«Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların «ratovirus»la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir».
Bunu APA-ya Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib.
İ.Abdullayev bildirib ki, «Azərsu» ASC-nin işçiləri ilə birgə Sumqayıtın uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərində su nümunələri götürəcəklər. Bu prosesin bir neçə gün davam etdiriləcəyini deyən İ.Abdullayev vurğulayıb ki, əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir. Çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır.
Onun deməsinə görə, hazırda suda heç bir problem yoxdur və dövlət standartlarının tələblərinə cavab verir:
«İyunun 9-dan sonra aparılan müayinələrdə suyun tərkibində heç bir problem aşkarlanmayıb. Amma problemin iyunun 7-də, 8-də, 9-da baş verdiyi də məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub, hazırda isə belə bir problem yoxdur. Amma biz bu vəziyyəti nəzarətdə saxlamaq məqsədilə müayinələri davam etdiririk. 10-15 gün ərzində müayinələr mütəmadi olaraq aparılacaq».
Nazirlik: Uşaqları ‘rotavirus’ infeksiyası zəhərləyib
Sumqayıt şəhərində zəhərlənən uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə «Rotavirus» infeksiyası aşkar edilib.
Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Nazirlik bildirir ki, sözügedən virus fəsil dəyişkənliyi ilə əlaqədardır. Həmin virusa uşaqlarda, habelə immuniteti zəif olan insanlarda rastlanır.
«Rotavirus» özünü qızdırma, qusma ilə büruzə verir. Bu simptomlar 48 saatdan az davam edir. Qusma, ishal südəmər uşaqlarda bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir.
Nazirlik virusun yayılma yolunun, əsasən, su olduğunu nəzərə alaraq, infeksiyanın baş verməsinə səbəbin də paylayıcı su şəbəkəsi olduğunu ehtimal edir.
Nazirlik bildirir ki, son dörd gün ərzində ümumilikdə 136 uşaqda «Rotavirus» aşkar edilib. Onlardan 46-sının stasionar müalicəsi hazırda davam etdirilir. Müalicəsi davam etdirilən uşaqların vəziyyətlərinin kafi olduğu bildirilir.
***
Səhiyyə Nazirliyi Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan onlarla uşaqda Rotavirus infeksiyası aşkar edildiyini bildirib.
“Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur”, – Nazirliyin bəyanatında belə deyilir.
İnfeksiya baş verən ərazidə profilaktik tədbirlər, əhali arasında sanitariya-müalicə işləri davam etdirilir.
Nazirlik onu da bildirib ki, hadisə baş verən ərazidə suyun təmizlənməsi, zərərsizləşdirilməsi tədbirləri “ciddi nəzarətə” götürülüb: “Aparılan labotaror müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir”
Bundan əvvəl Azərsu Açıq Səhmdar Cəmiyyəti uşaqlarda mədə-bağırsaq infeksiyasının səbəbinin “su olmadığını” bildirib.
Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri baş verib. Hazırda onlardan 46-sı xəstəxanada müalicə alır və vəziyyətləri “kafidir”.
Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı bazar günü BBC Azərbaycancaya deyib ki, Tağıyev qəsəbəsi və ətraf ərazilərdən götürülən nümunələrin müayinə nəticələrinə görə suyun tərkibində heç bir dəyişikliyin olmadığı, mayenin norma və standartlara cavab verdiyi üzə çıxarılıb.
“İyunun 8, 9 və 10-da apardığımız müayinələrə görə suda heç bir problem aşkarlanmayıb”, – cənab Cəbrayıllı bildirib.
“İnfeksiyanın sudan da, qidadan da düşə biləcəyini” bildirən cənab Abdullayev bütün uşaqlardan nümunələrin götürüldüyünü və nəticələr məlum olandan sonra dəqiq səbəblərin bilinəcəyini deyib.
***
«Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 50 uşağın müalicəsi davam edir».
Bunu Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun deməsinə görə, həmin uşaqların hamısında eyni hallar baş verib:
«Uşaqların hamısında eyni hallardır, qusma, qarınişləmə (ishal), hərarətləri var».
L.Bayramova deyib ki, bu kütləvi xəstəliyin səbəbi bu gün, iyunun 12-də bilinəcək. Günortadan sonra laboratoriya analizlərinin nəticələri təqdim olunacaq və bu məsələ üzrə yekun açıqlama veriləcək.