“Demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma bizim münasibətlərimizdə vacib məqamdır”. Bunu Azərbaycana səfər edən Avropa Komissiyasının sədri Joze Manuel Barrozu yanvarın 13-də Bakıda ölkə başçısı İlham Əliyevlə birgə keçirdikləri mətbuat konfransında deyib.
Barozzu bildirib ki, Əliyevlə görüşü “çox açıq və səmimi” şəraitdə keçib, onlar “olduqca strateji əhəmiyyət daşıyan” məsələləri müzakirə ediblər. O, müzakirə olunan məsələlərin həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb.
“Bu gün prezident bildirdi ki, o, Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamlandırıcı amil kimi qəbul edir. Bu, əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma – bunlar bizim münasibətlərimizdə vacib bir məqamdır”, – deyə Avropa Komissiyasının sədri bildirib.
Barozzu Avropa İttifaqının ikitərəfli tərəfdaşlıq kimi Azərbaycanla yeni Assosiasiya Sazişi üzrə danışıqlara başladığını da deyib. “Məqsəd bizim strateji əlaqələrimizi daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlayacağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaq”, – deyə o, qeyd edib.
Avropa Komissiyasının sədri Azərbaycanla enerji sahəsində əməkdaşlığın da yaxşı quruluğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşıdır: “Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Azərbaycan hələ 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqd. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir”.
Barozzu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa İttifaqının mövqeyini də diqqətə çatdırıb. “Münaqişənin həllində irəliləyişin olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. Buna görə də ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir.
Bildiyiniz kimi, Avropa İttifaqı da öz səylərini göstərir. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. Çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacağıq və ondan sonra da bərpa işlərini görəcəyik”, – deyə o bildirib.