Bu il Azərbaycanda Ramazan ayı miladi təqvimlə mayın 27-də başlayacaq. Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib.
Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcəkdir. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq: “Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulmuşdur. Müqəddəs Kitabımız Qur`ani-Şərifdə Allah-Təalanın hökmü belədir: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar» (Bəqərə, 185). Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-taalaya aid olduğu və mükafatının da məhz Uca Allahın Özü tərəfindən veriləcəyi bildirilmişdir.
Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – Qur`anı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.