Son repressiyalarla rejim özünə qarşı beynəlxalq təzyiqləri artırıb
Gözəl Bayramlı həbs ediləndə vә xüsusilə, gözü ayağının altını görməyən hakimiyyət Əfqan Muxtarlını Tbilisidən oğurlayaraq gətirəndə bu hərəkətlərin rejimə əlavə başağrısı yaradacağını yazmışdım. Bu gün Avropa Parlamenti Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə qəbul etdi. Qətnamədə Əfqan bəyin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Amma qətnamədə çox vacib olan digər çağırışlar da var.
Əvvəla, Gürcüstandan tələb olunur ki, bu ölkəyə sığınan dissidentləri qorusun. Bu çox mühümdür. Çünki rejimin başlatdığı “Gürcüstan şounun” əsas məqsədlərindən biri bu ölkәni özünün arxa baxçasına çevirmək idi. Alınmadı.
İkincisi, xeyli müddət idi ki, Qərb Azərbaycandakı rejimdən siyasi məhbusların azad olunmasını uca səslə tələb etmirdi, özləri dedikləri kimi, bu mövzunu daha çox bağlı qapılar arxasında müzakirə etməyə üstünlük verirdi. İndi isə Avropa Parlamenti başda jurnalist və yazarlar olmaqla, bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırıb. Yada salaq ki, Gözəl xanımın və Əfqan bəyin həbsindən sonra Avropa Birliyi və ABŞ Dövlət Departamenti də tәkidlә bütün siyasi məhbusları azad etməyə çağırıb. Demәli, rejimin son həbsləri ölkədəki siyasi məhbus mövzusunu yenidən dünyanın gündəminə qaytara bilib.
Üstəlik, Avropa Parlamenti hökumətin müxalif saytları bloklamasını da pisləyib, saytların normal fəaliyyətinə şərait yaratmağa çağırıb.
Avropa Parlamenti Mehman Qələndərovu da unutmayıb, onun həbsxanada müəmmalı ölümünün (və ya öldürülməsinin) araşdırılmasını tələb edib.
Göründüyü kimi, son həbslər, “Gürcüstan şou” nəinki müxalifəti qorxuda vә sudura bilməyib, əksinə, rejimin özünə qarşı beynəlxalq təzyiqləri artırıb.
Avropa Parlamentinin qətnaməsində bir mühüm məqam da var: Parlament Avropa Birliyi və Azərbaycan arasında yeni əməkdaşlıqla bağlı razılaşmanı yada salıb bildirir ki, demokratik islahatlar, qanunun aliliyi, yaxşı dövlət idarəçiliyi, insan haqları və fundamental azadlıqlar yeni razılaşmanın kökündə dayanır vә razılaşmadan əvvəl danışıqlar boyunca situasiyanı yaxından monitorinq edəcək. Bu da o deməkdir ki, rejimin Avropa Birliyi ilə bu payızda imzalanacaq Strateji Tərəfdaşlıq haqda sazişi enerji və təhlükəsizlik məsələlərilə məhdudlaşdırmaq istəyi baş tutmayacaq.
Bütün dünya, ən əvvəl də xalqımız Azərbaycandakı rejimdən demokratik açılım istəyir. Divardan tuta-tuta nə qədər gedəcəklәr ki? Üstəlik də boş xəzinə və xirtdəyə qədər borcla.