Bu günün ilk informasiya dozasını qəzetlərdən birinin saytından müharibənin başlaması xəbəri ilə aldım. Demək, Lazım artıq ölkəmizdədi. Bəlkə də lap elə Bakının özündə.
Sayt xəbər verir ki, bir neçə gün əvvəl Bakıya – Dərin Dəniz Özülləri Zavodu istiqamətinə bir neçə gəmi yan alıb. Hadisəni izləmək fürsəti olan bu qeyri-rəsmi mənbə deyir ki, onların rus gəmiləri olduğu görünürdü. Gəmilər sahilə yan alandan sonra əsgərlər ərazini tam əhatəyə alıblar, yüksək rütbəli zabitlərin də əraziyə gəldiyi müşahidə olunub. Gəmilərdən yükləri boşaltmağa başlayıblar və bu yüklərin arasında, mənbənin öz ifadəsi ilə desək, “altında az qala 100 təkəri olan avtomobillərin üzərində quraşdırılmış böyük raketlər” də olub. Gəmilərdən onlarla belə raket, həmçinin içərisində nə olduğu bilinməyən, ancaq hərbi yük olduğu görünən böyük qutular boşaldılıb.
Məlumatı verən qaynaq yüklərin boşaldılmasında iştirak edən zabitlərdən birinin yanındakına “Bunlar bilirsən nə deməkdir? Müharibə başlayır”, – dediyini də eşidib.
Əslində, gələnin 100 təkərli avtomobil deyil, Lazım olması dərhal anlaşılır. Indi ölkə həyatının hər sahəsində Lazımın gəlişi hiss olunmaqdadı və bütün bunlar da müharibənin hər an başlaya biləcəyinə inamı artırır.
Dükan-bazarda hər şeyin bahalaşması da müharibənin başlayacağına işarədi. Yoxsa durub-dururkən bu hakimiyyət heç vaxt bahalıq yaranmasına imkan verməzdi. Sadəcə, Lazımın gəlişi işləri korlayıb.
Benzinin od qiymətinə qalxması da ciddi siqnaldı. Hamıya gün kimi aydındı ki, benzinsiz müharibə olmur. Yanacağın qiyməti də ona görə qalxıb ki, benzinə qənaət olunsun. Hərə 1 litr az benzin alanda görün nə qədər irəli düşmək olar! Zarafat deyil, bir avtomobilin ki, 100 təkəri ola, ona yanacaq çatdırmaq olar? Ona görə də benzinin bahalaşması məsələsini də bir bu qədər açıb-ağartmaq lazım deyil.
Nemət Pənahlının həbsi də elə 1 nömrəli hərbi hazırlıqla bağlıdı. Müharibə başlayacağı təqdirdə bütün azadlıq aşiqləri içəridə, təhlükəsiz zonada olmalıdı. Yoxsa yüz dənə təxribatçı var. Bir də gördün, müharibə qarmaqarışıqlığından istifadə eləyib azadlıq aşiqinə xətər yetirdilər. Onsuz da bu ölkədə hamının hamıda hayıfı var. Baxdın ki, Nemətin dediyi son sözdən – həyatının yeganə səhvini dilə gətirməsindən istifadə eləyib, başına bir iş gətirdilər, cinayəti də atdılar hakimiyyətin üstünə. Odur ki, müharibə başlayar, Nemətin təhlükəsizliyi ilə məşğul olmaq yaddan çıxar deyə, içəri yerləşdiriblər. Belə lazımdı yəqin.
Islam Partiyası sədrinin həbsi də elə Lazımla bağlıdı. Bu arada ordumuz 3 avtomat gilizi, 7 əl qumbarası irəli düşüb. Bu sursatla nə qədər düşməni zəbun eləmək olar! QMI və DIN partiya sədrinin cihad çağırışlarından xəbər verir. Axı insafən deyəndə, ölkədə eyni vaxtda iki cihad olarmı? Əsil cihad bu dəqiqə hakimiyyətin başladacağı cihaddı – yağı düşmənlərə qarşı. Yoxsa Birinci Dünya Müharibəsində Lenin müharibə getdiyi çağda ortaya çıxdı və dünya müharibəsini vətəndaş müharibəsinə çevirmək çağırışları elədi – nəticəsini də hamı bilir. Belə lazım deyil.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya, Faiq Ağayevin onu bıçaqlayanlarla bağlı məhkəməyə gəlməməsi də mənə elə gəlir ki, Lazımın gəlişi ilə birbaşa bağlı məsələlərdi.
Bu arada AYO-da baş verən təlatümlər də mütləq müharibənin başlayacağından xəbər verir. 1 nömrəli hərbi hazırlıq məsələsi isə çox güman ki, Rasim Qaracanın ideyası olmalı…