Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Elə həmin gün Ilhamı da başqa kameraya köçürdülər. O, 6 ay iş almışdı və üzbəüz iki nəfərlik kameraya yerləşdirilmişdi. Kamerada hamı məni 10-cu zona düşməyim münasibətilə təbrik etdi – hətta starşina da! Bir-iki günə buradan getməli idim. Amma bu bir-iki gün bir həftədən artıq yubandı. Narahat olmağa başlamışdım.
Günlərin birində axşam yoxlamasından sonra nəzarətçilər adi qaydada sabahkı “etap”ı elan etdikləri zaman mənim də adımı çəkdilər. Dəqiqləşdi. Sabah zona gedəcəkdim! Çox narahat duyğular vardı içimdə. Orada nələr olacaq, kimlər olacaq? Münasibətlərim alınacaqmı? Burada qapalı kamerada beş-altı adamla yola getmək asandır, amma orada, açıq zonda yüzlərlə dustağın arasında baş saxlamaq o qədər də asan olmaya bilər. Üstəlik, qanuni oğrunun olduğu zondur. Hər hansı ciddi mübahisə yaransa, qanuni oğru da mənim yox, sıradan cinayətkarın mövqeyini müdafiə edə bilər. Nə qədər isti münasibətlər olsa da, mən bu mühitdə yad adam sayılıram. Bu yadlıq oradakı münasibətlərin formalaşması prosesində hansı rolu oynayacaq?
Doğrudur, zonlarda ümumi qaydalar barədə təsəvvürüm yaranmışdı. Bilirdim ki, orada məni qarşılayacaq adamlar var. Bu adamlar kimlər ola bilər? Mənim üçün şamaxılılar. Zonlarda yeni etapı “əhl” qarşılayır. Hər rayonun amorf bir təşkilatı var. Doğrudur, həbsxanalarda zonalar üzrə birləşmə pis şey sayılır. Yaxşı oğlan yaxşı oğlandır, pis oğlan da pisdir. Amma “əhl” qrupları zona yeni düşən adamları qarşılamaq, onları içəridə sərbəst həyata hazırlamaq, ehtiyacı varsa, ilkin zəruri əşyalarla təminatına baxmaq, qərəz, “qəbul etmək” işinə baxırlar. Açığı, özümün nə qədər şamaxılı, nə qədər başqa rayondan olduğumu fərqləndirmək kimi məsələnin üzərində bu qədər baş sındırmamışdım. Əlbəttə, şamaxılıyam, orada doğulmuşam, orada hədd-buluğa çatmışam, amma bu vaxta qədər hər hansı başqa bir rayondan olan adamla şamaxılı arasında hansısa psixoloji konstruksiya fərqini təsəvvür etməmişəm. Burası türmə; burada mövcud qaydaların içində olacaqsan və bu qaydalara qarşı getmək xüsusi parlaq perspektivlər doğura bilməz. Burada cinayətkar təfəkkürün daşıyıcısı olmağa ehtiyac yoxdur, amma özünün cinayətkar olmadığını da kiminsə gözünə soxmağa ehtiyac yoxdur. Azad və sərbəst ol, səni necə tanıya biləcəklərsə, eləcə də tanıyacaqlar. Başlıca məsələ budur ki, özün-özünü tanımaqda çətinlik çəkməyəsən…
“Türmə akademiyadır” sözlərini hərfi və ya məcazi mənada başa düşmək üçün gərək buradakı həyatı bir tərz olaraq qəbul edəsən, bu həyat tərzini davamlı və daimi izləyəcəyini zərurət kimi seçəsən. Türmə oraların daimi sakinləri üçün akademiyadır. Görünür, elə buna görə də post-sovet məkanının adamları üçün həbsxana akademiya, universitet, ən aşağısı, elə həyat məktəbi olaraq müəyyənləşib. Sovet məkanında adamları həbsxanadan qoruyacaq ciddi bir mexanizm yox idi. Azərbaycanda belə bir mexanizm indi də yoxdur və ona görə də bu ifadə aktuallığını qoruyub saxlayır – ictimai nəzarətin olmadığı bütün ölkələrdə və yerlərdə olduğu kimi. Azərbaycanda ictimai nəzarət yalnız həbsxanalarda var, amma bu ictimai nəzarət “icmaya nəzarət”, yaxud ?icmanın özü-özünə nəzarəti” şəklində mövcuddur. Bu, ictimai qınağın mövcudluğunu qoruyub saxlayan yeganə mexanizmdir.
Həbsxanalardan bayırda ictimai qınaq yoxdur, axı! Buna görə də konyunktura, karyera, ailəni saxlamaq, “uşaqların naminə” kimi məqsədlər üçün hər cür şərəfsizlik açıq elan edilir. Əlbəttə, həbsxana adamları da bu cəmiyyətin içindən seçilib oraya təşrif aparanlardır və orada da bu cür elementlər var. Amma bu cür davranışlar orada element şəklində, təsadüflər şəklində var, mövcudluq və icma həyatının təşəkkülü şəklində deyil.
