2016-cı ilin iyulunda müəmmalı şəraitdə dünyasını dəyişmiş 6 yaşlı Ramilə Abdulxaliqiəovanın ölümünə görə anasının birgə yaşadığı Elnar Hacıyev həbs olunub. Hazırda o, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
İttihama görə, Elnar Hacıyev 6 yaşlı uşağı döyə-döyə öldürüb. Səbəb də bu olub ki, Hacıyevin ayaqlarını yuduğu ləyəni uşaq aparanda su dağılıb.
Elnar Hacıyevə CM-nin 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Amma o, ittihamı qətiyyən qəbul eləmir. Deyir ki, uşaq pilləkəndən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
9 yaşlı uşaq ataya qarşı…
Hərçənd, hadisə vaxtı evdə olmuş, Elnar Hacıyevin 9 yaşlı doğma qızı Həcər də atasını günahlandırır. O, məhkəmədə dindiriləndə deyib ki, atası suyun dağılmasına görə Ramiləni döyüb, onun huşunu itirdiyini görəndə aptekə qaçıb, dərman alıb gətirib. Amma xeyri olmayıb. Bundan sonra atası nənəsi Almaz Hacıyevaya, uşağın öz anası Samirə Yarıyevaya zəng eləyib, onlar gəliblər.
Həcər Hacıyeva azyaşlı olduğundan anasının iştirakı ilə dindirilib. Elnar Hacıyev deyir ki, qızını onun əleyhinə keçmiş həyat yoldaşı Bülbül öyrədib. Yəni uşaq anasının təsiri altında yalan ifadə verir: “Anası bu uşağı mənə qarşı nifrətinə görə alətə çevirib”.
Elnar və Bülbül 2002-ci ildə ailə qurub, 2014-cü ildə boşanıblar. Onların birgə nikahdan biri oğlan, o biri qız olmaqla iki övladı var. Əvvəlcə uşaqlar anada qalıb. 2016-cı ilin martında atalarının yanına gəliblər. Elnar anasının evində yaşayır. Sonradan azyaşlı Ümid geri qayıtsa da, Həcər atası və nənəsi ilə birlikdə yaşayıb. Ya ki, iyulda bu hadisə baş verənə qədər…
Həcər Hacıyeva istintaqa ilkin ifadəsində 6 yaşlı Ramilənin pilləkəndən yıxıldığını deyib. Hətta anasının ifadəsində də var ki, hadisədən sonra qızı ilə ilk söhbətində Həcər ona uşağın pilləkəndən yıxılıb öldüyünü deyib. Amma anası ilə bir neçə gün birlikdə qalandan sonra prokurorluğa gedib, hadisəni atasının törətdiyi haqda ifadə verib.
Məhkəmədə hakimlər Həcərdən fərqli ifadə verməsinin səbəbini soruşanda cavab verib ki, əvvəlcə atası ona Ramilənin pillələndən yıxılıb öldüyünü deməyi tapşırmışdı.
“Qızım, axı hadisə olanda sən yatmışdın. Səni mən oyatdım. Sən heç görməmişdin. Niyə belə danışırsan? Sən heç nədən qorxma, nə olursa olsun, ata səni çox istəyir. Düzünü de…”, – Elnar Hacıyev məhkəmədə qızına belə deyib.
“Qızını niyə ona etibar eləmişdin?”
Bülbül özü də məhkəmədə ifadə verib. Məlum olub ki, uşaqlar indi heç onun da yanında deyil. Özü Bakıda gözəllik salonunda işləyir, uşaqlar isə Ucarda nənələri ilə qalır.
O, qızını atasının əleyhinə yönəltməsi haqda deyilənləri inkar edib. Keçmiş həyat yoldaşını tüfeyli biri kimi təqdim edən Bülbül bununla belə, onun heç vaxt uşaqlara əl qaldırmadığını, vaxtilə yaşadıqları evin pilləkənlərinin isə həqiqətən sürüşkən olduğunu da deyib.
Bülbül bildirib ki, keçmiş həyat yoldaşının Samirə Yarıyeva adlı qadın və onun azyaşlı qızı ilə birgə yaşadığından xəbərdar idi.
“Deyirsən ki, Elnar Hacıyev tüfeyli həyat sürürdü, üstəlik, o qadınla birgə yaşadığından da xəbərin vardı. Bəs niyə qız uşağını ona etibar eləmişdin?”, – hakimlərin bu sualına cavab olaraq Bülbül deyib ki, Həcər atası və nənəsi ilə qalmaq istəyirdi.
Ana övladına işgəncəyə görə həbsdə…
6 yaşlı Ramilənin öz anası Samirə Yarıyeva da hazırda həbsdədir. Ona qarşı CM-nin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.
Samirə Yarıyeva da təcridxanadan gətirilərəkməhkəmədə dindirilib. Məlum olub ki, o, dörd uşaqla həyat yoldaşından ayrılandan sonra Bakıya gəlib. Uşaqların üçünü uşaq evinə verib, bircə Ramiləni yanında saxlayıb. 2016-cı ilin yanvarında kafedə Elnar Hacıyevlə tanış olub. Elnar da anasına onu həyətlərində kirayə qalmaq istəyən qadın kimi təqdim edib.
Hadisə günü isə işdə olduğunu deyən Samirə Yarıyevanın sözlərinə görə, Elnar onun yanında övladına qarşı pis davranmayıb, uşaq evində olan digər uşaqlarına gedib birlikdə baş çəkiblər.
Hadisə günü Samirəni zəng edib evə çağırıblar. Ona da uşağın pilləkəndən yıxılıb öldüyünü deyiblər.
Uşağının meyitinı yola salıb, özü isə…
Uşağın meyitini Elnar Hacıyevin anası yumağa götürüb aparanda onlar hər ikisi evdə qalıblar. Hər ikisinin ifadəsində də var ki, onlar qalıb intim münasibətdə olublar. Samirə dindiriləndə prokurorun sualına cavab olaraq, Elnar bunu məhkəmədə də təsdiqləyib.
Bu hadisədə diqqətçəkən məqamlardan biri də uşağın meyitini dəfn eləmək üçün Ağsuya aparandan sonra Samirənin DİN-in “102 Zəng Mərkəzi”nə uşağını maşın vurub ölməsi haqda məlumat verməsidir. Bu hərəkətini isə məhkəmədə belə izah edib: “Qardaşım uşağın bədənini görəndə dedi ki, elə bil üstündən maşın keçib. Ona görə mən də elə dedim…”
Məhkəmədə dindiriləndə Samirə Yarıyeva uşağına işgəncə vermədiyini, onu döymədiyini deyib və ardından bayılıb.
Məhkəmə davam edir.
azadliq.info