başqa cür də ola bilməzdi. Qeyd etdim axı onun “kazyol” “mast”ında olduğunu! Komendant – normal dustaq həyatını yaşaya bilməyənlərin arasından seçilir. Sındırılmış, vurulmuş, damarında genetik satqınlıq kodları olan adamlardan da ola bilər. Özünün dediyinə görə, sonuncu dəfə saxta valyuta alveri ilə ilişən Vahidin 15 ildən artıq ümumi “staj”ı vardı. Mən ondan “Sən bütün ”srok”larında komendant olmusan?” – deyə soruşdum. O, nəyə işarə vurduğumu başa düşdü, ah çəkdi:
– Heç kim birdən-birə komendant olmur. Nəsə baş verir. Adamın ətrafında nəsə baş verməsə də, özündə nəsə baş verir. Mən bu cinayətkar aləmdən iyrəndim. Burada düzlük yoxdur. Bunların heç birinə etibar eləmə. Onlar səni su qiymətinə satarlar.
– Mənim bu aləmlə bağlı elə bir niyyətim və ya iddiam yoxdur. Komendant-filan olmaq fikrində də deyiləm. Sadəcə, bu qədər tatuirovka ilə komendantlığın bir araya sığmadığını bilirəm. Bu tatuirovkalar keçmiş “srok”larından qalma da ola bilər…
– Əvvəllər başqa cür idi. Indi başqa cürdür.
Başa düşmədim ki, o, əvvəllər özünün, yoxsa cinayətkar aləmin başqa cür olduğunu vurğulamaq istəyir. Amma bu söhbəti davam etdirməyə həvəsim qalmadı.
Şikar isə həbsxananın elektrik və buna bənzər sistemlərinin təmiri ilə məşğul olurdu. Qabaqlar, həbsxanalarda bütün “mujik”lərin işlədiyi zamanlarda Şikar kimi adamlara da kimsə ayrı-seçkilik qoymazdı. Amma indi “zon”larda iş olmadığına görə işləyənlərə o qədər də etimadla yanaşmırlar. Hamı şübhələnir ki, bu cür adamlar dustaqların söz-söhbətini Idarəyə çatdıra bilər. Amma insafən, mən ta axıra qədər Şikardan şübhəli bir davranış görmədim. Zatən, mənim satılacaq bir söz-söhbətim də yox idi, başqalarının da söhbətləri barədə Şikarın xətti ilə kənara çıxacaq heç bir fakt ortalığa gəlmədi.
Karantində Sabirabaddan olan, 45-46 yaşlı, Rəsul adlı bir dustaqla yaxınlaşdım. Üçüncü “srok”unu yatan Rəsul çox sakit adam idi. Bir dəfə 10-cu zonda, bir dəfə də Qobustan qapalı həbsxanasında yatmışdı. Bu dəfə isə narkotiklə gəlmişdi. Il yarım işi vardı. “Zona keçəndə bir yerdə oturarıq”, – dedim. Mən təklif etdim, o da razılaşdı və beləcə, mən zona girəndə artıq bir “xlebnik”im vardı.
Siz bir “xlebnik”in varlığını təsəvvür edə bilməzsiniz. Bu, əlbəttə, maraqlı duyğudur. Özümü təmiz-tarıq bir cinayətkar kimi təsəvvür edir, cinayətkar aləmin üzvü olmaq kimi xoş duyğuların ağuşunda yüksəklikləri fəth etmək haqqında düşünürdüm.
Rus dilindəki bütün lüğətləri eşələyib bu “xlebnik” sözünün bir cinayətkar üçün hansı mənaları ifadə etdiyini tapa bilməyəcəksiniz. Orada sizə bu variantlardan birini seçməyi təklif edəcəklər:
1. Çörək bişirib satan adam;
2. Çörəklə bəslənən ev heyvanı (hətta!);
3. Çörəkdən düzəldilən çaxır və ya araq;
4. Çörək kəsmək üçün bıçaq.
Bu variantlardan sonuncusu həbsxanadakı “xlebnik”in mahiyyətinə bir balaca uyğun gələcək. “Xlebnik” türmədə daimi olaraq, bir yerdə çörək kəsdiyin adam deməkdir. Dustaqlar bunu “ailə” də adlandırırlar. Iki və daha artıq adamdan ibarət ola bilir. Mən zona bir “xlebnik”lə keçdim…
Dediyim kimi, yataq dəstimi də qoltuğuma vurub hamı ilə birgə “zon”a keçdim. Və heyrətləndim! Mənim şərəfimə bütün həbsxana boşaldılırmış. Uzun və əzəmətli barakda cəmi 20-25 nəfər adam vardı. Yan-yana düzülmüş ikimərtəbəli çarpayılar qarala-qarala öz sahiblərini gözləyirdi. Bu nəhəng barak iki yerə bölünmüşdü. Ortada qalan balaca meydançada üzüyuxarı çıxan pilləkən vardı. Bu pilləkən metr yarım qalxandan sonra iki yerə ayrılır və yuxarıda qərarlaşmış qapıların ağzına çıxırdı. Korpus iki yerə bölünmüş iki barakdan ibarətdi, bunları da şərti olaraq “birinci” və “ikinci” barak adlandırırdılar. Sağ tərəfdəki birinci barakda 20-25 çarpayıda yataq dəstlərinin olduğu görünürdü. Qalan yerlər (hər iki barakda cəmi 160 yer vardı) bomboş idi. Korpus 50 metr uzunu, 15 metr eni olan yataqxanadan, elə həmin ölçülər həcmində də həyətdən ibarət idi. Həyət asfalt idi və yaşıllıq barədə söhbət ola bilməzdi. Yalnız korpusun, həyətin baş tərəfində olan tualet və əlüzyuyan otağının, ondan sağda hamamın, daha sağda isə mətbəxin qapıları yaşıl rəngdə idi. Həyət hündürlüyü 7-8 metrlik hasarla əhatələnmişdi. Bizimlə üzbəüz, həyətimizi hündür divarları ilə qəti olaraq təcrid edən başqa bir korpus, arxasında da eyni qayda ilə “küsdürülmüş” digər korpus vardı.
ardı var