Həbsxana hələlik, daşlaşmış mühüm davranış normalarının bu və ya digər formada qorunub saxlandığı yerdir. Bunların pismi, yaxşımı olduğu bir yana qalsın; başlıcası budur ki, bunlar sabit dəyərlərdir, normalardır. Bu normalar orada icmanın və fərdin etik qaydalarını müəyyən edir. Bu qaydalardan qırağa çıxmaq yalnız o halda məqbul sayılır ki, bu qaydalardan qırağa çıxmadığını sübut edə biləsən. Əlbəttə, kimlərsə işini-gücünü buraxıb hər kəsə və hamıya nəzarət etmir, hamıya irad tutmaq missiyası olan xüsusi nəzarət orqanı yoxdur. Amma həbsxana ümumi göründüyü qədər də xüsusi bir yerdir, mikromühitlərdən ibarətdir və bu mikroicmalar hansısa fərdin davranışlarını istənilən zaman ümumi müzakirələrin predmetinə çevirə bilər. Bu normaların nədən ibarət olduğunu əzbərləməyə də çalışmayın. Bunlar insan cəmiyyətinin adi etiketləridir. Əlbəttə, çoxlarına təəccüblü gələ bilər ki, axı, bu adamlar cinayətkarlardır, ictimai davranış normalarını pozduqlarına görə oraya salınmış adamlardır, necə ola bilər ki, orada ideal birgəyaşayış nümunələri olsun? Doğrudur, burada hamı cinayətkardır, ona görə də burada çox qəddar və sərt normativlər var.
Burada ümumi olanla xüsusinin arasında görükən sərhədlər var. Amma bu sərhədləri görmək üçün gərək mövcud olduğun yeri, sahib olduğun ərkin dərəcəsini dəqiq biləsən. Pal-paltarın sənindir, buna kimsənin iddiası yoxdur. Evdən gətirilmiş yemək heç bir halda ictimai deyil, amma sənin məxsus olduğun mikromühitin daxilində ümumidir. Daim bir yerdə oturub yemək yediyin adamlar sənin “xlebnik”lərin adlanırlar; bu, məxsus olduğun həbsxana ailəsidir və sənə məxsus olan bütün növ ərzaq bu ailənin ümumi malıdır. Siqaret də buraya daxildir. “Ailə”yə daxil olmayan heç bir şəxs hər hansı ehtiyac motivini əsas gətirərək sənə məxsus olan ərzağı icazəsiz götürə bilməz. Əgər kimsə qolunun zoruna güvənib belə edirsə, bu, “bespredel” adlanır və həbsxana qaydalarına əsasən sorğulana, cəzalandırıla bilir. Əgər kimsə oğurlayırsa, bunu “krısalıq” adlandırırlar, belələri hətta sorğu-sualsız da vurula bilərlər. Vurmaq adamın ağız-burnunu əzmək anlamına gəlmir. Normalda suçunu tutduğun adamın boynunun arxasına yüngülcə bir şapalaq ilişdirmək də ağır cəzadır və vurulmuş adam həbsxana həyatının sonuna qədər bəraət almaqda çətinlik yaşayır.
Yalnız sənə dəxli olan söhbətlərə burun soxacaqsan. Bu, həm də təhlükəsizlik üçün lazımdır. Özünü ağıllı sayıb başqalarının mübahisəsinə qoşulsan, dərhal tərəfə çevriləcəksən və tərəfin uduzduğu bütün parametrlər üzrə sorğulanacaqsan. Bu o demək deyil ki, səni hər hansı mübahisəyə qoşulmağa dəvət edirlərsə, hökmən oraya qatılmalısan, hərçənd bu cür hallarda yaxanı qırağa çəkməyin də çox düşünülmüş və əsaslandırılmış arqumentləri olmalıdır. “Mujik”lərin söhbətindən yaxanı qaçırmaq özünü “mast”ından qoparmaq kimi qiymətləndirilə bilər. Bu halda, üzərinə gələn sorğulardan biri belə olar: “Muciklərin” söhbətinə girmədiyinə görə səni hansı “mast”dan sayaq?” Özünə oğru deyə bilməyəcəksən. “Mujik”likdən aşağısı isə bu və ya digər dərəcəli həqarətli səviyyələrdir.
Ümumiyyətlə, səni seçim qarşısında qoya biləcək situasiyalardan yayınmağı bacarmalısan. Səni seçimə təhrik edənləri sualla qarşılamaq üçün həmişə hazırlığın olmalıdır: “Mənə şərt qoymaq haqqın varmı?” iradı hər zaman səni təhrik edənlərin qarşısına hazır şəkildə çıxarılmalıdır. Amma sən bu sualı yalnız uduşlu və ya uduşlu kimi yozula biləcək bitərəf mövqedə olduğun zaman qoya bilərsən. Müzakirələrə qatıldıqdan və tərəf olduqdan sonra özünü təmizə çıxarmağa çalışma, opponentlərini bəraət axtarışına vadar et!
ardı var