Xarici səfərinin son mərhələsində ABŞ prezidenti Donald Trump G7 sammitində dünyanın aparıcı iqtisadiyyatlarını təmsil edən liderlərlə görüşməlidir.
İtaliyanın Siciliya adasında keçirilən sammitdə qlobal ticarət və iqlim dəyişkliyi kimi məsələlər ətrafında gərgin müzakirələrin aparılacağı gözlənilir.
G7 klubuna Kanada, Fransa, Almaniya, Italiya, Yaponiya, Britaniya və ABŞ daxildir. G7 sammitində eləcə də Aİ rəsmiləri iştirak edir.
Qrupun liderlərindən 4 nəfər, o cümlədən prezident Trump və Britaniyanın baş naziri Theresa May, danışıqlarda ilk dəfə olaraq iştirak edirlər.
Donald Trump G7 sammitinə qatılmamışdan əvvəl Brüsseldə, NATO sammitində alyans üzvlərini müdafiə xərclərinə kifayət qədər vəsait ayırmadıqlarına görə qınayıb.
G7 sammitində Trump-ın əvvəlcədən bəyan etdiyi mövqedən çıxış edəcəyi gözlənilir.
Güman edilir ki, iştirakçılar ekstremizmlə mübarizədə ciddi tədbirlərin görülməsi ilə yanaşı Şimali Koreyanın yaratdığı təhlükəni Yaponiyanın baş naziri ilə ətraflı müzakirə etmək niyyətindədirlər.
Ən aktual məsələlər hansılar olacaq?
İqlim dəyişikliyi və qlobal ticarət kimi məsələlərdə ziddiyyətlərin üzə çıxacağı ehtimal olunur.
Prezident Trump-a, qlobal istiləşməyə dair 2015-cil il Paris iqlim sazişindən ABŞ-ın çıxmaması barədə çağırış ediləcəyi gözlənilir.
Eyni zamanda, ABŞ prezidentinin qlobal ticarətdə proteksionizmi məhdudlaşdırmaq istiqamətində təşəbbüslərə müqavimət göstərəcəyi deyilir.
Seçki kampaniyası zamanı Donald Trump iqlim müqaviləsindən ABŞ-ın çıxacağına söz versə də, qərarını o zamanadan bəri təxirə salıb.
Eyni zamanda, Donald Trump seçki kampaniyası zamanı ABŞ-ın daxili bazarını qorumaq məqsədi ilə Almaniya ilə avtomobil ticarətində gömrük rüsumlarına yenidən baxılacağını vəd etmişdi.
Prezident Trump özünün bu niyyətini Almaniyanın NATO və ABŞ-a böyük borcu olduğu ilə əsaslandırmışdı. (BBC azeri)